Musavat.com xəbər verir ki, ABŞ Dövlət Departamenti Azərbaycan və Ermənistan arasında gözlənilən sülh sazişi və Zəngəzur dəhlizi məsələsinə dair yeni açıqlama yayıb.
Brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Tommi Pigott Vaşinqtonun bu prosesi yaxından izlədiyini və qətiyyətlə dəstəklədiyini bildirib.
“ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Marko Rubio dəfələrlə bu sülh sazişinin yaxın vaxtlarda imzalanacağına ümid etdiklərini bəyan ediblər. Onlar çıxışlarında bu məqama xüsusi vurğu edirlər. Dövlət katibi bu mövzunu hər fürsətdə önə çəkir”, – deyə Tommi Pigott bildirib.
Mətbuat konfransında səsləndirilən suallar arasında Zəngəzur dəhlizi və bu dəhliz üzrə ABŞ-ın rolu, həmçinin sülh sənədinin Ağ Evdə imzalanma ehtimalı da yer alıb. Dövlət Departamentinin rəsmisi bu barədə detallı danışmaqdan çəkinərək, “Ağ Evdə keçiriləcək görüşün nəticələrini gözləyin” – deyə cavab verib.
Ekspertlər Vaşinqtondan gələn bu siqnalları, xüsusilə Tramp və Rubio kimi fiqurların adbaad prosesi dəstəkləməsini, regionda diplomatik dönüş nöqtəsi kimi qiymətləndirirlər.