Yer kürəsində artıq yeni fəsillər formalaşıb. Yeni fəsillərin yaranmasına ən çox insan fəaliyyəti təsir edib.
Reyting.az "Live Science" nəşrinə istinadla xəbər verir ki, bunu Böyük Britaniyadan olan elm adamları bildiriblər.
Britaniyalı alimlər - London İqtisadiyyat Məktəbi və York Universitetindən olan tədqiqatçılar müəyyən ediblər ki, Yer planetində iki yeni fəsil yaranıb. Onlar dünyanın müxtəlif bölgələrində fəsillərdə baş verən köklü dəyişiklikləri araşdırandan sonra bu qənaətə gəliblər.
Alimlərin sözlərinə görə, insanlar demək olar ki, Yerin təbii ritmlərini köklü şəkildə dəyişiblər. Bu isə yeni fəsillərin - dumanlı və zibil fəsillərinin yaranmasına səbəb olub.
Birinci fəsil, yəni çox dumanlı hava şəraiti hər il Cənub-Şərqi Asiyanın bir çox ərazilərində müşahidə edilir. Bunun da əsas səbəbi Hindistandakı məhsul qalıqlarının yandırılması, eləcə də İndoneziyada, həmçinin Malayziyada torf sahələrinin təbiətin qoynunda, yəni açıq sahələrdə yandırılmasıdır.
Zibil fəsli isə dekabrdan martadək Balidə müşahidə olunur. Alimlərin izahına görə, bu dövrdə güclənən musson küləkləri və okean axınları sahillərə tonlarla plastik tullantı gətirir. Statistikaya görə, təkcə 2025-ci ilin üç ayı ərzində sahillərdən 3 min tondan çox tullantı toplanıb. Bənzər hallar Filippin, Tailand, ABŞ-da da qeydə alınıb.
Alimlər bildiriblər ki, ənənəvi fəsillər tədricən yox olmağa başlayır. Bu proses artıq aydın şəkildə sezilir.
Məlum olub ki, hətta Alp dağlarında belə qış çox qısalıb və əvvəlki qədər bol qar yağmır. Bundan əlavə, fəsillər getdikcə daha çox ekstremal hava hadisələri ilə də müşayiət olunur.
Tədqiqatçılar "aritmik" fəsillər anlayışını da təqdim ediblər ki, bu zaman müəyyən fəsillərə xas olan hadisələrin vaxtı dəyişir. Bu, quşların miqrasiyasına, çiçəklənməyə, yarpaq tökülməsinin başlanmasına və bir sıra belə hallara mənfi yöndə çox böyük təsir göstərir. Belə dəyişikliklər ekosistemləri pozur və milyonlarla insanın sağlamlığına təhlükə yaratmaqla bərabər, həm də bir çox sahələrə, əsasən də iqtisadiyyata zərər vurur.