Zəngəzur dəhlizi ətrafında müzakirələr son günlərdə yenidən intensivləşib. Xüsusən, dəhlizə nəzarətin ABŞ-yə məxsus özəl şirkətə həvalə edilməsi ilə bağlı iddialar regional ölkələrin reaksiyalarına səbəb olub. Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Zəngəzur dəhlizinin Ermənistan və Azərbaycanın suveren məsələsi olduğunu bəyan edib. Aydın məsələdir ki, prosesin bu cür cərəyan etməsi heç də Moskvanın marağına cavab vermir. Rusiya dəhlizin Bakı, İrəvan və Moskva arasında üçtərəfli müqaviləyə əsasən realizə olunmasında israrlıdır. Ermənistan isə uzun müddətdir imza atdığı bu sənədin işıq üzü görməsinə imkan verməməyə çalışır. Prezidentin köməkçisi Hikmət Hacıyev də ABŞ şirkətinin Zəngəzur dəhlizi layihəsində roluna dair yayılan xəbərlərə münasibət bildirib. H.Hacıyev deyib ki, bu, Ermənistanın qərar verəcəyi məsələdir. O vurğulayıb ki, əgər ABŞ şirkətləri ilə işləyirlərsə, bu, onların işidir: "Biz isə öz üzərimizə düşəni edirik. Gürcüstan, İran və Rusiya ilə nəqliyyat əlaqələrimizi gücləndiririk. Bu layihələr bütün bölgəyə fayda verəcək. Əgər Ermənistan istəsə, biz trans-Qafqaz dəhlizi üzərində birgə işləməyə hazırıq".
Türkiyənin nəqliyyat və infrastuktur naziri Abdulkadir Uraloğlu deyib ki, Ankara Zəngəzur dəhlizi ilə bağlı məsələyə töhfə verməyə çalışır. O bildirib ki, Azərbaycan və Ermənistan bu məsələ ətrafında lazımi müzakirələri davam etdirir: "Güman edirəm ki, bu məsələ çox uzun çəkmədən həllini tapacaq. Beləliklə,Türk dünyasına daha qısa yol açılacaq". Nazir söyləyib ki, nəqliyyat dəhlizləri Türkiyə üçün vacibdir: "Azərbaycan həm quru, həm də dəmiryolu ilə bağlı işlərini davam etdirir. Biz də Qars-İğdır-Naxçıvan xətti ilə bağlı işlərə bu il başlayırıq". Özbəkistan Nəqliyyat Nazirliyinin hesabatında da deyilib ki, Zəngəzur dəhlizinin açılması onun marşrutu boyunca yerləşən ölkələrə xeyli fayda verəcək. O bildirib ki, dəhliz Azərbaycandan Türkiyəyə marşrutu qısaltmağa imkan verir: "Mövcud Bakı-Tbilisi -Qars marşrutu çərçivəsində yük qatarları Gürcüstan ərazisindən təxminən 250 km məsafə qət edir. Yeni marşrut xeyli qısaldılıb. Azərbaycanla sərhəd Ağbənd kəndinə gedən yolların tikintisi başa çatdıqdan sonra Azərbaycanla Türkiyə arasında məsafə 343 kilometr qısalacaq. Bu, vaxta və maliyyə xərclərinə qənaətə gətirib çıxaracaq, həmçinin Gürcüstandan keçən marşrutla müqayisədə malların çatdırılma müddətini təxminən bir gün azaldacaq".
Bakı Politoloqlar Klubunun rəhbəri, siyasi elmlər namizədi Zaur Məmmədov Sherg.az-a deyib ki, Paşinyanın Rusiyaya səfəri, Baş nazir M.Mişustinlə görüşü, 2026-cı ildə keçiriləcək seçkiöncəsi Ermənistanda baş verənlər göstərir ki, Paşinyan öz hakimiyyətini qorumaq üçün Zəngəzur dəhlizinin açılmasını ən azından 1 il müddətinə yubadacaq. Ekspertin sözlərinə görə, Bakı ABŞ və Ermənistan arasında dəhlizlə bağlı müzakirələri fəlakət kimi qəbul etmir. Çünki söhbət məhz İrəvanla Vaşinqton arasındakı razılaşmadan gedir:
"Bu məsələ İrəvan, Vaşintqon və Bakı arasında müzakirə predmeti deyil. Zəngəzur dəhlizinin Ermənistandan keçəcək 42 kilometr hissəsi indiki Ermənistan Respublikasının ərazisi sayılır. Ona görə də kimin ermənilərə dirijor olması, kurasiya etməsi, erməni tərəfində nəyəsə nəzarət funksiyası birbaşa İrəvan hökumətinin məsuliyyətindədir. Azərbaycan heç zaman qonşuların milli maraqlarına cavab verməyəcək addımlar atmayıb. Öz milli maraqlarımızı həyata keçirməklə bərabər hər zaman xarici siyasətdə çalışmışıq ki, qonşuların sərhədlərini aşacaq məqamlarla bağlı qərarlar olmasın. Bunun nəticəsidir ki, Azərbaycan Qoşulmama Hərəkatının üzvüdür. Bakı beynəlxalq siyasi-hərbi təşkilatların regiondakı varlıqları ilə bağlı tamamilə rasional addımlar atır".
Z.Məmmədov qeyd edib ki, Paşinyan dividend qazanmağa çalışır:
"Şübhə yox ki, dəhlizlə bağlı Ermənistan və ABŞ rəhbərliyinin nümayəndələri arasında müəyyən razılaşma olub. Əgər razılaşma olmasaydı, Donald Tramp tərəfindən Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı tvitlərin şahidi olmazdıq. Tramp administrasiyasının sülhə bağlı bəyanatı yayılmazdı. Deməli, bağlı qapılar arxasında, hələ Əbu-Dabi görüşünədək İrəvan hökuməti Vaşinqtonla müəyyən anlaşmalara gedib. Bu razılaşma da Zəngəzur dəhlizi ilə bağlı olub. Reallıq odur ki, Azərbaycan tərəfi sülh və dəhliz məsələsində tam səmimidir və reallaşdırmağa hazırdır. Əfsuslar ki, Ermənistan hələ də vaxtı uzadır və özünü rasional aparmır. Belə davam edərsə, Ermənistan dəhliz məsələsində yenə də özünü təcrid edəcək. Növbəti dəfə kommunikasiya xəttindən kənarda qalacaq. Azərbaycanın onsuz da Avropa ilə əsas ticarət yolu Gürcüstan üzərindəndir. Dünənədək Zəngəzur dəhlizi yox idi, amma Azərbaycan öz maraqlarını həyata keçirirdi. Bundan sonra da elə olacaq. Ancaq inanıram ki, gec-tez dəhliz açılacaq. Əsas məqam dəhlizin hansı yollarla açılmasıdır. Bir yandan Ermənistan rəhbərliyinin üçtərəfli bəyanatda öhdəliyi var, digər tərəfdən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqəni pozmağa Ermənistanın nə tarixi, nə də siyasi haqqı var. Bəzi qüvvələr, o cümlədən Rusiya Zəngəzur dəhlizinin açılmasına qarşıdırsa, başa düşməlidirlər ki, bu məsələdə gec-tez Azərbaycan və Ermənistan razılığa gələ bilərlər. Belə olan təqdirdə etiraz edən dövlətlər prosesdən kənarda qalacaqlar".