“Zəngəzur dəhlizi hətta bir aydan sonra da açıla bilər. Amma bunun üçün Ermənistanın bu məsələyə praqmatik yanaşması vacibdir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, bu, ikitərəfli formatda həll edilməlidir:
“Zəngəzur dəhlizinin açılması Azərbaycanla Ermənistan arasında ikitərəfli formatda həll edilməsi gərəkən bir məsələdir. Bunun üçün Ermənistan Azərbaycanın tələblərini yerinə yetirməli, Minsk qrupunun ləğvi və Ermənistan konstitusiyasından Azərbaycanla bağlı ərazi iddiaları çıxarılmalıdır. Bundan sonra tərəflər danışıqlar masası arxasına əyləşərək həm sülh müqaviləsini imzalaya, həm də Zəngəzur dəhlizi ilə bağlı məsələnin həllinə nail ola bilərlər”.
Ekspert qeyd edib ki, bütün digər məsələlərdə olduğu kimi, Zəngəzur dəhlizi məsələsində də kənar güclərin regiona müdafiləsi arzuedilən deyil:
“Bir üddət bundna öncə ABŞ bəyan etdi ki, o, dəhliz ərazisini 100 il müddətinə icarəyə götürməyə hazırdır. ABŞ-ın bu təşəbbüsü Azərbaycan tərəfindən elə də məmnunluqla qarşılanmadı. Bu məsələyə Ermənistan hakim partiyasının da reaksiyası müsbət olmadı. Onlar da bu təşəbbüsə “yox” dedi.
Hesab edirəm ki, istər Zəngəzur dəhlizi, istərsə də digər məsələlərdə kənar güclərin regiona daxil olmasına imkan vermək olmaz. Regionla bağlı hər bir məsələ region dövlətlərinin iştirakı ilə həll edilməlidir. Region dövlətlərinin maraqları baxımından da ən düzgün addım məhz budur”.