“Rusiyanın populist və millətçi təbliğatçıları olan Vladimir Solovyov və Marqarita Simonyan həmişəki kimi, əslində, Kremlin tezislərini həyata keçirirlər. Neçə illərdir bu siyasətin belə olduğu artıq bəlli olub. Bu şovinist və “Z patriot” kəsim Rusiya ictimaiyyətinin millətçi kəsimini idarə edirlər. Rusiya ictimaiyyətinin fikirlərini gündəlik problemlərdən yayındırıb saxta şovinist- ekspansionist siyasətə kökləyirlər”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Siyasi təhlilçi “Putinin təbliğat çarı” adlandırılan jurnalist Vladimir Solovyonun yenə də azərbaycanlılar haqqında səsləndirdiyi absurd fikirlərə münasibət bildirib.
Qeyd edək ki, bu gecə yayımlanan “Solovyovla axşam” verilişində o və Kremlin ruporu olan erməni əsilli jurnalist Marqarita Simonyan ermənilərin və azərbaycanlıların təcili şəkildə Rusiyanı tərk etməsi barəsində hədyan dolu çıxışlar edərək, Rusiyada yaşayan mqirantların guya bu ölkəyə böyük təhlükələr gətirəcəyini söyləyiblər.
Prosesləri şərh edən həmsöhbətimiz isə vurğulayıb ki, Rusiyada yaşayan müxtəlif xalqlar Rusiyanın varlıq səbəbidir:
“Rus xalqının zənginləşməsinə, hərtərəfli, o cümlədən də hərbi sənaye baxımından inkişafının təmin olunmasında bu xalqlar böyük rol oynayıblar. Burada erməni və Azərbaycan xalqının rolu da böyük olmuşdur. İndi Simonyanın “rusdan çox rusluq etməsi” isə əslində, mövcud olduğu mövqeyini qorumaq üçün edilmiş saxta patriotizmdən başqa bir şey deyil. Azərbaycanlıların Rusiyadan çıxarılmasından Rusiya uduzacaq. Azərbaycan dövləti öz həmvətənlərinin qeydinə həmişə qalıb, indi də qalacaq. Rusiyada yaşayan azərbaycanlıların Azərbaycana qayıtması Azərbaycanı hərtərəfli gücləndirəcəyi kimi, Rusiyanı bir o qədər zəiflədəcək. Hesab edirəm ki, Rusiya dövlətinin idarəçilərinin içərisində bunu başa düşən insanlar var və onlar bu kimi halların qarşısını almaq üçün hərəkətə keçəcəklər”.