Oğlu həbsdə olan şəxsin özü də həbs edilib. O, oğlunun həbsxana yoldaşlarının ailə üzvlərini aldadaraq pullarını ələ keçirib.
Musavat.com xəbər verir ki, 54 yaşlı Valeh Cabbarov dələduzluq ittihamı ilə həbs edilib.
İttihama görə, Valeh Cabbarov narkotik ittihamı ilə həbs edilən iki nəfərin ailə üzvlərindən onların barəsində yüngül cəza təyin edilməsinə nail olacağı vədi ilə pul alıb.
Belə ki, narkotik ittihamı ilə həbs edilən Ceyhun və Məhəmmədin cinayət işi üzrə məhkəmə araşdırması Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən ərəfədə onların yaxınları Valeh Cabbarova 7500 və 11000 manat olmaqla cəmi 18500 manat pul veriblər.
Valeh Cabbarov narkotik ittihamı ilə tutulan həmin şəxslər barəsində həbslə bağlı olmayan cəza təyin etdirəcəyini vəd edib. Lakin vədinə əməl etməyərək həmin şəxsləri aldadıb. Hər iki şəxs məhkəmənin hökmü ilə həbs cəzası alıb.
Valeh Cabbarov aldatdığı şəxsləri oğlu vasitəsi ilə tanıyıb. Valehin oğlu Xanbala da narkotik ittihamı ilə həbsdədir. Xanbala həbsxanada tanıdığı Məhəmməd və Ceyhuna deyib ki, atası onlara kömək edə bilər. Məhəmməd və Ceyhun həbsxanadan Valehə zəng edərək kömək istəyiblər və ailə üzvləri ilə görüşdürüblər.
Valeh Cabbarov məhkəmədəki şəxslərlə əlaqələrinin olduğunu deyərək bu işi həll edəcəyini vəd edib. Yəqin ki, onun məhkəmədəki hər hansı şəxslə tanışlığı elə öz oğlunun cinayət işi araşdırılan zaman baş tutub.
Cabbarov törətdiyi cinayətə görə peşman olduğunu, aldığı pulu hissə-hissə qaytaracağını deyib. Lakin zərərçəkmiş tərəf pulu tam olaraq geri tələb edir.
Məhkəmənin hökmü ilə dələduzluqda ittiham olunan Valeh Cabbarov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində seçilmiş polis nəzarətinə verilmə qətimkan tədbiri dəyişdirilib və məhkəmə zalında qandallanıb.