Ukrayna prezidenti Volodimir Zelenski isə bu ssenarini təkzib edir. O, son bəyanatında vurğulayıb ki, “rus desantı heç vaxt Odessa şəhərinə daxil olmayacaq”. Qeyd edək ki, Odessa vilayəti Moldova ilə həmsərhəddir və regionun şimalında yerləşən Dnestryanı ərazi (Transnistriya) faktiki olaraq 30 ildən artıqdır ki, Rusiyanın hərbi nəzarətindədir.
Rusiyanın nəzarət etdiyi bu bölgədə, yəni Tiraspolun rəhbərlik etdiyi Dnestryanıda hazırda iqtisadi böhran hökm sürür. Rusiya mediasının yaydığına görə, bu böhran “separatçı respublikanın” Moskvanın “yardımına ehtiyac” bəhanəsi ilə silahlı qarşıdurma yaratmasına zəmin yarada bilər. Bu isə Kremlə “humanitar dəhliz” bəhanəsi ilə Odessaya doğru hərəkət etmək imkanı verə bilər.
Dnestryanıda əhalinin yarıdan çoxunun Rusiya vətəndaşlığı daşıdığı və burada Rusiya “sülhməramlılarının” yerləşdiyi nəzərə alınsa, bu ssenari heç də qeyri-real görünmür. Əgər Tiraspol rəhbərliyi Moskvadan gələn “tövsiyəyə” əməl etsə, bölgədə yeni hərbi eskalasiya qaçılmaz ola bilər.
Bununla yanaşı, bəzi beynəlxalq təhlilçilər bu “informasiya emalının” əsasən Rumıniyaya yönəldiyini düşünür. Bildirilir ki, Moskva bu yolla Rumıniyanın təhlükəsizlik zəmanətinə malik olan Moldova üzərində daha fəal mövqe sərgiləməsinin qarşısını almağa çalışır. Çünki hələ bir neçə il öncə beynəlxalq analitik dairələrdə belə bir fikir səsləndirilmişdi ki, Moldova Rumıniya ilə birləşə bilər.
Bu kompleks və çoxplanlı ssenarilərin fonunda əsas sual budur: Rusiya Moldovaya real hərbi müdaxilə planlaşdırır, yoxsa bu, növbəti informasiya müharibəsidir? Hər iki halda, bölgədə gərginliyin artacağı qaçılmaz görünür.