“İpək Yolu festivalı artıq 14-cü dəfədir ki, keçirildi. 2009-cu ildə başladıq. Bu ideya da oradan irəli gəldi ki, Şəkidə indiyə qədər ipək istehsal olunur. Bu festivala biz ipək fabrikindən başladıq. Yadımdadır, Yaponiyadan gələn qonaqlar o ipək istehsal edən baramaları görəndə çox təəccüblənib, şoka düşmüşdülər. Onlarına hamısına ipəkdən hazırlanan kələğayılar təqdim olunmuşdu. Pandemiya vaxtı festivala 2 il fasilə verdik. O gün biz oturub sayırıq və görürük ki, 35 ölkədən iştirakçılarımız olub. Onların içərisində dünya səviyyəli alimlər də, musiqiçilər də var idi. Bu festival çərçivəsində biz həm də elmi simpozium keçirtdik. Cənubi Koreyanın iki ansamblı gəlmişdi. Hamı təəccüblənirdi ki, Firəngiz xanım, siz onları necə bura gətirə bilmisiz? “Leyli və Məcnun” əsərini tarixi binaların içində nümayiş etdirdik. Orada Leylinin şamla söhbəti var. Təsəvvür edirsiniz, orada təsadüfən bir göyərçin uçub Leylinin əlinə qondu. Təbiət özü də bizə kömək edir, təbiət özü də valeh qalıb. Onların hamısının görüntüləri Mədəniyyət kanalında var. O vaxt konsert olan kimi səhəri gün onu Mədəniyyət kanalında göstərirdilər. Hamı mənə zəng edib deyirdi. Son illər Mədəniyyət kanalı nəsə buna maraq göstərmir. Buna baxmayaraq biz öz işimizi görürük. Digər kanallar nə işıqlandırırlar, nə gəlirlər, nə bizə kömək edirlər. Pessimist olmaq istəmirəm, amma acı reallıq budur”.
Bunu Moderator.az-a açıqlamasında xalq artisti, Bəstəkarlar İffiqanın sədri Firəngiz Əlizadə deyib.
O daha sonra əlavə edib:
“Bəzən görürəm ki, mənim ideyalarımı oğurlayırlar, heç adımı da çəkmirlər. Bu ideyaları həyata keçirmək böyük zəhmət tələb edir. Biz Şirvanşahlar sarayında “Əsli və Kərəm” operasını göstərmişdik. Bunun hamısının şəkilləri də, videogörüntüləri də var. İndi Şirvanşahlar sarayında opera göstərib deyirlər ki, ilk dəfə biz etdik. Bu ağ yalandır. Biz bunu neçə illər əvvəl etmişik” deyə sənətkar bildirib.
Firəngiz Əlizadə bildirib ki, bəstəkar kimi ona təkliflər gəlmir:
“2007-ci ildən ittifaqın sədriyəm. Ondan əvvəl də mənə bəstəkar kimi sifariş gəlməyib, sonra da olmayıb. Heç kim deməyib ki, gəl bu film, tamaşa üçün mahnı bəstələ. Bu illər ərzində təkcə sifariş “İntizar” operası olub. Mən təəssüflənmirəm. Zövqlər müxtəlifdir, hərənin öz zövqü var. Amma mən eşidirəm ki, bəstəkarlarımıza opera da, balet də, simfonik əsərlər də sifariş edirlər. Mən buna ancaq sevinə bilərəm” deyə xalq artisti bildirib.