Sənətdə sərhədləri aşan hər cəhd müzakirələrə yol açır. Xalq artisti Alim Qasımovun son ifası da bu baxımdan istisna olmadı. Tanınmış sənətkar bu dəfə rep janrında səsləndirdiyi ifa ilə gündəmə gəlib. O, muğamla yanaşı, çağdaş musiqiyə də fərqli ruh qatmağa çalışıb. Bu isə cəmiyyətdə birmənalı qarşılanmayıb – sosial şəbəkələrdə həm dəstək, həm də tənqid dolu fikirlər yayılıb.
Məsələ ilə bağlı Əməkdar artist İlkin Əhmədov Yenisabah.az-a açıqlama verib və Alim Qasımova yönələn tənqidlərə sərt münasibət bildirib.
Əhmədov deyib ki, belə sənətkara qarşı fikir söyləmək heç kimin haqqı deyil: Dördpendirli pizza
“Böyük sənətkara biz ancaq həsəd apara bilərik. Arzu etməliyik ki, nə vaxtsa biz də onun olduğu zirvəyə çata bilək. Bu haqda nəsə deməyə bizim heç bir ixtiyarımız yoxdur. O ki qaldı janrlararası keçidə – əgər uyğunlaşdıra bilirsənsə, niyə də olmasın? Burada sənət cılız formada təqdim olunmursa, hər şey etmək olar. Çünki musiqidə sərhəd yoxdur".
Əməkdar artist musiqidə sintez yanaşmaların əvvəllər də uğurlu nəticələr verdiyini vurğulayıb:
“2013-cü ildə Heydər Əliyev Sarayında Kolumbiya, Afrika, Nigeriya musiqiçiləri ilə birlikdə xalq mahnılarımızı sintez etmişdik. Mən də həmin konsertdə iki musiqi ifa etmişdim. Keçidlər də o qədər ustalıqla olmuşdu ki, hər kəs çox bəyənmişdi”.
Əhmədov musiqinin təbliği məsələsinə də toxunaraq, məsuliyyətin daha çox media və televiziyaların üzərində olduğunu bildirib:
“Bizim yaralı yerimiz cılız musiqilərdir. İnsanın onlara musiqi deməyə də dili gəlmir. Bu ifalar cəmiyyətin musiqi zövqünü korlayıb. Reytinq və müvəqqəti qazanc xatirinə bu zövqü qurban verməməliyik. Yaxşı işi təbliğ etməyi bacarmalıyıq. Bu baxımdan əsas vəzifə televiziyaların üzərinə düşür”.
Sənətçi həmçinin Alim Qasımovun şəxsiyyəti və sənətinin cəmiyyət tərəfindən layiqincə qiymətləndirilmədiyini də bildirib:
“Yaşına baxmayaraq, bu dəqiqə əlini qulağına qoyub istənilən muğamı ifa edə bilər. Nəyə görə sənətkarın gördüyü minlərlə işi dəyərləndirmirik, amma bir dənə rep deməsini ölkə olaraq müzakirə edirik? Bilməliyik ki, bu cür sənətkarlar toxunulmazdır”.
İlkin Əhmədov tənqid səsləndirənləri də sərt tənqid edib:
“Alim Qasımov haqqında danışanlar müəyyən alt təbəqədən olan insanlardır. O cür sənətkarlara söz demək qeyri-mümkündür. Danışanlar hamısı da bikar və boş olanlardır. Onlar yaxşıya da yaxşı deyə bilmirlər. Elə insanlara fikir verməyə dəyməz”.
Sonda sənətçi cəmiyyətin musiqi zövqünün inkişafı üçün təkliflərini səsləndirib:
“Çalışmalıyıq ki, müzakirə mövzularımız musiqi, opera, teatr və kino sahəsi olsun. Açıq havada gözəl musiqi və opera konsertləri təşkil edilsin. İnsanlar bu gözəlliklərdən danışsınlar”.