Azərbaycan dövlət qurumlarına və özəl sektora təsir edən artan kibertəhlükələrlə üzləşir. “Hacking”, kənar müdaxilə cəhdləri və kritik rəqəmsal infrastrukturun zəifliyi getdikcə informasiya təhlükəsizliyinə daha effektiv yanaşmalar məsələsini gündəmə gətirir.
Təkcə 2025-ci ilin birinci yarısında Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti tərəfindən dövlət qurumlarına qarşı 504 kiberhücum göstəricisi müəyyən edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,2% çoxdur. Bunlardan 198-i daxili araşdırmalar çərçivəsində, 306-sı isə dövlət qurumlarının özlərinin araşdırmalarından sonra aşkar edilib. Qeyd edək ki, iyun ayında hücumların sayı 51-ə düşüb ki, bu da keçən illə müqayisədə 61% azdır.
Baş verənlərin fonunda “AzStateNet” dövlət rabitə şəbəkəsi universal rəqəmsal qalxana çevrilir. Ötən il ərzində şəbəkə 814 milyondan çox zərərli əlaqə cəhdini, zərərli faylları və virus bulaşmış sənədləri bloklayıb. Kibertəhlükələrin miqyası və qarşıdurma sistemlərinin yüksək effektivliyi göz qabağındadır. Lakin bu, xüsusilə dövlət və ictimai internet resursları ilə əlaqəli infrastrukturda kritik zəiflikləri istisna etmir.
Azərbaycan İnformasiya və Kommunikasiya Texnologiyaları Sənayesi Assosiasiyasının Direktorlar Şurasının sədri Elvin Abbasovun sözlərinə görə, dövlət qurumlarının zəifliyi problemin yalnız bir hissəsidir. Özəl sektor, ilk növbədə media getdikcə daha çox hücumların hədəfinə çevrilir. Radikal dini qrupların öz təbliğatlarını yerləşdirdiyi onlarla sındırılmış xəbər saytları ilə bağlı son hadisələr həyəcanverici hala çevrilib. Onun fikrincə, bu hadisələr ölkədə əksər internet resurslarının rəqəmsal təhlükəsizliyinin həssas olaraq qaldığını açıq şəkildə göstərir.
Abbasov qeyd edib ki, hətta bir uğurlu hücum təkcə bir uğursuzluq deyil, sistemli problemlərin göstəricisidir: ixtisaslı kadr çatışmazlığından tutmuş mövcud təhlükəsizlik standartlarının olmamasına qədər.
“Mütləq kibertəhlükəsizlik yoxdur, lakin mövcud texnologiyalar və kadrlardan istifadə etməklə təhdidlərin 99 faizinin qarşısını almaq olar. Bu potensialdan səmərəli istifadə etmək vacibdir”, - deyə qeyd edib.
Onun sözlərinə görə, bizneslərin rəqəmsal aktivlərin qorunmasına münasibətinə yenidən baxmağın vaxtı çatıb: “Axı kibertəhlükəsizlik artıq İT məsələsi deyil, milli təhlükəsizlik səviyyəsində strateji prioritetdir”.
Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz isə AYNA.AZ-a bildirib ki, xarici siyasət fonunda vəziyyət mürəkkəbdir: “Artan geosiyasi gərginlik şəraitində Azərbaycanın rəqəmsal məkanı yeni qarşıdurma meydanına çevrilmək riski daşıyır. Rusiya və İran tərəfindən artan təhdidlər bir sualı gündəmə gətirir: internetimiz nə dərəcədə sabitdir və onun işinə kənar müdaxilələr mümkündürmü? Təəssüf ki, reallıq ondan ibarətdir ki, risklər kifayət qədər hiss olunur. Azərbaycana daxil olan internet trafikinin əsas kanalları Rusiya, İran, eləcə də Türkiyə və Gürcüstan ərazisindən keçir. Ən qorxulu fakt odur ki, trafikin əhəmiyyətli hissəsi hələ də Rusiya ərazisindən keçir və siyasi təsirlərə məruz qalan xarici marşrutdan təhlükəli asılılıq yaradır. Vəziyyət pisləşərsə, bu, hətta filtrasiyaya, yüksək lifli keçidlərə də gətirib çıxara bilər”.
“Bunun qarşısını almaq üçün internet marşrutlarının şaxələndirilməsini sürətləndirmək lazımdır. Türkiyə və Gürcüstan üzərindən istiqamətlər xüsusilə perspektivlidir, lakin burada Qara dənizin dibi boyunca əsas sualtı kommunikasiya xəttinin mülkiyyətinə dair “AzerTelecom” və “Caucasus Online” arasında bağlanmış müqaviləyə görə Gürcüstan hakimiyyəti tərəfindən qoyulmuş blokun aradan qaldırılması lazımdır. Bundan əlavə, internet infrastrukturunun daxili idarə olunması ilə bağlı məsələlər hələ də həllini tapmamış qalır. .az domen zonası hələ kritik olaraq tanınmayıb və DNS xidmətləri lokallaşdırılmayıb - bu rəqəmsal suverenlik məsələlərində ciddi boşluqdur. Milli domen infrastrukturu tam daxili mühafizə altında olmalıdır və bu baxımdan, dövlət qurumları tərəfindən ona strateji əhəmiyyətli obyekt statusunun verilməsi vacibdir”, - Gündüz əlavə edib.
Onun sözlərinə görə, həm dövlət sektorunda, həm də özəl strukturlarda və mediada kritik qurumlar üçün ehtiyat əlaqə kanallarının yaradılması da təcili zəruridir: “Belə bağlantılar eyni anda üç böyük operator: “AzerTelecom”, “Delta Telecom” və “Aztelekom” vasitəsilə təmin edilməlidir. Onların hamısı rəqəmsal sabitliyimizi dəstəkləməkdə öz rolunu dərk edərək koordinasiyalı şəkildə işləməlidir”.
“Artıq dünya elə bir dövrə qədəm qoyub ki, hücumlar sərhədlərə deyil, şəhərlərə deyil, kommunikasiya kanallarına yönəlib", - mütəxəssis vurğulayıb.
Ona görə də, O.gündüz marşrutların şaxələndirilməsi, infrastrukturun lokallaşdırılması və təhlükəsiz giriş nöqtələrinin formalaşdırılmasının aktual vəzifəyə çevrildihyini bildirib: “ Artan riskləri və qlobal turbulentliyi nəzərə alaraq, milli informasiya təhlükəsizliyi sahəsində fövqəladə vəziyyətin tətbiqi təklifi artıq həddindən artıq tədbir kimi görünmür. Əksinə, bu, Azərbaycanın rəqəmsal suverenliyinin qorunması istiqamətində vaxtında atılmış addım ola bilər”.