Fars körfəzi üzərində hava məkanında tətbiq edilən müvəqqəti məhdudiyyətlər səbəbindən, 23 iyun 2025-ci il tarixində Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxan bir sıra beynəlxalq reyslər planlaşdırılmış təyinat məntəqələrinə enə bilməyib və təhlükəsizlik məqsədilə alternativ hava limanlarına yönləndirilib.
Bu barədə “Report”a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
“Qatar Airways” aviaşirkətinin Bakı–Doha və “Kuwait Airways”in Bakı–Küveyt reysləri Səudiyyə Ərəbistanının Ciddə Beynəlxalq Hava Limanında, “Wizz Air Abu Dhabi” aviaşirkətinin Bakı–Əbu Dabi reysi isə Mədinə Beynəlxalq Hava Limanında eniş edib.
Yaranmış vəziyyət beynəlxalq aviasiya təhlükəsizliyi protokolları çərçivəsində operativ şəkildə qiymətləndirilib və sərnişinlərin, eləcə də ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər dərhal həyata keçirilib.