Ermənistan tərəfi hələ də Rusiyanın Qafanda baş konsulluğunun açılmasının ləngiməsinin səbəblərini açıqlamır.
Teleqraf xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Ermənistan Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.
“Sputnik Ermənistan” Baş nazir Nikol Paşinyana müvafiq sorğu göndərərək prosesin hansı mərhələdə olduğunu, konsulluğun niyə hələ də açılmadığını və ləngimənin nədən ibarət olduğunu soruşub. Cavab Ermənistan Xarici İşlər Nazirliyindən gəlib.
“Sizə bildiririk ki, qaldırılan məsələlərlə bağlı inkişaf olarsa, ictimaiyyətə məlumat veriləcək”, - Ermənistan XİN-in cavabında deyilir.
Xatırladaq ki, Rusiyanın Sünik vilayətində (Qərbi Zəngəzur) baş konsulluğunun açılması məsələsinin müzakirəsi üç ilə yaxındır davam edir. 2023-cü ilin sentyabr ayından etibarən açılışın hazırlanmasına cavabdeh olan qrup Qafanda fəaliyyət göstərir. Bu ilin martında Ermənistan Xarici İşlər Nazirliyi prosesin iki ölkə arasında danışıqlar mərhələsində olduğunu bəyan etmişdi.
Rusiyadan son olaraq bu ölkənin Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirmişdi ki, gecikmələrin səbəbi Ermənistan tərəfi ilə bağlıdır.