Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanın impiçment prosesində müxalifətdəki “Respublika” partiyasından bu vəzifəyə namizəd olacaq şəxsin adı açıqlanıb.
APA “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə “Hraparak“ qəzeti məlumat yayıb.
Bildirilib ki, müxalifətdə olan “Respublika” partiyası Armen Aşotyanın namizədliyini irəli sürməyə hazırlaşır.
Qəzet onun adının yaxın günlərdə rəsmən ictimaiyyətə açıqlanacağını da yazıb.
Nəşrin iddiasına görə, bir qədər əvvələdək sözügedən siyasi təşkilat ölkənin Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəisi Artur Vanetsyanın namizədliyini dəstəkləyib, sonradan isə qərar dəyişib.
Qeyd edək ki, sözügedən partiyanın lideri müxtəlif illərdə Ermənistanın müdafiə naziri, milli təhlükəsizlik naziri, prezidenti və hökumət rəhbəri vəzifələrində işləmiş Serj Sarkisyandır.