Son 4 gündə Avropadan Ermənistana iki rəsmi səfər və verilən bəyanatlar diqqət çəkib. Dünən Fransanın xarici işlər naziri Jan-Noel Barro Ermənistanda rəsmi səfərdə olub. Ermənistan Xarici İşlər Nazirliyində (XİN) ölkənin xarici işlər naziri Ararat Mirzoyan və onun fransalı həmkarı Jan-Noel Barro arasında təkbətək görüş keçirilib. Görüş XİN başçıları arasında qapalı məsləhətləşmələr formatında keçirilib.
Barronun Ermənistana səfəri çərçivəsində iki ölkə arasında üç sənəd imzalanıb. Nazirlər Niyyət Bəyannaməsi imzalayıblar. Sənəd iki ölkənin xarici siyasət qurumları arasında illik siyasi məsləhətləşmələrin keçirilməsini, dezinformasiya ilə mübarizədə əməkdaşlığı və diplomatların hazırlanmasını nəzərdə tutur.
Nazirlər həmçinin iki ölkənin hökumətləri arasında Ermənistanda Fransa İnkişaf Agentliyinin (FDA) və İqtisadi Əməkdaşlıqda İştirak və Dəstək Şirkətinin (Proparco) yaradılması və fəaliyyəti haqqında sazişə dəyişikliklər edilməsi barədə protokol imzalayıblar. Bundan əlavə, nazirlərin iştirakı ilə “Enterprise Armenia” Fondu və Fransanın “Business France” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Çıxışında Fransa XİN başçısı Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması barədə bəyanat verib və tərəfləri tezliklə sülh sazişi imzalamağa çağıdıb. Mirzoyan da İrəvanın sülh sazişini imzalamağa hazır olduğunu bildirib.
Bu günlərdə Slovakiyanın Baş naziri Robert Fiko da Ermənistanda ikigünlük rəsmi səfərdə olub. Səfər çərçivəsində Fiko Ermənistanın Baş naziri Nikol Paşinyan və Prezident Vaaqn Xaçaturyan ilə görüşüb. Slovakiya hökumət başçısı səfəri zamanı “İrəvan Dialoqu – 2025” adlı beynəlxalq konfransda da iştirak edib.
Konfransda çıxışı zamanı Slovakiya lideri “Ermənistan və Azərbaycan arasında sülh yolu ilə nizamlanmanın Avropaya güclü siqnal olardı ki, münaqişələr diplomatik dialoq yolu ilə həll oluna bilər. Slovakiya isə səylərinizdə sizi tam dəstəkləməyə hazırdır” deyib.
"Baş nazirə Azərbaycanla yekun sülh nizamlanması səylərində göstərdiyiniz liderliyə görə təşəkkür etmək istəyirəm. Bu ilin əvvəlində verdiyiniz elan regionda davamlı sülh və təhlükəsizlik istiqamətində həlledici addım idi. Bu sürəti qorumaq və bu prosesin hər iki tərəf tərəfindən problemsiz başa çatmasını təmin etmək vacibdir", - Baş nazir əlavə edib.
Fiko həmçinin Avropa İttifaqının Mülki Monitorinq Missiyasının Ermənistanda olmasını dəstəklədiyini bildirib.
Baş nazirin başçılıq etdiyi nümayəndə heyətində yer alan Slovakiyanın iqtisadiyyat nazirinin müavini Vladimir Şimonyakın da başçılıq etdiyi nümayəndə heyəti Ermənistan Müdafiə Nazirliyində olub. Məlumata görə, əvvəlcə Ermənistan müdafiə nazirinin müavini Karen Brutyanla V.Şimonyak arasında görüş olub. Daha sonra danışıqlar geniş tərkibdə davam etdirilib. Tərəflər müdafiə sahəsində Ermənistan-Slovakiya əməkdaşlığı məsələlərini müzakirə edib və razılıq əldə ediblər. Söhbət Slovakiya silahlarının Ermənistana tədarükündən gedir. Bununla da, Ermənistan daha bir Avropa ölkəsindən silah alacağı barədə erməni mediasında məlumatlar yayılıb.
Mövzu ətrafında AYNA.AZ-ın suallarını cavablandıran Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, deputat Arzu Nağıyev deyib ki, tək Fransa və Slovakiyadan deyil, bir sıra Avropa ölkələrindən Ermənistana rəsmi səfərlər edilir, müxtəlif bəyanatlar səsləndirilir:
- Fransa təbii ki, əvvəldən Ermənistandan tərəfdaş kimi istifadə edir. Fransa şirkətləri vasitəsilə Azərbaycanın o vaxtı işğalda olan ərazilərinin talanması, təbii sərvətlərimizin daşınması prosesində iştirak etmiş dövlətdir. İkinci Qarabağ müharibəsindən sonra Fransa bu imkanlarını itirmiş oldu. İndi Fransa Ermənistandan alət kimi istifadə etmək üçün çalışmalar həyata keçirir. Fransa Avropa İttifaqının adı ilə kəşfiyyatçıları Ermənistanla Azərbaycan arasındakı şərti sərhədə göndərib. Məlumdur ki, Avropa İttifaqı Gürcüstanda öz nüfuzunu itirdi. Azərbaycan da müstəqil xarici və daxili siyasət həyata keçirir. Cənubi Qafqazda qalmaq üçün, məkrli siyasətini həyata keçirmək üçün Fransa Ermənistandan istifadə etmək istəyir.
İkinci məsələ nəyin bahasına olursa-olsun, Rusiyanın regiondakı təsirlərini aradan qaldırmaqdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun səfərindən sonra Fransadan İrəvana edilən rəsmi səfər məhz Parisin bu siyasəti həyata keçirdiyini göstərir. Fransa çalışır ki, Cənubi Qafqazda alət kimi istifadə etdiyi Ermənistanı əldən verməsin. Ermənistan da daim özünün daxili və xarici siyasətini hansısa gücə istinad edərək aparır. Əvvəl Rusiyanın diktəsi ilə hərəkət edən Ermənistan indi Fransanın diktəsi ilə addımlar atır. Ona görə də Fransadan Ermənistana səfərlər, bəyanatların səslənməsi bundan sonra da olacaq. Buna təəccüblənmək lazım deyil.
- Fransanın XİN başçısı İrəvanda bəyan etdi ki, Ermənistanla Azərbaycan arasında sülh sazişi imzalanmalıdır. Sizcə, Paris həqiqətən də sülhdə maraqlıdırmı?
- Rəsmi Paris sülh sazişinin imzalanmasına çağırış edir, amma Azərbaycanın sülhlə bağlı şərtlərindən danışmır. Fransa sülhün əldə olunmasında maraqlı olsaydı, İrəvana Bakının şərtlərinin yerinə yetirilməsi barədə çağırış edərdi. Məlumdur ki, heç kim Azərbaycanı tələsik sülh sazişi imzalamağa məcbur edə bilməz. Fransa rəhbərliyi də başa düşür ki, Azərbaycan şərtlər yerinə yetirilmədən sülh sazişi imzalamayacaq. Ola bilsin ki, Fransa Azərbaycanın şərtlərinin yerinə yetirilmədən sülh sazişinin imzalanmasında maraqlı olsun. Bu isə mümkün deyil. Fransa sülh istəyirsə, o zaman Ermənistan Konstitusiyasında dəyişiklik etmək və ATƏT-in Minsk Qrupunun de-yure ləğvi ilə bağlı İrəvana tövsiyə verməlidir. Necə olursa-olsun sülh sazişi imzalanmasının mümkün olmadığını Paris başa düşməlidir.
- Slovakiya Baş nazirinin başçılıq etdiyi nümayəndə heyəti də Ermənistanda səfərdə oldu və hərbi əməkdaşlıq müzakirə edildi. Bundan əvvəl də Ermənistanın Fransadan, Hindistandan silahlar aldığını müşahidə etmişik. Ermənistanın bir tərəfdən sülhə hazır olduğunu bəyan etməsində, digər tərəfdən isə silahlanmasında məqsədi nədir?
- Ermənistan iddia edir ki, silahlanma ilə sadəcə özünü müdafiə etmək məqsədi daşıyır. İrəvan deyir ki, hər bir dövlətin silah almaq hüququ var və bu hüquqdan istifadə edirlər. Təbii ki, hər bir ölkənin silah almaq hüququ mövcuddur, bunu kimsə inkar etmir. Amma var hücum silahı, var müdafiə silahı. Ermənistana tədarük olunan müdafiə yox, hücum silahlarıdır. Belə olan halda suallar meydana çıxır: Ermənistan kimə hücum edəcək? Məlumdur ki, Ermənistanda Azərbaycana qarşı revanş hissi ilə yaşayan insanlar var və bunu açıq şəkildə bəyan edirlər. Ona görə də, Ermənistanın silahlanması onun sülh bəyanatlarında səmimi olmadığını göstərir. İrəvanın məqsədi aydındır: sülh sazişinin imzalanması uzansın. Slovakiyanın da Ermənistana silah tədarük edənlər sırasında daxil olması göstərir ki, bu proses Avropa İttifaqının, xüsusilə də Fransanın göstərişi ilə həyata keçirilir.
Azərbaycan təbii ki, bu prosesləri ciddi şəkildə izləyir. Parisdəkilər də, İrəvandakılar da unutmasınlar ki, Azərbaycana qarşı istənilən təxribatın qarşısı qətiyyətlə alınacaq. Bizim cəmiyyətə də məlum olsun ki, Ermənistanın silahlanmasından təlaşlanmağa ehtiyac yoxdur. Sadəcə Ermənistan tərəfi bu addımlarla diplomatik masadan uzaqlaşır, danışıqlardan qaçır, sülh sazişinin imzalanması məsələsini uzadır. Bu isə yaxşı nəticələr verməyə bilər. Ermənistanın çıxış yolu havadarlarını yox, Azərbaycanı dinləməkdən keçir. Rəsmi İrəvan Bakının şərtlərini yerinə yetirməli, iddialarından əl çəkməli, oyun oynamağı bitirməli və sülh sazişi imzalanmalıdır. Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması bütün tərəflərə, xüsusilə də Ermənistana sərfəli olacaq.