Xalq artisti Ramiz Novruzun vəfatından sonra onun ailəsi ilə bağlı duyğusal açıqlamalar davam edir. Moderator.az-a danışan sənətkarın ömür-gün yoldaşı Xoşavaz Novruzova mərhum aktyorun xarakteri və ailədaxili münasibətləri ilə bağlı xatirələrini bölüşüb.
“Ramiz doğum günündə hər zaman özü yuxarı başda əyləşərdi. Dəbdəbəni, ailədən kənar insanları sevməzdi. Bir yerə gedəndə yola gətirirdik onu. Elə ki, eşidirdi bir-iki nəfər əlavə insan gələcək, deyirdi ki, “yox, yox, mən getmirəm”. Mən də deyirdim ki, ay Şəfəq, işdən heç kimi götürüb gəlmə də. Ona görə də onu biz gəzintilərə apara bilmirdik. Elə də çox hədiyyə sevən deyildi. Şəfəq ona nərd bağlatdırırdı. Mən ona kostyum alırdım. Bilirdik ki, o özünə geyim alan deyil. Qəribə xarakteri var idi... Mağazaya getməyə utanırdı, çəkinirdi. Hər dəfə onun geyimlərini özüm alardım. Əvvəldən də şərt kəsirdim ki, filankəsin yoldaşıyam, balaca yaxud böyük olarsa gəlib dəyişdirəcəm.
Ramizin yoxluğu mənə daha çox təsir edir. Bir-birimizə olan sevgimiz qarşılıqlı idi. Neçə illər elə gözəl yaşayırdıq ki... Hərdən uşaqlara deyirdim ki, siz gəlməyəndə biz mehriban oluruq, siz gələndə problem çıxır (gülür). Onu biz gülərüzlə xatırlayırıq. O insan xoşbəxtdir ki, ondan keçmişdə belə danışanda üzün gülür. Ağlasam da, sızlasam da elə bilirəm ki, hər gün yanımdadır, bizimlə birlikdə yaşayır. Elə bir gün yoxdur ki, onun adını çəkməyək, həyatda olan insan kimi ondan danışmayaq”.
Xoşavaz Novruzova daha sonra mərhum sənətkarın tələbəlik illərindən və bəzi şəxsi münasibətlərindən danışaraq belə əlavə edib:
“Elə şeylər var ki, insana təsir edir. Biz cavan idik. Ramiz oxuduğu ildə kurslarında ilk ailə həyatı quran da o olmuşdu. İkinci kursda oxuyurdu. Mən də universiteti bitirmişdim. Bizim evimiz var idi, kirayədə qalmırdıq. Evimiz də Nizami kinoteatrının qarşısındakı binada idi. Tələbələrin çoxu o evə gedib-gəlirdi. Mən də yemək hazırlayırdım, süfrə açırdım. Ən çox evimizə gedib-gələn də Nurəddin Mehdixanlı idi. Onun qulluğunda çox durmuşam. Biz ailəlikcə də yaxın olmuşuq. O da Cəlilabaddan idi. Axşam saat neçəyə qədər oturardı, sonra yataqxanaya gedərdi. Tanış olduğu xanımları belə mənimlə məsləhətləşərdi. Evimizin içi idi. Mən bəzən Ramizin geyimini yuyub ütüləyirdim, onunkunu da edirdim.
Ramiz onunla küsülü dünyadan getdi. Bütün günahlar da Nurəddində idi. Çox adamlar onları barışdırmaq istəsə də Ramiz yaxın durmadı. Çünki bu adam ərizəyə qol çəkib Ramizi tutdurmaq istəyirdi. Söhbət bilirsiniz hansı hadisədən gedir? Ramiz Məliklə olan qalmaqaldan. Bu da bir qurma idi. Ramizin nə işi var idi onda? Mən özüm də onda şok oldum ki, Ramiz Məlik hara? Ramiz Novruz hara? Yay vaxtında Ramiz evdən çölə çıxmırdı, ancaq evdə oturub ssenari yazırdı. Qurma bir şey idi.
Ramiz nə qədər deyib ki, çıxıb çöldə danışarıq. Sadəcə öncədən ssenari artıq yazılmışdı. Ramiz Məlik Ramizi başa düşməmişdi. Ramiz də çox hövsələli insan idi. O da vurmuşdu. İkinci yumruğu Ramiz Məlikə vuranda ona Kazım Abdullayev mane olmuşdu. Məqsəd də o idi ki, o Ramiz Məliki vursun və həbs olunsun. İzahat alanda Ramiz Novruzun əleyhinə 3 nəfər qol çəkmişdisə, onlardan biri də Nurəddin Mehdixanlı idi. Bu Ramizə çox pis təsir etmişdi. Qol çəkənlərdən biri Rafiq Əzimov idi. Onu da yoldan çıxarmışdılar. Daha sonra onunla barışdılar. Amma Nurəddini bağışlamadı. İnsan necə belə addım ata bilərdi? Ramizi tutdurmaq istəyirdilər.
Allah böyükdür. Bu məsələ bəlkə də bir çoxları üçün gizli qalmışdı, amma açıqlama vermək istədim ki, səbəbsiz yerə heç nə olmur. Bu hadisəni indiyə qədər heç kimə açıqlamırdıq. Cavidan çox istədi onları barışdırsın. Ramiz heç cür qəbul etmirdi. Sonda mən də qarışdım ki, Cavidan, əl çək, o bağışlamırsa demək bir bildiyi var. Günahını ört-basdır etmək istəyirdi. Onu nəinki Ramiz, ömrümün sonuna qədər mən də bağışlamaram. Heç bağışlamayacam da”.