"Artıq yeddi ildir fəal şəkildə səhnədə deyiləm. “Leyli və Məcnun” operasında ildə yalnız bir dəfə, ustad dərsi formatında oynayıram. Bu çıxış əsasən gənclər üçündür. Səhnəni gənclərə vermişik və tamaşaçıların çoxsaylı istəklərini nəzərə alaraq ildə bir dəfə tamaşada iştirak edirik".
Bu sözləri Teleqraf-a iyunun 6-da Opera və Balet Teatrında "Leyli və Məcnun" tamaşasında Məcnunu oyanamağa hazırlaşan Xalq artisti Mənsum İbrahimov deyib.
Qeyd edək ki, 65 yaşlı Mənsum İbrahimovun Məcnun rolunda oynaması sosial şəbəkələrdə söz-söhbətə səbəb olub.
Mənsum İbrahimov bildirib ki, tamaşanın biletlərinin əksəriyyəti artıq satılıb. Bilet üçün müraciət edənlərin sayı isə çoxdur.
Onun sözlərinə görə, Məcnun obrazının yaşıyla bağlı sosial şəbəkələrdə əsassız və mənasız şərhlər yazılır: "Bunlar teatr haqqında məlumatı olmayan insanlardır. Onlara məsləhət görərdim ki, teatra zəng edib maraqlansınlar, görsünlər, bu tamaşada il ərzində nə qədər gənc sənətkar iştirak edir. “Leyli və Məcnun” tamaşası bizim baş rolda çıxşımızla ildə bir dəfə, tamaşaçı tələbi ilə nümayiş olunur, bu da ölkənin ən böyük səhnəsində baş tutur. Tamaşamıza marağın bu qədər böyük olması tənqidçilərə yaxşı cavabdır. Təəssüf ki, bəziləri süni ajiotaj yaratmaq istəyir. Yəqin mövzu qıtlığıdır.
Hazırda teatrımızda təxminən 10 Leyli və Məcnun ifaçısı var. Yeni tamaşalar hazırlanır, gənc sənətçilər hər ay mütəmadi səhnəyə çıxırlar. Biz də tamaşalara gedir, onları dəstəkləyirik.
Gənc sənətçilər Mirələm Mirələmov və Kamilə Babayeva "Leyli və Məcnun"da oynamağa hazırlaşırlar. Bu tamaşa sentyabr ayında təqdim olunacaq. Bir daha qeyd edirəm, artıq yeddi ildir fəal səhnədən çəkilmişik və meydanı gənclərə vermişik. “Leyli və Məcnun” tamaşasında yalnız tamaşaçıların istəyi ilə ustad dərsi kimi iştirak edirik.
Yaş məsələsinə gəldikdə, bütün dünyada opera sənətçiləri, o cümlədən Pavarotti ömrünü sonunadək səhnədə olublar. Sadəcə demək istəyirəm ki, informasiyanı dəqiqləşdirmədən boş-boşuna danışmaq düzgün deyil. İyunun 6-da keçiriləcək tamaşaya gəlsinlər və necə bir sənət əsəri ilə qarşılaşacaqlarını öz gözləri ilə görsünlər".
Qeyd edək ki, iyunun 6-da Heydər Əliyev Sarayında "Leyli və Məcnun" iki pərdəli opera tamaşası baş tutacaq.
Tamaşada Xalq artisti Mənsum İbrahimovun tərəf müqabili Xalq artisti Nəzakət Teymurovadır.