Mayın 17-də Amerika tərəfinin təşəbbüsü ilə Rusiya Federasiyasının Xarici İşlər Naziri Sergey Lavrov və ABŞ dövlət katibi Markov Rubio arasında telefon danışığı olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, xarici siyasət idarələrinin rəhbərləri bir gün əvvəl İstanbulda keçirilən Rusiya-Ukrayna danışıqlarının nəticələri ilə bağlı fikir mübadiləsi aparıblar.
Marko Rubio hərbi əsirlərin mübadiləsi və hər bir tərəfin atəşkəsə nail olmaq üçün lazım olan şərtlərə öz baxışının hazırlanmasına dair razılaşmaları alqışlayıb və Vaşinqtonun nizamlama axtarışlarını asanlaşdırmağa davam etməyə hazır olduğunu vurğulayıb.
Sergey Lavrov Kiyevin yekunda Rusiya prezidenti Vladimir Putinin İstanbul danışıqlarını bərpa etmək təklifini qəbul etməsinə töhfə verən ABŞ-ın müsbət rolunu qeyd edib. O, Moskvanın bu kontekstdə amerikalı həmkarları ilə birgə işləməyə hazır olduğunu təsdiqləyib.
Söhbət zamanı bir sıra digər beynəlxalq və regional məsələlərə də toxunulub. Lavrov və Rubio Rusiya-Amerika təmaslarının davam etdirilməsi ilə bağlı da fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, ötən gün İstanbulda Rusiya və Ukrayna arasında danışıqlar keçirilib.