
“Doktrina” Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi aprelin 28-də Cəmşid Naxçıvanski adına Hərbi Liseyə sənəd verənlərin müayinəsi üzrə tibbi komissiyanın gedişinin monitorinqini keçirib. Mərkəzin direktoru Cəsur Sümərinli “Media forum” saytına deyib ki, monitorinqin gedişində problemlər aşkarlanıb:
- Liseyin daxilində sənəd verənlər qarşısında bir sıra mübahisəli tələblər qoyulub. Misal üçün, sənəd verənlərin valideynlərindən və ya yaxınlarından tələb olunub ki, sənədləri yerləşdirmək üçün liseyin yeməkxanasında satılan adi kağız qovluq alsınlar. Bu qovluğun qiyməti şəhərin dəftərxana mağazalarında 10-15 qəpikdir. Amma yeməkxanada bu qovluq 40 qəpiyə satılır. Liseyə minlərlə şəxsin sənəd verdiyi nəzərə alınsa, onda burada az olmayan məbləğdən söhbət gedər və bu vəsaitin sonda kimə çatdığı maraq doğurur. Bəzi məlumatlara görə, bu prosesdə lisey rəhbərliyinin marağı var.
- Sənəd verənləri müşayiət edən şəxslərlə kobud davranış müşahidə olunub. Belə ki, liseyin giriş qapısında xidmət keçən çavuş və gizirlərin valideynlərə “buranı boşaldın”, “kənara çəkilin” kimi tonu etik olmayan əmrlər verməsi, onları saatlarla (bəzən 6-7 saat) giriş qapısının bayırında ayaq üstə gözlətmələri müşahidə olunub. Ölkənin müxtəlif rayonlarından gəlmiş valideynlərin rahatlığı üçün heç bir şərait yoxdur, adi oturacağa belə rast gəlinmir.
- Giriş qapısında olan valideynlərin suallarına konkret və düzgün cavab verən şəxs yoxdur. Çox zaman valideynlər suallarını kimə ünvanlayacaqlarını bilmirlər.
- Tibbi komissiyadan uğurla keçənlərə elektron ərizənin doldurulması tapşırığı verilir və bunun üçün məktəblilər giriş qapısından bayırda olan kiçik obyektə göndərilirlər. Burada isə elektron ərizənin doldurulması 4 manata (?!) başa gəlir.
- Valideynləri narahat edən məsələlərdən biri ikiqat tibbi müayinənin olması ilə bağlıdır. Belə ki, yaşadıqları ərazidə tibbi müayinədən keçən şəxslər sonradan liseydə yaradılmış tibbi komissiyadan keçməlidir və bir çox hallarda uyğunsuzluq yaranır. Bir sıra hallarda liseydəki tibbi komissiyanın təmsilçiləri sənəd verənləri müayinə sənədlərini gətirmək üçün Zığ Sağlamlıq Mərkəzinə göndərirlər. Zığ Sağlamlıq Mərkəzindəki həkimlər həmin şəxslərə bildirirlər ki, onlar həmin şəxsləri müayinə edə bilməzlər, çünki həmin şəxslərin qeydiyyat ünvanları fərqlidir. Amma bununla belə həmin mərkəzdə müəyyən qeyri-rəsmi ödənişlər hesabına vətəndaşlara arayışlar verilir. Valideynlərdə şübhə var ki, liseydəki tibbi komissiya ilə Zığ Sağlamlıq Mərkəzi əlbir işləyir və bir çox hallarda komissiyadakı həkimlər qəsdən gəncləri oraya göndərirlər ki, pul xərclənsin.
- Komissiya prosesində olan məktəblilər saatlarla soyunmuş formada mərmər döşəmənin üstündə dayanmağa məcbur edilirlər. Bu da onların sağlamlığına mənfi təsir edir. Eyni zamanda saatlarla liseyin ərazisində olan məktəblilər ac qalmaq zorundadırlar, onlara qidalanmaq üçün şərait yaradılmır.
- “Doktrina” nümayəndələrinin lisey ətrafına toplanmış valideynlər və digər şəxslərlə söhbətləri qəbul prosesində bir sıra neqativ halların olması ilə bağlı məlumatları ortaya çıxarıb. Bildirilən məlumatlara görə, bir çox valideynlər liseydəki zabitlər, eyni zamanda tibb komissiyanın üzvləri ilə əlaqələr quraraq övladlarının liseydəki tibb komissiyasından uğurla keçməsini əvvəlcədən təmin edirlər. Buna 200-300 manat xərcləndiyi kimi çoxlu söz-söhbətlər mövcuddur.
- Digər məsələ liseyə qəbul prosesində kənar şəxslərin, hətta taksi sürücülərinin dəllalıq etməsi ilə bağlı məlumatlardır. Monitorinq qrupu bu məsələ ilə bağlı bir sıra şəxslərlə söhbətlər aparıb. Bəzilərinin dediyi məlumatlara görə, təxminən 250-350 manat verməklə onlar tibbi komissiyadan uğurla keçidi təmin edə bilərlər. Bildirilib ki, tibbi komissiyadan iki üsulla keçid mümkündür: birincisi, komissiyaya daxil olan zabitlərlə iş görmək, ikincisi, Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyası vasitəsilə. Onların sözlərinə görə, əgər liseydə bu və digər müayinənin nəticələri qənaətbəxş deyilsə (yəni ki, əvvəlcədən danışılmamış iş olduqda) onda bu problemi Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasında həll etmək olar. Belə olduqda isə müayinənin qiyməti artır.
Cəsur Sümərinli əlavə edib ki, liseydəki tibbi komissiyanın baş həkimi polkovnik-leytenant Sülhəddin Quliyevlə görüşüb: “Mövcud problemlər onun nəzərinə çatdırılıb. Problemlərdən biri də tibbi komissiyanın gedişində vətəndaşlara əvvəlcədən bəlli olmayan bir sıra prosedurların aparılmasıdır. Misal üçün, gözün rənginin seçməsi ilə bağlı müayinənin nəticələri bir çoxlarında narazılıq doğurub. Belə ki, belə bir müayinə aparılacağı barədə məlumat verilsəydi, uyğunsuz olanlar (xüsusilə də ucqar rayon sakinləri) xərc çəkib Bakıya gəlməzdilər. Sülhəddin Quliyev bunu komissiyanın daxili işi adlandırdı. “Doktrina”nın müşahidələrinə görə, gözün rənginin necə seçilməsinə dair kitab rus dilindədir və çox böyük ehtimalla Rusiya Silahlı Qüvvələri üçün nəzərdə tutulub”.
Cəsur Sümərinli Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasına da baş çəkib, rəis müavini ilə görüşərək problemləri onun diqqətinə çatdırıb, rəis Elxan İbrahimovun adına şikayət məktubu təqdim edib.
Monitorinqin nəticələrini bölüşən Cəsur Sümərinli qeyd edib ki, Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul prosesinin bu şəkildə aparılması Azərbaycan Silahlı Qüvvələri üçün savadlı, bacarıqlı kadrların hazırlanması siyasətinə ziddir və ümumilikdə qeyd edilən hallar Azərbaycanın milli təhlükəsizlik maraqlarına zərbə vurur: “Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının rəhbərinə məktubumda qeyd edilən halların araşdırılması ilə bağlı göstəriş verilməsini, görüləcək tədbirlərin nəticələri barədə cəmiyyətin məlumatlandırılmasını xahiş etdim. Bu şəkildə tibbi komissiyanın keçirilməsi yolverilməzdir və proses yenidən, media və QHT nümayəndələrinin iştirakı ilə keçirilməlidir”.









