MDB dövlət başçıları görüşəcəklər .....                     Restoran və şirkət rəhbərləri belə aldadılıb .....                     İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb .....                     Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında .....                     Milyonluq ordu üçün AB-dən tələb .....                     İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub .....                     Brayza Trampın Azərbaycanla bağlı planı barədə .....                     "Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" .....                     Bu şirkətlər vətəndaşları aldadır .....                     Arabir yağıntılı olacağı ehtimalı var .....                     Məşhur müğənninin Bakıyla bağlı paylaşımına .....                     “MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir .....                     Milli Qəhrəmanın “PKK”çı oğlu öldü .....                     Novruzda Əfv sərəncamı olacaq? .....                     “Nəsimi” metrostansiyasının çıxışındakı .....                     ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... .....                     Daha 5 `kosmetoloq` İFŞA OLUNDU .....                     Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... .....                     "İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" .....                     Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” .....                     Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı .....                     Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb .....                     Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi .....                     "Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... .....                     Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! .....                     Azər Rəcəbovun müavini yenidən həbs edildi .....                     Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR .....                     İrəvan Moskvanın əsəblərini tarıma çəkir .....                     Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? .....                     Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa .....                     MİDA sakinləri etiraza qalxdı .....                     "AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" .....                     Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı .....                     Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib .....                     Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb .....                     Azərbaycan belə tələb irəli sürüb, ancaq... .....                     Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib .....                     Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... .....                     "Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." .....                     Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb .....                 

"AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Tarix: Bu gün, 10:42 | Çap et
"AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var"
1 sentyabr 2024-cü il tarixində keçirilmiş parlament seçkilərində ilk dəfə deputat mandatı qazananlar arasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Arzuxan Əlizadə də var. Arzuxan Əlizadə Modern.az-ın qonağı olub və bir sıra mövzularda suallarımızı cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Arzuxan bəy, uzun müddət bələdiyyə üzvü kimi fəaliyyət göstərəndən sonra, 2024-cü ildə deputatlığa namizəd oldunuz. Qələbə qazanmağa əminlik vardımı?

- Mən üç dəfə bələdiyyə seçkilərində iştirak etmişəm və seçilmişəm. Bakıxanov qəsəbəsi yaşadığım ərazidir. Bakıxanov qəsəbəsində bələdiyyə üzvü, eləcə də ilk gündən hüquq məsələləri komissiyasının sədri olmuşam. Bakıxanov qəsəbəsi kompakt bir ərazidir. O ərazidə həm övladlarım orta məktəb təhsili alıb, həm də valideynlərim məktəbdə müəllim işləyiblər. Həyat yoldaşım həmin ərazidə həkim işləyir. Orada qohum-əqrabamız, yaxın ətrafımız çoxdur. Ona görə həmin dairədən namizədliyimi irəli sürüb qalib gəlməyim normal haldır.
Amma mən həm də parlament seçkilərində iştirak etmişəm. İlk dəfə 90-cı illərin seçkilərində belə bir cəhdim olub. Onda tələbəydim. Sonra mən yaxın dostlarımızdan birinə güzəştə gedib, onun namizədliyini dəstəklədik. O da uğur qazandı. Sonra 2000-ci ildə AMİP-in proporsional siyahısında seçkilərə qatılmışam. 2010 və 2015-ci illərdə Suraxanı 30 saylı seçki dairəsindən və Sabunçuda 26 saylı seçki dairəsindən namizədliyimi irəli sürmüşdüm. Heç bir nəticə olmamışdı. Bu dəfə isə seçiləcəyimə daha çox əmin idim. Burada ətrafımızın olması, seçicilərimizlə ünsiyyət sayəsində müsbət nəticə əldə etdik.

- Güzəştə getdiyiniz o dostunuz kim idi?

- Elə də tanınmış adam deyil. 90-cı il parlamentində təmsil olunub. Tanınmış olmadığı üçün adını çəkmək istəmirəm.

- Hazırda İnsan haqları komitəsinin sədr müavinisiniz. İlk dəfə parlamentdə təmsil olunsanız da, komitə sədrinin müavini seçildiniz. Bu, nədən qaynaqlanır?

- 2019-cu ildə AMİP olaraq təşəbbüsümüz oldu. Belə ki, ölkədə fəaliyyət göstərən siyasi təşkilatlar, onların rəhbər və funksionerləri ilə məsləhətləşmələr aparıb, görüşlər keçirməyi hədəfləyirdik. Sonradan bu təşəbbüsü 4 partiya ilə birlikdə yürütməyi nəzərə aldıq. Çünki müxalif partiyalar arasında münasibətlər xoşagələn deyil. Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn, Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev, Ağ Partiyanın sədri Tural Abbaslı və mən münasibətlərimizi qura bilək deyə, bu təşəbbüsü dəstəklədik. Təkliflərimizi konsensusla ümumi sənəd halına gətirməyi planlaşdırdıq. Məqsədimiz ümumi təkliflərin yer aldığı paketi həm Azərbaycan hökumətinə təqdim etmək, həm də mətbuat vasitəsi ilə ictimaiyyətin diqqətinə çatdırmaq olub. Təəssüflər olsun ki, bəzi siyasi təşkilatlar tərəfindən fərqli yanaşmalar oldu. Bunun kökündə qısqanclıq da, başqa amillər də vardı. Nəticə etibarilə o zaman parlamentdə təmsil olunan bəzi siyasi partiyalar da daxil olmaqla, ümumilikdə 14 partiyanın razılaşdırdığı geniş təkliflər paketi hazırladıq. Konsensusa gələrək işçi qrupları yaratmışdıq. Nəhayət, bunu biz 2019-cu ildə hökumətə və ictimaiyyətə təqdim etdik. O zaman Beynəlxalq Mətbuat Mərkəzində tədbir də keçirmişdik. Sənədin təqdimatı oldu, bir sıra təkliflərimiz vardı. Parlament seçkilərinin qarışıq əsasda keçirilməsi, parlamentin say tərkibinin artırılmasını təklif etmişdik. Təkliflərin içərisində Milli Məclisdə azlıqda olan partiyaların parlament rəhbəriyində təmsilçiliyi də qeyd olunmuşdu. Bu təklif qəbul edildi. 2020-ci ildə keçirilən parlament seçkilərində ilk dəfə olaraq, azlıqda olan partiyaların nümayəndələri parlament rəhbərliyində təmsil olunmağa başladılar. Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Fəzail İbrahimli parlamentin vitse-spikeri oldu. Bütün partiya sədrləri parlamentin komitə sədrlərinin müavinləri qismində çalışmağa başladılar. Qənirə xanım dünyasını dəyişdikdən sonra, Fazil bəy bir müddət onu əvəz etdi. VII çağırış Milli Məclisdə isə artıq o, komitə sədridir. Bu gün də azlıqda olan siyasi partiya sədrləri parlament rəhbərliyində təmsil olunurlar.

- Siz həm də AMİP-in sədrisiniz. Amma müşahidələrə görə, bütün digər partiyalar kimi AMİP-in də siyasi aktivliyi nəzərə çarmır. Bununla razısınız?

- Bu fikirlə mən razı deyiləm. Çox zaman 90-cı illərlə bu günü müqayisə edirik. Həmin dövrdə vəziyyət tamam fərqli idi. O zaman bütün partiyalar kifayət qədər aktiv idilər. Siyasi mühitdə fərqlilik vardı. Ölkəmiz yeni müstəqillik əldə etmiş, yeni konstitusiyamız qəbul olunmuşdu. Eyni zamanda torpaqlarımız işğal altında idi və çox ciddi təzyiq vardı. Böyük bir qaçqın-köçkün təbəqəsi yaranmışdı. Ölkədəki siyasi vəziyyət fərqliydi. Partiyalar aktiv idi, çünki müstəqilliyin əldə edilməsində iştirak edən siyasi liderlər vardı. Bilavasitə xalq tərəfindən qəbul olunmuşdular. Azərbaycanda etiraf etmək lazımdır ki, partiyalar şəxslər ətrafında formalaşmışdı. Yavaş-yavaş sonradan ideoloji mərhələyə keçid baş verdi. İnsanlarımızın bu mənada aktivliyi də kifayət qədər yüksək idi. Bütün seçkilərdə çox ciddi aktivlik nümayiş etdirilirdi. Buna görə də siyasi partiyaların fəaliyyəti daha qabarıq görsənirdi. Hər dövrün öz mühiti var. Mən AMİP barədə konkret danışa bilərəm.
Sonra tədricən siyasi fəaliyyəti zəif olan bir sıra təşkilatlar meydandan çəkildilər. Azərbaycanda bu gün 26 siyasi partiya fəaliyyət göstərir. Halbuki əvvəlki dövrdə siyasi partiyaların sayı 60 idi. Bu illər ərzində AMİP-in əvvəlki dövrlərlə müqayisədə fəaliyyətinin zəif olduğunu deyə bilərik. Amma heç vaxt fəaliyyətimiz dayanmayıb. 2003-cü ildən sonra prezident seçkiləri istisna olmaqla, bütün bələdiyyə və parlament seçilərində iştirak etmişik.
Parlamentdə təmsil olunmasaq da, müəyyən uğurlarımız olub. 2000-ci ildən bəri AMİP təxminən 25 ildir ki, parlamentdə təmsil olunmurdu. Bunun da fəaliyyətimizin zəif olmasına təsiri vardı. Mübaliğəsiz deyirəm ki, ən geniş beynəlxalq əlaqələrə malik siyasi təşkilatıq. Beynəlxalq əlaqələrimizi bu dövr ərzində bir qədər də gücləndirmişik. İstər Bakıda, istərsə də Avropanın müxtəlif mərkəzlərində - Stokholmda, Brüsseldə, Sevilyada, Marseldə əməkdaşlıq etdiyimiz təşkilatlarla bir yerdə tədbirlər təşkil etmişik.

AMİP 1999-cu ildən etibarən Beynəlxalq Demokratlar İttifaqının tam hüquqlu üzvüdür. Bu təşkilat ABŞ prezidenti, Böyük Britaniya baş naziri, Almaniya kansleri və Fransa prezidentinin təşəbbüsləri ilə 1983-cü ildə yaradılan platformadır. Bu gün də orada 80-dən artıq ölkədən 100-dən çox sağ mərkəz yönümlü siyasi təşkilat fəaliyyət göstərir. Böyük əksəriyyəti də bu gün öz ölkələrində hakimiyyətdədir. Məsələn, Tramp Respublikaçıları təmsil edir. Bizim Respublikaçılar Partiyası ilə münasibətlərimiz həmin illərə dayanır. Böyük Britaniyada Mühafizəkarlar, İsveçdə hakimiyyətdə olan Moderat və s. Bu gün həmin platformada təmsil olunan siyasi partiyaların əksəriyyəti öz ölkələrində ya hakimiyyətdədirlər, ya da əsas müxalif təşkilatlardır. Biz beynəlxalq əlaqələrimizi qoruyub saxlamışıq. Eyni zamanda Avropa Parlamentinin ən böyük fraksiyası olan Avropa Xalq Partiyası ilə də 2008-ci ildən əlaqələrimiz var. Azərbaycandan və Şərqdən Beynəlxalq Demokratlar İttifaqında təmsil olunan tək siyasi təşkilat bizik. Avropa Xalq Partiyası ilə Azərbaycandan yalnız AMİP və YAP əlaqələrə malik idi.

Bir sıra siyasi platformalarda da Azərbaycanın həqiqətlərini çatdırmaq istiqamətində fəaliyyətlərimiz olub. Beynəlxalq Demokratlar İttifaqının tərkibində Gənc Demokratlar İttifaqında bizim gənclərimiz təmsil olunub. Orada yeri gəlmişkən 2011-ci ildə Qarabağla bağlı sənədin qəbuluna nail olduq. Sənədin müəllifi AMİP idi. Həmmüəllif olaraq həmin sənədin hazırlanmasında iştirak etmişdim. Eləcə də, Beynəlxalq Demorkatlar İttifaqının tərkibində həm Cənubi Azərbaycanla, həm də Azərbaycanın Qarabağla bağlı kifayət qədər ciddi sənədlər hazırlanıb, həmin ölkələrin parlamentlərinə paylanmışdı. Bu prosesi davamlı aparmışıq. İkinci Qarabağ savaşı dönəmində 200-ə yaxın ölkənin parlamentlərinə və siyasilərinə, hakimiyyətdə olan partiya sədrlərinə məktublar göndərmişik. Ölkə daxilində parlamentdə təmsil olunmamışıq. Bu bizim fəaliyyətimizə kifayət qədər mənfi təsir göstərib. Buna baxmayaraq, biz dövlət mənafelərini əsas mövqeyə qoymuşuq. Beynəlxalq əlaqələrimizi o istiqamətdə inkişaf etdirmişik. Bu baxımdan AMİP-in fəaliyyətsiz olduğu ilə bağlı fikirlə razılaşmıram. Ölkədaxili elə proses yoxdur ki, AMİP bu və ya digər formada iştirak edib, təmsil olunmasın.

- Belə fikirlər də var ki, siyasi partiyaların mətbuatla əməkdaşlığının zəif qurulması da onların fəaliyyətini kölgədə qoyur.

- Mən etiraf edirəm ki, bizim mətbuatla münasibətlərmiz bir müddət ərzində lazımi səviyyədə olmayıb. Bu da etiraf olunmalıdır. Çalışırıq ki, əskikləri aradan qaldıraq. Parlament partiyası olaraq, üzərimizə daha çox məsuliyyət düşür. Məsuliyyətimizdən və görəvimizdən istifadə edərək partiyanın fəaliyyətini bir qədər də gücləndirməyi, təbii ki, hədəfləmişik.

- Sizin deputat seçilməyiniz partiyanın fəaliyyətinə necə təsir edib?

- Parlamentə seçilməyimin partiyanın fəaliyyətinə təbii ki, kifayət qədər müsbət təsiri olub. AMİP olaraq 29 yanvarda keçiriləcək bələdiyyə seçkilərində öz namizədlərimizlə iştirak edirik. Biz artıq bir qədər də fəaliyyətimizi gücləndirmişik. Rayon təşkilatlarımızda struktur dəyişikliklərinə gedilib. Bu prosesdə aktivlik müşahidə olunmaqdadır. Partiya cəlbediciliyini bir qədər özünə qaytara bilib. Parlamentdə təmsilçilik çox ciddi məqamlardan biridir. AMİP olaraq 25 ildən sonra parlamentə yenidən qayıtmışıq. Bu mənada müsbət yöndə partiyada inkişaf var.

- AMİP lideri Etibar Məmmədov parlament seçkiləri zamanı sizə dəstək verdimi?

- Parlament seçkilərində bir neçə namizədlə iştirak edirdik. Etibar bəyə partiya daxilindən müraciət olunmuşdu ki, seçkilərdə iştirak edəcəksə, ona dəstək olunsun. Ancaq Etibar bəy seçkilərdə iştirak etməmək barədə qərar verdi. Ondan sonra seçkilər dönəmində belə bir qərar oldu ki, hansı dairədən keçmək şansımız daha çoxdursa, həmin dairəyə fokuslanaq. Belə qərar alındı ki, mənim namizəd olduğum dairəyə partiyanın bütün resurs və imkanları yönəldildi və nəticə əldə edə bildik.

- Bəs indiki vaxtda onunla hər hansı məsələdə məsləhətləşirsinizmi?

- Etibar bəy partiyanın cari fəaliyyətində birmənalı iştirak etmir. Qəbul edilmiş qərarlara nə əvvəldən, nə sonradan hansısa müdaxilə edir. Bu, qəbul olunmalıdır ki, Etibar bəy Azərbaycanda siyasi arenada müəyyən qədər uğurları olan və kifayət qədər tanınan şəxsiyyətdir. Azərbaycan milli azadlıq hərəkatının liderlərindən biri olub. O zaman Rusiyada həbs həyatı yaşayıb. 1 milyon yarım insanın imzası ilə həbsdən azad edilib. Ondan sonrakı dövrlərdə də Azərbaycanın tanınmasında iştirak edib. Ölkəmiz ilk dəfə Türkiyə tərəfindən tanınıb. Bu prosesdə Etibar bəy bilavasitə iştirak edib. Türkiyə ictimaiyyətində bu mövqe gücləndirildi. Sonradan Pakistana gedən nümayəndə heyətinə də Etibar bəy rəhbərlik edib. Bu il "Konstitusiya ili"dir. O, konstitusiya komissiyasının üzvü olub. Müəyyən qədər böyük xidmətləri var. Müxtəlif məsələlərlə bağlı müzakirələrimiz olur. Konkret kritik məsələlərdə onunla məsləhətləşməliyik deyə, bir şey yoxdur. Sadəcə bəzi mövzularda onun da fikrini öyrənməyə ehtiyac yaranır.

- Etibar Məmmədovu siyasətdən tamamilə gedən eks-siyasətçi adlandıra bilərikmi?

- Eks-siyasətçilər olmur. Etibar bəyi də belə adlandırmaq olmaz. Etibar bəylə müəyyən məsələlər olanda məsləhətləşmələr mümkündür. Çünki siyasi təcrübəsi var. Həmçinin Etibar bəy Beynəlxalq Demokratlar İttifaqında 3 il vitse-prezident olub. Azərbaycanı yüksək səviyyədə təmsil etdi və lehimizə qərarların qəbulunda rol oynadı. Kifayət qədər geniş siyasi təcrübəsi olan adamdır. Belə adamların təcrübələrindən istifadə etmək lazımdır. Müəyyən məsələlərdə onun təcrübələrindən istifadə edirik. Lakin bu o demək deyil ki, Etibar bəy partiyanın hansısa qərarında bilavasitə rol oynayır. Etibar bəy özü istefa verəndə də bildirdi ki, gənclərə yol açılır və özümüz məsələləri idarə etməliyik.

- Yəqin bilməmiş olmazsınız ki, Etibar bəy hazırda nə ilə məşğuldur...

- Aktif siyasətlə məşğul deyil. Belə olsaydı, seçkilərdə iştirak edərdi. Yalnız AMİP-dən yox, mətbuatdan ona zaman-zaman müraciət olunur, hansısa məsələlərə münasibət bildirməsi istənilir. Etibar bəy bu məsələlərə öz mövqeyini bildirir. O dövrün prosesləri ilə bağlı kifayət qədər məlumatlara sahibdir. Yeri gəlmişkən, bir neçə aydan sonra 70 illik yubileyi keçiriləcək.

- İxtisasca hüquqşünassınız. Parlamentdə hüquq sahəsinə aid hansı ciddi problemin gündəmə çıxarılmasını istərdiniz?

- Ötən sessiyada məhkəmə və hakimlər haqqında qanuna müəyyən dəyişikliklər edildi. Pozitiv dəyişikliklər oldu. Təqdir etdik. Daha bir sıra məsələlərin də diqqətə alınması ilə bağlı təkliflər irəli sürmüşdüm. Hakimlərin seçkisi, eləcə də məhkəmə-hüquq sistemində olan məsələlərin bir qədər də təkmilləşməsi istiqamətində təkliflərimizi təqdim etdik. Növbəti sessiyada müxtəlif məsələlərlə bağlı təkliflərimiz olacaq.

- Bu il “Konstitusiya və suverenlik ili” elan edilib. Konstitusiya dəyişikliklərinə gedə bilərikmi, referendum gözlənilirmi?

- 2019-cu ildə təkliflər paketi hazırlamışdıq. Təkliflərin bəziləri konstitusiya dəyişiklikləri ilə mümkündür. Bu baxımdan təkliflərə müsbət yanaşılsa, referenduma gedilməsi zəruridir. Parlamentin say tərkibinin artırılması, proporsional seçki sisteminə keçid, idarəetmə sistemi ilə bağlı dəyişikliklər üçün mütləq referenduma getməyə ehtiyac ola bilər. Referendum gözləniləndir. Azərbaycan prezidenti də bir müddət əvvəl dedi ki, hazırki icra hakimiyyəti strukturu keçmiş sovetlərdən qalmadır. Dövlət başçısı da qeyd etdi ki, gələcəkdə başqa idarəetmə sisteminə keçilə bilər. Torpaqlarımız işğaldan azad olunandan sonra bu ərazilərdə Prezidentin xüsusi nümayəndəliyi yaradıldı. İdaretmə sistemininin biraz da təkmilləşdirilməsi mümkündür. Konstitusiya dəyişikliklərinin edilməsini istisna etmirəm. Belə olduğu halda referendum qaçılmaz olacaq. Açığı qısa müddət ərzində bunun baş tutmasını gözləmirəm.

- Seçkilərlə bağlı nələrin dəyişməsini istəyərdiniz? Məsələn, proporsional seçki sisteminin bərpasına münasibətiniz necədir?

- Proporsional seçkilərdə partiyaların iştirakı bir qədər də fərqli olur. Partiyalara insanların getməsi, burada təmsilçiliyi, namizəd kimi proporsional siyahıda iştirakı təşviq olunur. Partiyaların ölkənin siyasi sistemində iştirakı bir qədər də güclənir. Amma bizim istəyimiz qarışıq seçki sisteminə gedilməsidir. Siyasi partiyalaşma institunun inkişafı baxımından qarışıq seçki sisteminə getməyi məqsədəuyğun hesab edirik.

- Deputat seçildiyiniz ərazidə əsas problemlər nələrdir?

- Bu problemlər yalnız bir dairəni əhatə etmir. Sabunçu rayonu 10 qəsəbədən ibarətdir. Ayrı-ayrılıqda qəsəbənin öz bələdiyyələri var. Mənim dairəm Sabunçu, Ramana, Balaxanı qəsəbələrini tam, Bakıxanov qəsəbəsininn kiçik bir hissəsini əhatə edir. Kanalizasiya ilə bağlı problemlər mövcuddur. Ötən il yağışlar nəticəsində daşqınlar oldu. Balaxanı, daha çox Sabunçu qəsəbəsində insanlar problemlərlə üzləşdilər. Buna səbəb kanalizasiyanın olmaması idi. Yol infrasturkturu ilə bağlı problemlər olub. Bizə bununla bağlı kollektiv müraciətlər olub. Bununla bağlı müvafiq qurumlara müraciət etməyi planlaşdırmışam. İşə qəbulla bağlı daha çox müraciətlər olur. Biz seçicilərimizlə görüşüb onların problemlərini müvafiq qurumlara çatdırmağa çalışırıq. Bəzən yerli icra hakimiyyətləri səviyyəsində bunları həll etmək mümkün olursa, müraciətlərimiz müsbət qarşılanır. Sabunçu rayonunun icra başçısı bu məsələlərə kifayət qədər həsasslıqla yanşır. Ona edilən müraciətlərin həlli üçün çalışır. Elə problemlər var ki, ölkə əhəmiyyətlidir. Bu zaman təbii ki, mərkəzi icra orqanlarına müraciət edilməlidir və edirik. İmkan daxilində o problemlərin də həllinə çalışırıq.

- Təmsil etdiyiniz dairənin seçiciləri sizə əsasən hansı mövzularda müraciət edirlər? Onların həllinə kömək edə bilirsiniz?

- Daha çox işsizliklə bağlı müraciətlər olur. Təkcə Bakıda 400 mindən artıq sənədsiz ev var. Sabunçu rayonunda belə evlərin sayı kifayət qədər çoxdur. 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində daha çox tikilən sənədsiz evlərdir. Ondan sonra müəyyən boşluqlar olub. Fakt ondan ibarətdir ki, öz evlərinə sənəd almaqda çətinlik çəkirlər. Azərbaycan Prezidentinin 2012-ci ildə sərəncamı olub. Yerli idarəetmə orqanları-bələdiyyələr, icra hakimiyyətləri bir müddət evlərin sənədləşdirmə işlərini apardılar. Növbə müvafiq mərkəzi icra orqanlarınındır. Əmlak Məsələləri Komitəsi, eləcə də hökumət bu sahədə təxirəsalınmaz tədbirlər həyata keçirməlidir. Həmin sənədsiz evlərin sənədləşdirilməsi prosesi artıq real olaraq başlamalıdır.

Maddi təminatla bağlı müraciətlər olur. Bizə bir müraciət daxil olmuşdu. Balaxanıda bir məktəb var. Amma idman zalı bir qədər yararsız haldadır. Yaxın dostlarımızın dəstəyi ilə oranı təmir etdik. 12 saylı poliknika var. Oranın açılışında hətta cənab Prezident də iştirak edib. Görünür, müəyyən dövr keçib, tələsik bəzi işlər olub. Binanın fasad hissəsində problemlər yaranmışdı. Mərmər qranit lövhələr düşmüşdü. Kifayət qədər görünən yerdi. Dostlarımız bu məsələdə də kömək etdilər. İşlə bağlı müraciət edənlər olur, xüsusilə də, çalışırıq qazilərimizə hansısa səviyyədə yardım edək. Seçicilərimiz arasından işə qəbulda yardım etdiklərimiz var. İmkanımız daxilində insanlara köməyə etməyə çalışırıq.

- İndiyə qədər sizə ünvanlanan müraciətlərdən hansı biri daha diqqətçəkən və yaddaqalan olub?

- Yağış suları nəticəsində Sabuncu qəsəbəsində bir sıra evlərə çox ciddi ziyan dəymişdi. Müraciət etdilər, həmin əraziyə gedib şəxsən özüm baxdım. 30-a yaxın ev idi. Yeri gəlmişkən, həmin evlər 90-cı illərdə tikilib. Onların sıradan çıxmış ev əşyalarını gördüm. Hətta bir ana acınacaqlı formada müraciət etmişdi. Bir neçə gün sonra övladına toy etmək istəyirmiş, gəlinin cehizləri gəlmişdi. Hamısı yararsız hala düşdüyündən toyu təxirə salmalı oldular. Belə səhnələri görəndə təbii ki, yaddan çıxmır. Bir ana oğlunun müəyyən pis vərdişlərə sövq edildiyi ilə bağlı müraciət etmişdi. Onun reabilitasiya mərkəzinə yerləşdirilməsinə kömək etdik. İş axtarıb tapmayanlar var ki onlar barədə icra hakimiyyətlərinə müraciət edirik ki, hansısa formada kömək etsinlər. Biri var ki, vətəndaşı sadəcə dinləyəsən, biri də var onun dilə gətirdiyi məsələlərə içdən yanaşasan. İçdən yanaşdıqda heç bir müraciət əlbəttə yadımdan çıxmır.

- Sizcə, 2025-ci ildə Cənubi Qafqazı nələr gözləyir?

- Cənubi Qafqaz bu dəqiqə dünyanın əsas güclərinin diqqət mərkəzində olan məkandır. Cənubi Qafqaza, xüsusilə də açılacaq nəqliyyat dəhlizlərinə nəzarət uğrunda savaş gedir və bu proses açıq müstəviyə keçib. Şükürlər olsun ki, Azərbaycan Respublikası ərazi bütövlüyünü və suverenliyini bərpa etdi. Bununla biz həm də regionun əsas dövlətinə çevrildik. Regionun əsas güc və söz sahibiyik. Regionda sülhün qarantı birmənalı olaraq Azərbaycandır. Bu mənada üzərimizə böyük məsuliyyət düşür. Qardaş Türkiyə ilə tandemdə biz arealda əsas güc mərkəziyik. Bununla gec-tez hesablaşacaqlar. Əslində bunu artıq başa düşürlər. Sadəcə olaraq, müəyyən təzyiqlərlə üstümüzə gəlirlər. Azərbaycanı müəyyən güzəştlərə getməyə, bir addım geri çəkilməyə sövq etmək istiqamətində cəhdlər var. Bu cəhdlər birmənalı olaraq uğursuzdur.

Ermənistan əslində yaranandan qondarma dövlətdir. Ermənistan hələ də Rusiyanın forpostudur. Ermənistanın iqtisadiyyatı Rusiyadan asılıdır. Ermənistanda Rusiyanın hərbçiləri var. Paşinyan hakimiyyətə gətiriləndən sonra təhlükəli oyun oynayır. Ermənistan özünə hər zaman ağa axtarıb. Bu günə qədər ağası Rusiya idi. İndi özünə yeni ağa axtarır. Onu hakimiyyətə gətirənlərin qarşısında götürdüyü öhdəliklər olub ki, Rusiyanı buradan sıxıdışırıb çıxarsın və həmin mövqe Qərb güclərinə verilsin. Bu istiqamətdə ciddi işlər görülür. Avropa Mülki Missiyası adı altında əslində alman və fransız xüsusi dövlət orqanlarının zabitlərdən ibarət qrup Azərbaycanın razılığı olmadan bizimlə şərti sərhəddə yerləşdirib. Bu missiya kəşfiyyat xarakterlidir. ABŞ-la məhdud sayda olsa da, hərbi kontingetin İran sərhədində təlimləri keçirildi. Yanvarın 14-də ABŞ-la Ermənistan arasında strateji taərədaşlıq haqda xartiya imzalandı. Əslində Ermənistan bununla növbəti oyuna girişdi. Artıq birmənalı olaraq, ABŞ-ı güc mərkəzi kimi regiona gətirmək istəyirlər. Erməni politoloqlar, müxaliflər birmənalı bildirirlər ki, bunun Ermənistanın özü üçün çox böyük faciəsi ola bilər. Çünki burada region gücləri var. Rusiya Cənubi Qafqazdan çıxmayıb. İran regional oyunçudur. ABŞ və Avropa İttifaqı missiyalarının Ermənistana gəlib yerləşməsi nə Rusiyanın, nə də İranın dövlət maraqlarına xidmət edir. Biz hələ ki 14 yanvar sazişi ilə bağlı çox ciddi reaksiya görmürük. Çox böyük ehtimalla Tramp administrasiyasnın bu sazişi hansı formada reallaşdıracağı və ya arxivə atacağı məqamı gözlənilir. Saziş Tramp administrasiyası tərəfindən icra edilməyə başlansa, regionda vəziyyət bir qədər də dəyişəcək. Rusiyanın da, İranın da buna reaksiyası olacaq. Azərbaycan da bu məsələyə seyrçi qalmayacaq. Cənab Prezident yerli KİV-ə verdiyi müsahibəsində də dedi ki, regionda baş verənlərə seyrçi qalmaq istəmirik. Türkiyə və Azərbaycan regionda ikinci cəbhənin kimə qarşı olmasına baxmayaraq, açılmasını istəmir. Bu bizim maraqlarımıza ziddir. Ermənistan özü atdığı addımlar nəticəsində ciddi faciələrlə üzləşmiş olacaq. Belə davam edərsə, bu qondarma dövlət öz varlığını qorumaq üçün nə vaxtsa, mücadiləyə başlayacaq. Çünki porseslər ona doğru gedir.

Tramp administrasiyasının birinci prezidentliyi dönəmində yürütdüyü siyasət onu deməyə əsas verir ki, budəfki addımlar Azərbaycanın xeyrinə cərəyan edə bilər. Biz öz müdafiə qabiliyyətimizi artırır və gücləndiririk. Bu yaxınlarda Rusiya prezidenti Vladimir Putinlə Ermıınistan baş naziri arasında telefon danışığı olub. Çox güman ki, burada Avrasiya İqtisadi İttifaqı və iqtisadi əlaqələrin daha da yeksəldilmısi ilə bağlı məsələ müzakirə olunub. Ola bilsin ki, Putin Paşinyana qulaqburması verib. Çünki eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa İttifaqında olmaq mümkün deyil. Yaxud Həm Kollektiv Təhlükəsizlik Əməkdaşlıq Təşkilatı(KTMT), həm də NATO ilə əlaqələr mümkün deyil. Hər dəfə Ermənistan belə addımlar atanda Putin Paşinyanın ipindən tutub çağırır. Paşinyan da Rusiyada bir platformadan, Avropada isə digər platformadan çıxış edir. Bu erməni xislətindən qaynaqlanır. Amma Ermənistanın ikili siyasətinə müxalif siyasilər, politoloqlar etiraz edirlər və bunun pis nəticələnəcəyini dilə gətirirlər.

- Zəngəzur dəhlizinin bu il açılması gözlənilirmi?

- Zəngəzur dəhlizi təbii ki, açılacaq. 14 yanvarda ABŞ və Ermənistan arasında imzlanan sazişin bir bəndində yazılıb: “Nəqliyyat dəhlizlərinin fəaliyyəti Ermənistanın suverenliyi qorunmaqla olmalıdır”. Bu yəqin ki, Ermənistanın xahişi ilə ora salınıb. Təbii ki, qarşı tərəflərdə tərcih edirlər ki, Zəngəzur dəhlizinə üçtərəfli bəyanatda olduğu kimi, Rusiya nəzarət etməsin. Ermənistan 10 noyabr sazişini fərqli interpretasiya edir. Guya orada viziual nəzarət ola bilər. Lakin əslində fiziki nəzarət nəzərdə tutulur. Qərb gücləri Rusiyanın Zəngəzur dəhlizinə nəzarət etməsini istəmirlər. Zəngəzur dəhlizinin açılması məsələsində ABŞ-ın da marağı var. 2030-cu ilə qədər Zəngəzur dəhlizinin açılması Britaniyanın da maraqlarına xidmtət edir. Çin və digər aparıcı dövlətlər də Zəngəzur dəhlizinin açılmasında maraqlıdırlar. Ermənistan və onun ağlı başına gəlməyən rəhbərləri başa düşməlidirlər ki, Zəngəzur dəhlizinin açılması Ermənistanın özünə xeyir verə bilər. İqtisadiyyatı güclənə, Rusiyanın asılılığından müəyyən mənada çıxa bilər. Kənardan özünə ağalar gətirib nəyəsə nail olmaq qeyri-mümkündür. Rəsmi İrəvan yürütdüyü siyasət nəticəsində Lars keçidinin ümidinə qalıb. O da qar yağanda, yaxud Rusiya ilə anlaşılmazlıq yarananda bağlanır. Digər tərəfdən də sanksiyalar altında olan İranın ümidinə qalıblar. Təbii ki, İranla Qərbə çıxmaq mümkün deyil. Amma konkret olaraq Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırsa, iqtisadiyyatını da genişləndirər və dünyaya çıxışı olar. Bunu nəhayət ki, başa düşməlidirlər. Bəlkə də, başa düşürlər. Sadəcə ağaları fərqli cür düşünür. Bu toplum xəstədir. Öz özlərini yox, başqaları tərəfindən idarə olunmağı xoşlayırlar. 30 ildən sonra nəhayət başlarına "dəmir yumruq" dəydi və bir az ağıllandılar. Görünür növbəti dəfə "dəmir yumruq" işə düşəcək. Prezident çox konkret olaraq dedi ki, Zəngəzur dəhlizi mütləq açılacaq.

- Bakıda Ermənistanın hərbi təcavüzü nəticəsində çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən şəxslərin – Vardanyan, Arutyunyan, Qukasyan, Saakyanların məhkəməsi başlayıb. Ermənipərəst dairələr onları dünyaya "siyasi məhbus" kimi sırımağa çalışırlar. Bu yalanın ifşası üçün sədr müavini olduğunuz komitə hansı addımları ata bilər?

- Bu çox tarixi hadisədir. Ermənilər 30 il torpaqlrımızı işğal etməklə yanaşı, yerlə-yeksan ediblər. Bu gün start verilən məhkəmə prosesini 1945-ci ildə başlanan "Nürenberq məhkəməsi" ilə eyniləşdirirlər. Hesab edirəm ki, eyniləşmə doğrudur. O zaman 4 il ərzində müharibə cinayətləri törədilmişdisə, ermənilər tərəfindən 30 ilə yaxın vaxtda hərbi cinayətlər törədilib. İnsanlıq əleyhinə cinayətlər törədilib. Bu adamların adı bir sıra hərbi cinayətlərdə hallanır. Bizim yüz minlərlə vətəndaşımızın qovulmasında, sürgün olmalarında, öldürülməsində birbaşa rol oynayıblar, əmrlər veriblər. Gəncə, Tərtər bombalansın deyə çıxışları var. O qədər geniş müharibə cinayətlərinə yer veriblər ki, bunu hansısa siyasi məsələ ilə bir tutmaq, həmin şəxsləri "siyasi məhbus" adlandırmaq vicdansızlıqdan başqa bir şey deyil. İstintaq ifadələri var cinayətkarların. Vardanyanın ifadə vermədiyi ilə bağlı erməni mətbuatında məlumat yayılıb. Bülbül kimi ötüb hamısı. Bildiyimiz-bilmədiyimiz məqamlar var. Hamısı açılacaq. Məhkəmə prosesini gözləyirik. Bu məhkəmə prosesi uzunmüddətli olacaq. Hesab edirəm ki, bu əslində əsrin məhkəməsidir. Bu ədalətin bərpası məhkəməsidir. Vaxtilə Azərbaycana, bütün Türk dünyasına meydan oxuyan bu cinayətkarları qulağından tutub gətirmişik və mühakimə edirik. Məhkəmə prosesi açıq keçirilir. Onları "siyasi məhbus" adllandırmağa cəhd edən vicdansızlar gəlib həmin məhkəmə proseslərində iştirak edib, onların əməllərinə birbaşa şahidlik edə bilərlər. Bu mənada məhkəmə prosesi tarixidir. Son nöqtəni qoymuş oluruq. Hələ ki məsiliyyətdən yayınan cinayətkarlar var. Onlar da öz cəzalarını alacaqlar.

- ABŞ-ın yeni prezidenti Tramp rəsmən fəaliyyət başlayıb. Bəzi ekspertlər dünya düzənində dəyişikliklər proqnozlaşdırılar. Sizin proqnozlarınız nələrdir?

- Tramp tamamilə fərqli siyasət yürüdəcək. ABŞ böyük, hegemon dövlətdir. ABŞ-da kimin prezident olmasından asılı olmyaraq, özünün dövlət siyasəti var. Təbii ki, prezidentlərin də siyasətin yürüdülməsində müəyyən rolu var. Trampın birinci hakimiyyəti dövründə verdiyi vədləri də bilirik. Bayaq qeyd etdim ki, Cənubi Qafqaza, Azərbaycana münasibəti fərqlidir. Trampın birinci hakimiyyəti dövründə İkinci Qarabağ müharibəsinə qalxdıqda ən azından heç bir münasibət bildirilmədi. Neytral mövqe tutuldu. Bu da kifayət qədər vacibdir.
Trampın Azərbaycana dost çevrədə olan bir çox siyasilərlə, ictimai siyasi xadimlərlə isti münasibətləri var. İrana sanksiyalar tətbiq edilməsi məsələsi ilə yadda qalıb. İndi də əsas hədəf İran olacaq. Azərbaycanın söz sahibi olmasından yararlanma imkanına malik olduğunu nəzərə alaraq, Azərbaycanla münasibətləri istiləşməyə aparacaq. Donald Tramp Ukrayna-Rusiya müharibəsini bitirəcəyini vəd edib. Bunun üçün 6 ay vaxt müəyyən edilib. Hər halda ortada niyyət varsa, müharaibənin dayandırılması ciddi addımdır. Qəzzada atəşkəs imzalanıb. Düşünürəm bu atəşkəsə Tramp dövründə əməl olunacaq. Trampın Türkiyəyə, şəxsən Rəcəb Tayyib Ərdoğana olan münasibəti onu deməyə əsas verir ki, Demokratlar dönəmindən daha yaxşı situasiya ilə üzləşəcəyik.

- Yeni dönəmdə Azərbaycan hansı mövqedən çıxış etməlidir ki, bölgədə əlini daha da gücləndirsin?

- Yeni hədəflər artıq var. Siyasi təşkilatlar, vətəndaş cəmiyyətlər həmin hədəflərə getmək istiqamətində addımlar atsınlar. Bu hədəflər Azərbaycan dövlətinin regionda bir qədər də güclənməsinə yönəlib. Azərbaycanın iqtisadi və müdafiə potensialının artırılması istiqamətində addımlar atılmalıdır. 30 illik işğalda dağıdılan infrastrukturu yenidən qurmağa qalxmışıq. Orada böyük işlər görülür. Ümumilikdə 22 milyarddan da çox vəsait ayrılıb. 30 mindən artıq vətəndaşımız artıq işğaldan azad olunmuş ərazilərdə məskunlaşıb. Məskunlaşmanın 100 minə çatdırılması hədəflənir. Bu da vacibdir.

Regionda digər bir sıra hədəflərimiz var. Bunlardan biri də Qərbi Azərbaycana qayıdış konsepsiyasının reallaşdırılmasıdır. 1918-ci ildə bizim dövlət qurucularımız İrəvanı Ermənistana müvəqqəti paytaxt veriblər. Ermənistanın 9 min kvadrat kilometrdə formalaşmış dövlətçiliyi olub. Azərbaycan isə 114 min kvadrat kilometr olub. Zəngəzur, Dərələyəz kimi ərazilər də bizə daxil olub. Azərbaycan xalqının rəyi nəzərə alınmadan SSRİ Nazirlər Soveti, Komunist Partiyası Mərkəzi Komitəsinin tamamilə hüquqazidd qərarı ilə insanlarımız sürgünə məruz qalıblar. Nəticə etibarilə 20 min kvadrat kilometr ərazimiz də beynəlxalq hüquqa zidd olaraq, Ermənistana peşkəş edilib. Zəngəzur problemi də elə onda yaranıb. Torpaqlarımıza qayıtmağı hədəfləyirik. Bunun hüquqi bazası da var. 1991-ci ildə Ermənistan müstəqillik aktı qəbul ediblər. Eləcə də Azərbaycanın müstəqillik aktı var. Biz də, Ermənistan da 1918-ci ildə qurulan cümhuriyyətin varisi elan edilmişik. Varisiyiksə, eyni zamanda ərazilərin varisiyik. Bu varisliyi bərpa etməliyik. Bu bizim hədəfimizdir. Beynəlxalq ictimaiyyətin də diqqətinə çatdırmaq, beynəlxalq qurumların da bilavasitə iştirakını təmin etməklə bu əraziləri özümüzə qaytarmalıyıq. Ən azından ilkin etapda soydaşlarımızın dədə-baba yurdlarına qayıdışını beynəlxalq müstəvidə və reallıqda təmin etməliyik. Bizim əsas hədəflərimizdən biri də bundan ibarətidir. Qarabağda olduğu kimi, Qərbi Azərbaycanda da tarixi və ilahi ədaləti bərpa etməliyik.

Eyni zamanda biz Türk dünyasının əsas hissələrindən biriyik. Qardaş Türkiyə ilə Azərbaycanın dominantlığı ilə Orta Asiya türk dövlətləri ilə əməkdaşlıq genişlənib. Türk Dövlətlər Təşkilatı çərçivəsində fəaliyyət var. Bu fəaliyyət bir qədər də güclənməlidir. Türk Dövlətlər Təşkilatı dünyanın əsas qütblərindən birinə çevrilməlidir. Zamanında dünya ikiqütblü idi. SSRİ və ABŞ vardı. Amma bu gün hörmətli Ərdoğanın təbirincə desək, dünya 5-dən böyükdür. Azərbyacanın, cənab Prezident İlham Əliyevin də təklifi vardı ki, ən azından Qoşulmama Hərəkatının nümayəndələri də BMT TŞ-nin daimi nümayəndələrindən olmalıdır. Eləcə də Türk və islam dünyasından orada nümayəndələrin olması hədəflənir. Lakin əsas hədəf var. Belə ki, çoxqütblü dünya formalaşır. Bu qütblərdən biri də Türk dünyası olmalıdır. Gələcək inkişafımızı bunda görə bilərik. Azərbaycan Prezidenti parlamentdəki çıxışlarından birində “bizim ailəmiz Türk dünyasıdır” dedi. Ailəni gücləndirmək, genişləndirmək hər birimizin borcudur. Güclü olacağıqsa, bizə gözünün ucu ilə başqa niyyətlə baxmaq imkanına heç kəs malik olmayacaq. Son dövrdə beynəlxalq hüquq arxa plana keçib. Güc hüququ ön plana çıxıb. Bəzi dövlətlər "güclüsənsə, haqlısan" prinsipi ilə çıxış edirlər. Ona görə özümüz və Türk dünyası güclü olmalıdır ki, əsas qütblərindən birinə çevrilək. Bu, artıq reallaşmaqdadır. Türkiyə qlobal oyunçuya çevrilməkdədir. Eləcə də Azərbaycan bir sıra məsələlərdə qlobal lider dövlətlərdən birinə çevrilməkdədir. Suriyada baş verən proseslərdə, Ukrayna-Rusiya münasibətlərində, Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasında, Türk dünyasının inkişafında Azərbaycan artıq qlobaal lider dövlət kimi özünü göstəməkdədir. Bu liderlik bir qədər də gücləndirilməlidir.

- Arzuxan bəy, üç övladınız var. Onlar hansı sahədə təhsil alır və ya işləyirlər?

- Ailədə də demokratik idarəetməyə üstünlük vermişəm. Övladlarıma yönləndirmə etmişəm. Amma bu məsləhət formatında olub. Övladlarıma yaxşı təhsil verməyə, onların Azərbaycan mentalitetini, adət-ənənələrini daşıyan gənclər olması üçün çalımışam. Böyük oğlum Texniki Universitetin Avtomobil nəqliyyatı fakultəsini bitirib. Dövlət qurumunda çalışmağı tərcih etməyib. İlk vaxtlardan müəyyən biznes strukturlarında çalışmağa üstünlük verib. Buna mane olmamışam. Özüm də siyasətə gəlmədən öncə bizneslə məşğul olmuşam. Sonra siyasətə gəlməklə o fəaliyyətdən uzaqlaşdım.
Qızım Neft və Sənaye Universitetində Kimya texnologiyası sahəsini seçdi. Əvvəl həkim olmaq istəyirdi. Yoldaşım həkimdir. Kiçik oğlum isə hüquqşünasdır. Artıq uzun müddətdir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində çalışır. Məhkəmədə iclas katibi kimi fəaliyyət göstərir. Dəfələrlə rəhbərliyin mükafatları ilə təltif olunub. Onunla qürur duyuram ki, övladlarım ətraf mühitdə özlərini yaxşı göstəriblər. İkisi ailəlidir. İki nəvəmiz var. Biri birinci sinifə gedir. Kiçk nəvəmiz də məktəbəqədər təhsilə başlayıb. Onların təhsillərinə də diqqət göstəririk. Şükürlər olsun ki, onlar da təhsillə maraqlanmağa başlayıblar.

- Asudə vaxtlarınızı necə dəyərləndirirsiniz?

- Hərbi xidmətə gedənə qədər mən yarıprofessional idmanla məşğul olmuşam. Sonrakı vaxtlarda üzməyə üstünlük vermişəm. Müəyyən qədər vaxt məhdudiyyəti olur. Axşamları yeriməyi sevirəm. Kitab oxumaqla bağlı özümü danlayıram ki, vaxt ayırmıram. İmkan daxilində ailə ilə vaxt keçirməyi xoşlayıram. Siyasətdən əlavə vaxt qalırsa, dostlarımla görüşməyi sevirəm.
Deputatlar nə edirlər, deyənlər vardı. Amma burada seçicilərlə işləməlisən, müraciətlərə baxmalı, onları ünvanlamaq, tədbirlərdə iştirak etmək, iclaslara qatılmaq kifayət qədər vaxt alır. Digər yandan da partiya quruculuğu var. Ona görə vaxt darlığı yaşayırıq. Bunu artıq hiss edirəm. Bütün bunlara baxmayaraq, idmana, mütailəyə, ailəyə və dostlara vaxt ayırmağa çalışıram.

- Hər hansı kolleksiyanız və ya hobbiniz varmı?

- Ailə ilə, dostlarla gəzməyi xoşlayıram. Ölkəmizin bütün gəzməli yerlərində demək olar ki, olmuşam. Bircə Laçında olmamışam. Yaxın vaxtlarda ora getməyi hədəfləyirəm. İşğaldan sonra iki dəfə Şuşada, sonra Ağdam və Zəngilanda olmuşam.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?
Yox
Bu yolda Rusiyanın ağzı ovulacaq

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
MDB dövlət başçıları görüşəcəklər
Bu gün, 13:09
Restoran və şirkət rəhbərləri belə aldadılıb - İnstaqramdakı dələduzluğun TƏFƏRRÜATI
Bu gün, 13:07
İdxal olunan hibrid avtomobillərin sayı 2 dəfəyə yaxın artıb
Bu gün, 13:02
Qadını şantaj edərək öldürmə həddinə çatdıran şəxs yenidən məhkəmə qarşısında
Bu gün, 13:00
Milyonluq ordu üçün AB-dən tələb – Zelenski açıqladı
Bu gün, 12:54
İmişlidə yol qəzası zamanı xuliqanlıq hərəkətlərinə görə saxlanılan 14 nəfər həbs olunub - ADLARI AÇIQLANDI
Bu gün, 12:51
Brayza Trampın Azərbaycanla bağlı planı barədə - “Bu, onun üçün cəlbedici ola bilər”
Bu gün, 12:50
"Saxta etibarnamə ilə prokurora mobil nömrə satmışam" - MƏHKƏMƏ İŞİ
Bu gün, 12:48
Bu şirkətlər vətəndaşları aldadır – DEPUTATDAN XƏBƏRDARLIQ
Bu gün, 12:43
Arabir yağıntılı olacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:41
Məşhur müğənninin Bakıyla bağlı paylaşımına ermənilərdən reaksiya
Bu gün, 12:35
“MTN işi” dalana dirənib: zərərçəkən intihar həddinə çatdırıldığını deyir - AÇIQLAMA
Bu gün, 12:34
Milli Qəhrəmanın “PKK”çı oğlu öldü - İşə xitam verildi
Bu gün, 12:27
Novruzda Əfv sərəncamı olacaq? - AKTUAL
Bu gün, 12:25
“Nəsimi” metrostansiyasının çıxışındakı yolu su BASDI
Bu gün, 12:23
ABŞ-nin hazırkı Milli Kəşfiyyat direktoru 2017-ci ildə Qarabağda olub və separatçı rejimin "müstəqilliyi"ni tanıyıb... - FOTO, VİDEO
Bu gün, 12:17
Daha 5 `kosmetoloq` İFŞA OLUNDU - ADLARI AÇIQLANDI
Bu gün, 12:10
Həcc ziyarətinin bahalaşdığı bir dönəmdə Şeyx də `ÖZÜNƏ MAYA QOYDU`... - FOTO
Bu gün, 12:03
"İş o yerə çatdı ki, meyxana yenə də getdi, düşdü toyxana küncünə" - VİDEO
Bu gün, 11:59
Lavrov Mirzoyanla görüşdə özünü “yandırdı” – Həyəcandan elə səhv etdi ki…
Bu gün, 11:55
Azərbaycanda bu su kanalının yenidən qurulmasına 12,4 mln. manat ayrıldı
Bu gün, 11:51
Şahin Mustafayev İran Ali Milli Təhlükəsizlik Şurasının katibi ilə görüşüb
Bu gün, 11:45
Şəbnəmi qətlə yetirən qardaşına bu cəza verildi
Bu gün, 11:41
"Qərbin təzyiqlərini neytrallaşdırmaq istəyən Gürcüstan... Donald Trampın siyasi dəstəyinə ehtiyac duyur"
Bu gün, 11:37
Naxçıvanda həm də tələbə olan məmurlar... DƏRSƏ GƏLMİRLƏR! - "Bu, saxta təhsilin bir nümunəsidir..."
Bu gün, 11:33
Azər Rəcəbovun müavini yenidən həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:30
Tibb bacısını qanunsuz işdən çıxaran xəstəxana direktorundan YENİ XƏBƏR - FOTO
Bu gün, 11:28
İrəvan Moskvanın əsəblərini tarıma çəkir - NƏ BAŞ VERİR?
Bu gün, 11:25
Pensiya artımlarını nə vaxtdan və hansı məbləğdə alacağıq? - AKTUAL
Bu gün, 11:05
Deputatlığa namizəd olmuş şəxsin ölkədən çıxışına qadağa - Bu qədər borcu var
Bu gün, 10:59
MİDA sakinləri etiraza qalxdı - TƏFƏRRÜAT
Bu gün, 10:57
"AMİP-in Trampın partiyası ilə də əməkdaşlığı var" - deputat
Bu gün, 10:42
Afət ərinə barışıq üçün ev qiymətinə hədiyyə aldı - VİDEO
Bu gün, 10:39
Zelenski Qərbi yalan və ədalətsizlikdə ittiham edib
Bu gün, 10:37
Seçki bülletenlərinin dairə seçki komissiyalarına paylanması prosesinə başlanılıb
Bu gün, 10:33
Azərbaycan belə tələb irəli sürüb, ancaq... - Simonyan
Bu gün, 10:26
Paşinyanın deputat qohumunun malikanəsi qarət edilib - “Hraparak”
Bu gün, 10:17
Hesablama Palatası UNEC-in Zaqatala filialını da araşdırsaydı... - ortaya nələr çıxardı
Bu gün, 10:15
"Mən nazirliyin mövqeyinə hörmətlə yanaşıram, lakin..." - deputat
Bu gün, 10:09
Mərkəzi Bank uçot dərəcəsini sabit saxlayıb - MB-ın inflyasiya proqnozu isə...
Bu gün, 10:04
Hədə-qorxu ilə vətəndaşlardan pul tələb edən kanal rəhbəri saxlanılıb - TƏFƏRRÜAT
Bu gün, 10:01
Livanın paytaxtında "Hizbullah"ın nümayəndəsi öldürülüb - “Mehr”
Bu gün, 09:59
Kompleks Qazma İşləri Trestində GESTAPO REJİMİ - Bunun başqa ADI YOXDUR...
Bu gün, 09:58
Zurabişvili ermənilərə “dayı” deməyə başladı - GÖRÜNƏNİ BUDUR
Bu gün, 09:47
Ermənistan-ABŞ razılaşması Cənubi Qafqaz üçün yaxşı heç nə vəd etmir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 09:36
Qubada əsas söz sahibi kimdir? - HƏLƏ DƏ BİLİNMİR...
Bu gün, 09:28
İmişlidə qəzada zərərçəkənlər DİN-də qəbul edilib - TƏFƏRRÜAT
Bu gün, 09:23
Dövlətə xəyanətdə ittiham olunan şəxsin məhkəməsinin hazırlıq iclası keçirilib
Bu gün, 09:22
15 ildir ŞƏHİDLİK HAQQI tanınmır... - atası FƏRYAD EDİR
Bu gün, 09:16
Məktəblərdə 6 günlük dərs qrafiki ləğv olunur? – AÇIQLAMA
Bu gün, 09:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru