Ucar rayonu, Təzə Şilyan kənd sakiniBəkirov Şüküran Əsgər oğlu tərəfindən ölkə rəhbərliyinə müraciət ünvanlanıb. Bir nüsxəsi də "DİA-AZ"a daxil olan müraciətdə deyilir:
"Mən 1998-ci ildən etibarən dəmir yolu sistemində fasiləsiz çalışıram. Bu illər ərzində Kürdəmir PÇ-5 distansiyasının Müsüslü məntəqəsi və digər stansiyalarda müxtəlif vəzifələrdə işləmiş, Qarabucaq, Sığırli, Bərgüşad stansiyalarında növbətçi kimi fəaliyyət göstərmişəm. 2017-ci il 3 mart tarixindən isə rəhbərliyin əmri ilə Hacıqabul–Ləki–Balakən dəmir yolu sahələrinə sahə inspektoru təyin olunmuşam.
Pandemiya dövründə rəis olmadığı üçün həm Hacıqabul stansiyasında, həm də Müsüslü stansiyasında rəisi əvəz edərək əlavə vəzifələri icra etmişəm. 2025-ci ilin mart ayında keçirilən attestasiya zamanı fəaliyyətim müsbət qiymətləndirilib və attestasiyadan uğurla keçmişəm.
Buna baxmayaraq, 09 aprel 2025-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-nin Hərəkətin təhlükəsizliyi şöbəsinin rəisi Fuad Əhmədov məni ali təhsilim omadığına əsaslanaraq sahə inspektoru vəzifəsindən azad edib və Ucar Dəmir Yolu stansiyasının Müsüslü blok-postuna sadə növbətçi təyin edib. Bu qərarı qanunsuz hesab edirəm, çünki, mən 28 illik qüsursuz iş stajına malikəm və bu staj vəzifəmdə qalmaq üçün əsas verir.Əmək Məcəlləsinin tələblərinə görə, işçinin aşağı vəzifəyə keçirilməsi yalnız əsaslı səbəblə və yazılı xəbərdarlıqla mümkündür. Mənə xəbər verilmədən və qanunsuz əsasla vəzifəm dəyişdirilib.Attestasiyadan uğurla keçməyimə baxmayaraq, fəaliyyətimə qiymət verilməyib, əksinə əsassız şəkildə vəzifəm aşağı salınıb.
Bundan əlavə, dəfələrlə etdiyim şikayətlərə baxılmayıb. Şöbə rəisi Fuad Əhmədov mənə açıq şəkildə “hara şikayət etsən də, axırıncı sözü biz deyirik, əvvəlki vəzifənə qayıtmayacaqsan, hətta işdən çıxarılmağın da mümkündür” deməklə əmək hüquqlarımı kobud pozub. Bu qanunsuzluqlara dəstək verən şəxslərdən biri də Yük daşımaları departamentinin rəis müavini Bəşir Əsədovdur.
Ailə vəziyyətim də ağırdır: oğlum Bəkirzadə Etibar Vətən müharibəsi iştirakçısı və veteranıdır, qızım Bəkirzadə Aişə II qrup gözdən əlildir, həyat yoldaşım Bəkirzadə Ceyran isə dializ xəstəsidir. Mənim ailə durumum nəzərə alınmalı və əmək hüquqlarım qorunmalıdır.
Mən mətbuat vasitəsi ilə Azərbaycan Dəmir Yolları QSC-nin sədri cənab Rövşən Rüstəmovdan xahiş edirəm ki, mənim müraciətimə şəxsən baxasınız və məni qəbul edəsiniz. Əvvəlki sahə inspektoru vəzifəmə bərpa olunmağım və işəgötürən tərəfindən yol verilmiş qanunsuzluqlara hüquqi qiymət verilməsi üçün ədalətli qərar qəbul edilməsini istəyirəm..."