Tehran həbsxanasında güney azərbaycanlı məhbus aclıq aksiyasına başlayıb - FOTO
Tarix: 12-11-2024, 10:18 |
Çap et
İranın paytaxtı Tehranın Evin zindanında saxlanılan güney azərbaycanlı fəal və hüquqşünas Tahir Nəqəvi aclıq aksiyasına başlayıb.
“Report” xəbər verir ki, məlumatı “Azadiran” yayıb.
Bildirilib ki, Tahir Nəqəvi həbsxana nəzarətçisinin ona qarşı haqsızlığına, təzyiq və hədələrinə etiraz olaraq bu addımı atıb.
Məlumata görə, noyabrın 12-də o, həbsxanada həkimə müraciət edib. Daha əvvəl ona qarşı fiziki təzyiqlər etmiş, işgəncə vermiş nəzarətçilərdən biri ilə arasında qarşıdurma yaranıb.
Bildirilib ki, nəzarətçi qarşıdurma yaradaraq, məhbusu ölümlə hədələyib. Bundan sonra Nəqəvi həbsxana nəzarətçisinin davranışına etiraz olaraq aclıq aksiyasına başlayıb. O, baş verənlərlə bağlı Evin zindanının rəhbərliyinə yazılı ərizə ilə məlumat verib.
Başqa bir məlumata əsasən, güneyli azərbaycanlı ictimai fəallar İran kəşfiyyat orqanı (ETTELAAT) tərəfindən qanunsuz tutularaq 10 aydır Tehrandakı Evin zindanında saxlanılır: Əbdüləziz Əzimi-Qədim, Araz Aman, Tahir Nəqəvi, Mürtəza Pərvin, Hüseyn Piri, Baqer Hacızadə və Ayaz Seyfxah.