Naxçıvan Muxtar Respublikasında vəziyyət getdikcə ağırlaşır. Yarıtmaz idarəçilik muxtar respublikada problemlərin daha dərinləşməsinə səbəb olur. Vəziyyət o həddə gəlib çatıb ki, muxtar respublikanın paytaxtı Naxçıvan şəhərində natəmizlik hökm sürür, baxımsızlıq ucbatından uçulub dağılanlar aylardır ki, təmir və bərpa olunmur.
Əlbəttə ki, bütün bunlar naxçıvanlıları narahat edir. Amma muxtar respublika sakinlərini hiddətləndirən Ümummilli Lider Heydər Əliyevə göstərilən sayğısızlıq, Ulu Öndərin adını daşıyan binaların baxımsız vəziyyətdə saxlanılmasıdır. Bunu bütün qırmızı xətlərin keçilməsi kimi qəbul edən Naxçıvan ziyalıları artıq dilə gəlib.
Muxtar respublikanın sabiq mədəniyyət naziri Sarvan İbrahimov “Facebook” səhifəsində Naxçıvandakı mövcud vəziyyəti sərt tənqid edib. Sabiq nazir Naxçıvan şəhərindən çəkdiyi fotoları da paylaşıb.
“Bura Naxçıvan şəhərindəki Heydər Əliyev adına məktəbin ərazisidir. Məktəbin ətrafı baxımsızlıqdan pis vəziyyətdədir. Məktəbin qarşısına qoyulan ticarət köşkü isə hər mənada yolverilməzdir. Ərazidə işıqlandırma sistemi sıradan çıxdığına görə, məktəbin həyətində Heydər Əliyevin abidəsi qaranlıq içərisindədir. Bu vəziyyət uzun müddətdir, davam edir. Ümummilli Liderin əziz xatirəsinə əlaqədar orqanların belə münasibəti təəccüb doğurur”, – Sarvan İbrahimov qeyd edib.