DİA.AZ: - Ağstafa rayon Dağkəsəmən kənd sakini Əmirov Oqtay Musa oğlu redaksiyamıza şikayət məktubu ünvanlayıb. DİA.AZ-a yazan Ağstafa sakini bildirir ki, portalımız vasitəsilə cənab prezidentimiz İlham Əliyevə müraciət etmək istəyir. Müraciətdə deyilir:
"Hörmətli Cənab Prezidentimiz! Yaşadığım Dağkəsəmən kəndi ərazisində 2007-ci ildə alqı-satqı yolu ilə 10 sot həyətyani torpaq sahəsi almışam. Bütün sənədlərim qaydasında olduğu halda torpağım əlimdən alınır. Həmkəndlim Muradov Alik Fuad oğlu rayonumuzun səlahiyyətli orqanları ilə əlbir olaraq mənim torpağımı əlimdən alırlar. Dövlət orqanlarına dəfələrlə müraciət etmişəm deyirlər get məhkəmə həll eləsin.
Məhkəmələrə də müraciət etmişəm iki ildirki məni süründürürlər. Bütün sənədləri ilə mənə məxsus olan bu torpağı mənə dövlətim veribsə, mənə aid olan torpağı yalnız dövlətimə verə bilərəm. Nəyə görə kimsə gəlib qanunsuz yolla mənim və mənim kimi 4 ailənin torpağını zəbt etməlidir".
Daha sonra narazı vətəndaşın dia-az.site-a daxil olan müraciətinin mətnində deyilir: "Kimə müraciət ediriksə şikayətimizə baxan yoxdu. Sizdən bir Azərbaycan vətəndaşı kimi, 37 ildirki vergi ödəyən bir sahibkar kimi xahiş edirəm bu işdə bizə köməklik göstərilməsi üçün tapşırıq verəsiniz".