İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku başa çatıb.
ANS PRESS-in məlumatına görə, yunan-Roma güləşi üzrə milli komandamızın ilk dəfə dünya kubokuna sahib olduğu gün bayraq skandalı yaşanıb. Belə ki, mükafatlandırma mərasimindən sonra himnimiz səsləndirilib və ilk üçlükdə yer tutan ölkələrin bayraqları qaldırılıb. Turnirdə birinci yeri qazanan ölkəmizin bayrağı isə təhrif edilmiş formada təqdim edilib. Səkkiz guşəli Azərbaycan Dövlət Bayrağı beş ulduzlu şəkildə göstərilib.
Bu isə əvvəlcə heç kimin diqqətini çəkməsə də sonradan həmin anın videogörüntüsünü izləyənlərin nəzərindən yayınmayıb.
Bayrağımızın bu şəkildə təhrif edilməsi sosial şəbəkə izləyicilərinin də etirazına səbəb olub.
Qeyd edək ki, sözügedən turnirdə ilk olaraq yerli İran idmançıları ilə qarşılaşan güləşçilərimiz gərgin keçən görüşü 6:2 hesablı qələbə ilə başa vurub. Ardınca Almaniya və İsveç komandalarını 7:1 məğlub edən yığmamız qrup görüşlərini lider tamamlayıb. Bu nəticə ilə yunan-Roma güləşi yığmamız Azərbaycan güləş tarixində yeni bir tarix yazıb. Azərbaycan idman tarixində ilk dəfə olaraq yunan-Roma komandamız Dünya Kubokunun finalına vəsiqə qazanıb.