Nazir oğlu “Ərəb turizmi”ni monopoliyaya aldı: - Almaniyaya ilginc sifarişin pərdəarxası
Tarix: 11-03-2017, 09:46 |
Çap et
Azərbaycanlı nazir oğlu ölkəyə gələn ərəb turistlərin səyahət ehtiyaclarını təkbaşına “qarşılamaq” iddiasına düşüb.
Yeniçağ.Az xəbər verir ki, Azərbaycandakı nazirlərdən birinin oğlu ərəb dövlətlərindən ölkəyə səyahətə gələn turistlərin nəqliyyat vasitələri ilə təminatını özünün gəlir mənbələri sırasına daxil edib.
Məlumata görə, hələlik adını çəkmədiyimiz nazir oğlu bu məqsədlə Almaniyadan 80 ədəd “VİTO” markalı kiçik salonlu avtomobillər gətirdib. Məqsəd Azərbaycana gələn ərəblərin Bakı daxilində hərəkəti və ölkənin bölgələrinə səfərləri zamanı məhz onun “VİTO”larından istifadələrini təmin etməkdir. Başqa sözlə, acgöz nazir oğlu ərəb turistlərin Azərbaycana başlayan axını sayəsində onlara fərdi qaydada sərnişindaşıma xidməti göstərən vətəndaşlarımızın qazandıqları beş-on manata göz dikib.
Bununla bağlı əldə edilən detallara əsasən, nazir oğlu monopoliya məqsədini gerçəkləşdirmək üçün atasının inzibati imkanlarını da işə salıb. Bunun nəticəsində əcnəbi turistləri qarşılayıb, şəhərə aparmaq üçün əraziyə gələn “kənar” avtomobillərin hava limanına buraxılması məhdudlaşdırılıb. Yəni Bakıya gələn xarici turistlərin yalnız həmin nazir oğlunun “VİTO”larından istifadə etməkdən başqa yolları qalmır. Eyni zamanda, paytaxt otellərinə də bölgələrə kollektiv səfərə gedəcək ərəb turistlərin məhz həmin “VİTO”larla yola salınmasını təmin etmək göstərişi aldıqları bildirilir.