Xəbər verdiyimiz kimi, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin bölgəyə səfəri baş tutdu.
Səfər ərəfəsində erməni diaspor təşkilatları və kilsə nümayəndələri Vaşinqton administrasiyasını Araik Arutyunyan və onunla birlikdə mühakimə olunan şəxslərin məsələsini gündəmə gətirməyə çağırdılar. Kilikya katolikosu I Aram, eləcə də Amerika Erməni Milli Komitəsi (ANCA) vitse-prezidentə müraciət edərək Bakıda “erməni əsirlərlə” görüşməyi və onların qeyd-şərtsiz azad olunmasını tələb etməyə səsləyib.
ANCA-nın başlatdığı kampaniya çərçivəsində Vensin ofisinə çoxsaylı məktubların göndərildiyi bildirilir. ABŞ-də fəaliyyət göstərən digər erməni təşkilatları və onların dəstəklədiyi bəzi qurumlar da oxşar bəyanatlarla çıxış ediblər.
Göründüyü kimi, revanşistlər təxribat törətməyə çalışırlar. Bu çağırışlar Vensin regiona səfəri ərəfəsində mövzunu beynəlxalq diqqət mərkəzinə çıxarmağa hesablanıb. Təbii ki, buna nail ola bilməyəcəklər.
Politoloq Oqtay Qasımov “Cebheinfo.az”-a bildirib ki, erməni diasporu və ümumilikdə erməni cəmiyyəti istənilən vəziyyətdə, məsələyə birbaşa aidiyyəti olub-olmamasından asılı olmayaraq, öz iddialarını ön plana çıxarmağa və bunu prioritet kimi təqdim etməyə çalışır. O qeyd edib ki, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin səfəri zamanı da eyni tendensiya müşahidə olundu:
“Belə ki, ABŞ-də fəaliyyət göstərən Amerika Erməni Milli Komitəsi (ANCA), eyni zamanda Ermənistandakı revanşist qüvvələr Bakıda mühakimə olunan və hərbi cinayətlərdə ittiham edilən şəxslərin azad edilməsi məsələsinin Vens tərəfindən qaldırılmasına çalışıblar. ABŞ və Azərbaycan arasında hazırda müzakirə edilən məsələlərin mövzusu və gündəliyi tamamilə fərqlidir. Ona görə də hesab etmirəm ki, bu tipli məsələlər belə görüşlərdə müzakirə mövzusu olsun”.
Oqtay Qasımov vurğulayıb ki, sözügedən mövzu belə görüşlərdə müzakirə predmeti ola bilməz:
“Azərbaycanın bu məsələdə mövqeyi birmənalıdır. Azərbaycan dövlətinə və xalqına qarşı cinayət törətmiş şəxslər qanun qarşısında cavab verməlidirlər. Bununla bağlı açıq məhkəmə prosesi həyata keçirilib və prosedurlar davam edir. Bu baxımdan, düşünmürəm ki, bu məsələ müzakirə mövzularından biri olub”.
Politoloq əlavə edib edib ki, erməni diasporunun və ya Ermənistandakı revanşist dairələrin hansı addımlar atmasından asılı olmayaraq, rəsmi Bakının mövqeyi dəyişməz qalır və azım bildiyi anda bu istiqamətdə addımlar atacaq:
“Bakıda keçirilən məhkəmə prosesi beynəlxalq hüquq normalarına uyğun, açıq və şəffaf şəkildə aparılıb, Azərbaycan qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun bir şəkildə proses gedib və davam edir. Bu baxımdan, bu tipli cəhdlərin prosesə təsirinin olmayacağını düşünürəm”.










