Keçən əsrin 60-cı illərində Yaxın Şərqdə yeni ideoloji cərəyanlar ortaya çıxdı. Bu dövrdə misirli mütəfəkkir Seyyid Qütbün fikirləri geniş yayılmağa başladı. O, yazılarında cəmiyyətin “cahiliyyə” vəziyyətində olduğunu bildirir, hakimiyyətlərin İslam prinsiplərindən uzaqlaşdığını qeyd edirdi. Onun fikirləri bir çox dairələr tərəfindən geniş müzakirə olunurdu.
Ancaq zaman keçdikcə bu fikirlər daha sərt formada şərh edildi. Bəzi qruplar dövlətləri qeyri-islami elan etməyə başladılar. Hakimləri və cəmiyyəti “küfrdə” ittiham edən yanaşmalar ortaya çıxdı. “Təkfir” anlayışı geniş istifadə olunmağa başladı. Bunun nəticəsində bəzi dairələrdə dövlət rəhbərinə qarşı çıxmaq düşüncəsi formalaşdı, gənclər arasında radikal baxışlar yayıldı.
Radikal təşkilatlara təsiri
Bu ideoloji xətt sonradan radikal hərəkatların əsas qaynaqlarından birinə çevrildi. Üsamə bin Ladendən sonra “Əl-Qaidə”yə rəhbərlik edən Ayman əl-Zəvahiri öz yazılarında Seyyid Qütbün fikirlərindən təsirləndiklərini açıq şəkildə qeyd edib. O, xüsusilə “hakimiyyət” və “cahiliyyət” anlayışlarının onların ideoloji formalaşmasında mühüm rol oynadığını bildirib.
Bu fakt onu göstərir ki, Qütbün fikirləri təkcə nəzəri müzakirə mövzusu olmayıb; onun düşüncələri sonradan silahlı təşkilatların ideoloji strategiyasına çevrilib.
“Qutubiyyə” və “Sururiyyə” mərhələsi
1990-cı illərin sonlarında Seyyid Qütbün fikirlərindən təsirlənən yeni bir xətt meydana çıxdı. Bu xətt əvvəlcə Qütbün düşüncələrinə əsaslandığı üçün “Qutubiyyə” adlandırılırdı, daha sonra isə “Sururiyyə” kimi tanındı.
Bu istiqamətin başında suriyalı ilahiyyatçı Məhəmməd Surur dayanırdı. O, əvvəlcə “Müsəlman Qardaşlar” (Muslim Brotherhood) hərəkatının üzvü olsa da, sonradan oradan ayrılaraq Səudiyyə Ərəbistanına köçdü və orada dini fəaliyyət göstərdi.
Sururiyyə zahirdə sələfilik adı ilə çıxış etsə də, tənqidçilər bu xəttin klassik sələfi yanaşmasından uzaqlaşdığını bildirirdilər. Bu cərəyan gəncləri hakimiyyətə qarşı sərt mövqeyə yönəldir, dövlət başçılarına qarşı ikrah hissi formalaşdırırdı.
1990-cı illərdə Səudiyyə Ərəbistanında vəziyyət gərgin həddə çatdı, gənclər arasında narazılıq artdı. Bundan sonra dövlət rəhbərliyi prosesə müdaxilə etdi: bir çox təbliğçi həbs olundu, fəaliyyətləri məhdudlaşdırıldı. Məhəmməd Surur isə ölkəni tərk edərək uzun illər İngiltərədə yaşadı. Suriya müharibəsi başlayanda İordaniyaya gedən Surur, vəfat edənə qədər oradan Suriyadakı döyüşlərə çağırışlar etməyə davam etdi.
“Hizbiyyə” anlayışı
Zaman keçdikcə bu xətt yeni adla – “Hizbiyyə” kimi təqdim olunmağa başladı. “Hizbiyyə” partiyalaşma, yəni dini lider ətrafında qruplaşmaq və şəbəkə qurmaq mənasını verir.
Bu modeldə əsas məqsəd gəncləri müəyyən ideoloji xətt ətrafında toplamaq, onlara dövlətə və rəhbərliyə qarşı narazılıq hissi aşılamaqdır. Uzun illər davam edən bu cür ideoloji tərbiyənin nəticələri bəzi ərəb ölkələrində açıq şəkildə göründü.
“Ərəb baharı” dövründə Suriya, Misir və Tunis kimi ölkələrdə baş verən hadisələr zamanı bu düşüncə ilə yetişmiş qrupların proseslərdə aktiv rol aldığı iddia olunur. Məhz bu ölkələrdə ciddi qarışıqlıqlar və qanlı müharibələr baş verdi.
Ərəb ölkələrində görülən tədbirlər
Məlumata görə, Səudiyyə Ərəbistanında vəliəhd Məhəmməd bin Salmanın dövründə bu istiqamətə qarşı ciddi mübarizə aparılıb. Din xadimlərinin fəaliyyəti nəzarətə götürülüb, bu xəttə yaxın sayılan şəxslər məscidlərdən uzaqlaşdırılıb və bir çox tanınmış təbliğçi həbs edilib.
Birləşmiş Ərəb Əmirliklərində də oxşar addımlar atıldığı, Küveytdə bəzi xeyriyyə strukturlarının bağlandığı, Bəhreyn və digər ölkələrdə də məhdudlaşdırıcı tədbirlərin görüldüyü bildirilir.
Səudiyyəli alim Rabi əl-Mədxali bu istiqaməti sərt tənqid edənlərdən biri olub. O, bu xətti “müasir xəvariclər” adlandıraraq qeyd edib ki, onlar özlərini sələfi kimi təqdim etsələr də, əslində cəmiyyətdə qarşıdurma yaradır və gəncləri dövlətə qarşı qızışdırırlar.
Azərbaycanda müasir xəvaricizmin ayaq səsləri
Son dövrlərdə bu ideoloji xəttin Azərbaycanda da yayılması ilə bağlı iddialar səslənir. Bildirilir ki, şəbəkə dini fəaliyyət adı altında gəncləri öz ətrafına toplayır və onlara dövlətə, rəhbərliyə qarşı mənfi münasibət aşılayır.
İddialara görə, şəbəkənin konkret rəhbərləri var. Əsas fiqur kimi “Şeyx Adil” adlı şəxs, onun yaxın çevrəsində isə “Ceka” ləqəbli birinin olduğu bildirilir. Gənclər arasında imkanlı şəxslərin, hətta dövlət strukturlarında çalışan insanların da olduğu irəli sürülür.
Maliyyə məsələsi də xüsusi diqqət çəkir. Zəkat və sədəqə adı altında milyonlarla vəsait toplandığı deyilir. Xaricdə təhsil alan bəzi tələbələrin maliyyə dəstəyi ilə bu xəttə cəlb edildiyi, rayonlarda xüsusi nümayəndələrin seçildiyi və onların maddi cəhətdən dəstəkləndiyi vurğulanır.
Həmçinin şəbəkənin xaricdən idarə olunduğu barədə də iddialar mövcuddur. Əslən misirli olan və müxtəlif münaqişə zonalarında iştirak etdiyi deyilən Əbu Xalid Seyf Nəsr adlı şəxsin adı çəkilir. Onun bir sıra ölkələrə girişinə qadağa qoyulduğu və Azərbaycandakı şəbəkənin onunla əlaqəli olduğu bildirilir.
Bu necə sələfilikdir?
Bu xətt özünü “sələfi” kimi təqdim etsə də, klassik sələfi yanaşmasında dövlət başçısına itaət, açıq üsyanın qadağan olunması və cəmiyyətdə sabitliyin qorunması əsas prinsiplərdir. Tənqidçilər vurğulayırlar ki, dövlətə qarşı nifrət aşılamaq sələfi təlimi ilə qətiyyən uyğun gəlmir.
Buna görə də, bu istiqamətin “Sururiyyə”, “Hizbiyyə” və ya “müasir xəvariclər” adlandırılmasından asılı olmayaraq, söhbətin eyni radikal düşüncə xəttindən getdiyi bildirilir.
Mövzu həm dini, həm siyasi, həm də təhlükəsizlik baxımından son dərəcə həssasdır. Səslənən iddialar dərindən araşdırılmalıdır. Bir həqiqət var ki, din adı altında nifrət və qarşıdurma çağırışları cəmiyyət üçün böyük təhlükə yaradır. Azərbaycan kimi həssas regionda yerləşən ölkə üçün ideoloji təhlükəsizlik məsələsi xüsusi diqqət və sayıqlıq tələb edir.
İsmayıl Yusifoğlu - yenicag.az











