Xəbər verdiyimiz kimi, ABŞ lideri Donald Trampın ikinci prezidentliyi dövründə dollar təxminən üç faiz ucuzlaşıb. Ağ Ev rəhbəri zəif dolların ABŞ-a fayda verəcəyini, bununla da ölkənin qlobal bazara ixracının artacağını iddia edib.
Ucuzlaşan dolların Azərbaycana və dünya iqtisadiyyatına hansı təsirləri mümkündür?
Globalinfo.az-a danışan iqtisadçı Günay Hüseynova deyib ki, Donald Trampın dedikləri yerində və əsaslandırılmış açıqlamadır:
İqtisadçı bildirib ki, Azərbaycan və digər inkişaf etməkdə olan ölkələr üçün bu proses riskli xarakter daşıyır:
“Çünki dövlət büdcəsinin əsas hissəsi neft gəlirləri hesabına formalaşır. Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcələri ilə bağlı qərarları, eləcə də ABŞ siyasi rəhbərliyinin açıqlamaları dolların məzənnəsinə və nəticə etibarilə birbaşa gəlirlərə təsir göstərən əsas amillərdir. Bu proseslər qlobal miqyasda məhsul və xidmətlərin qiymətlərinə də təsirsiz ötüşmür. Azərbaycan iqtisadiyyatı üçün bu vəziyyət iki formada tənzimlənə bilər. Ya dolların məzənnəsi yüksəlməli, yəni manat devalvasiyaya uğramalıdır, ya da hazırda müşahidə olunduğu kimi gizli iqtisadi inflyasiya baş verməlidir. Hazırkı mərhələdə Azərbaycanda məhz ikinci variant mövcuddur. Vətəndaşlar üçün dollar məzənnəsi formal olaraq sabit qalır, avro və digər valyutalarda isə cüzi dalğalanmalar müşahidə olunur”.
Ekspert qeyd edib ki, neft gəlirləri hesabına Azərbaycan Mərkəzi Bankı (AMB) valyuta sabitliyini qorusa da, gizli inflyasiya şəraitində pulun real alıcılıq qabiliyyəti azalır:
“Devalvasiya baş verməsə belə, mal və xidmətlərin qiymətinin artması vətəndaşların xərclərinə birbaşa təsir edir. Digər mühüm amil Azərbaycanın idxaldan asılı olmasıdır. Qlobal iqtisadiyyatda qiymət artımları və dolların zəifləməsi idxal olunan məhsulların maya dəyərini yüksəldir ki, bu da daxili bazarda qiymət artımı ilə nəticələnir. Nəticədə manat nominal olaraq sabit qalsa da, real dəyərini itirir. Vətəndaşlar valyuta kursuna baxdıqda sabitlik görür, lakin əvvəl ala bildiyi məhsul həcmini artıq ala bilmir. Bu isə gizli iqtisadi inflyasiyanın açıq göstəricisidir”.
Günay Hüseynovanın sözlərinə görə, əslində Donald Trampın hazırkı açıqlamaları yeni deyil, bu proseslər illərdir müşahidə olunur:
“Xüsusilə 2008-ci il maliyyə böhranından sonra müxtəlif mərhələlərdə bu təsirləri görmək mümkündür. İdxaldan asılı olan ölkələr bu vəziyyəti daha kəskin hiss edir. Bəzi ölkələrdə məsələn, üzən məzənnə rejimi olan Türkiyədə bu, açıq devalvasiya formasında özünü göstərir. Azərbaycan kimi ölkələrdə isə əsas fərq odur ki, proses daha çox gizli iqtisadi inflyasiya şəklində baş verir”.










