Xəbər verdiyimiz kimi, bir neçə gün öncə professor-ekspert Adil Qeybulla sosial şəbəkə hesabında paylaşım edərək Şəki Ensiklopediyasının rəhbərliyinə müraciət edərək adının nəşrdən çıxarılmasını tələb etmişdi.
Adil Qeybulla paylaşımında bildirib ki, həmin ensiklopediyada yer almaq istəmir:
“Gələn ilin birinci yarısında nəşr edilməsi planlaşdırılan Şəki Ensiklopediyasında yer alacaq şəxslərin sırasından adımın çıxarılmasını tələb edirəm. Dəyərli yurddaşlarımın bunu anlayışla qarşılamalarını arzu edərdim. Həmin kitabda poz verən bəzi apologetlərlə adımın hallanmasını qətiyyən istəmirəm. Geci və tezi tarix hər kəsi öz yerinə qoyacaq, bəzilərini rektala evakuasiya edənə qədər".
Şəki Ensiklopediyasının rəhbəri Aydın Məmmədov "Cebheinfo.az"-a müraciət edərək bildirib ki, bu layihə şəxsi maraqlara yox, vətənə və xalqa xidmət məqsədinə xidmət edir.
Onun sözlərinə görə, Adil Qeybulla sanki arxadan zərbə vurdu:
"Şəki Ensiklopediyası rəsmi dövlət qeydiyyatından keçmiş MMC olmaqla yanaşı, eyni zamanda media subyektidir və Media Reyestrində qeydiyyata alınıb. Media strukturu olaraq tərkibimizdə 3 çap mediası -"Oğuz xəbərləri" qəzeti, “İpəkçi” qəzeti və “Şəki Ensiklopediyası” jurnalı fəaliyyət göstərir. Bu adlar bizim rəsmi brendimizdir. Bildirmək istəyirəm ki, fəaliyyətimiz tamamilə təmənnasızdır.
Heç bir sponsorumuz yoxdur, heç kimdən ödəniş almırıq. Məqsədimiz yalnız Azərbaycan xalqına, onun tarixinə xidmət etmək, ölkəmizin tanınmış şəxsiyyətlərini cəmiyyətə təqdim etməkdir. Şəki Ensiklopediyası Azərbaycanda birinci, özəl ensiklopedik “Vikipediya”dır. Burada yer alan məqalələr aylarla aparılan araşdırmaların nəticəsidir və bəzi hallarda ilk mənbə məhz bizim platformadır.
Qeyd etməliyəm ki, Adil Qeybulla ictimai şəxsdir. Onun barəsində dərc edilmiş material ensiklopedik xarakter daşıyır və həyat yolu, fəaliyyəti, eləcə də ictimai-siyasi fəaliyyəti əhatə edir. O, dəfələrlə deputatlığa namizəd olub. Mən onu həmişə təmənnasız təqdim etmişəm. Belə arxadan zərbə xoşagəlməz haldır".
Aydın Məmmədov qeyd edib ki, Adil Qeybulla sadəcə şantaj fəaliyyəti ilə məşğuldur:
“Adil Qeybulla tərəfindən sosial şəbəkə üzərindən edilən paylaşımı əsassız, etik normalara zidd və jurnalistin peşəkar fəaliyyətinə müdaxilə kimi qiymətləndirirəm. Bizim biznes fəaliyyətimizi, brendimizi hörmətdən salır.
5-10 nəfər onun statusunu oxuyandan sonra Şəki Ensiklopediyasının nüfuzu onların yanında aşağı düşür. Bu, antireklamdır. Onu da niyə edib deyim. Deputat var onunla bir yerdə namizəd olub. Onun ad gününü “Facebook” qrupunda təbrik edirik. Oda görüb. Onunla eyni vaxtda namizəd olub. Heç olmasa adını yazda. Adını yaz ki, kimi istəmirsən onunla adın birlikdə olsun?
Ordakılar hamısı ensiklopedik şəxslərdir. Əgər hər hansı narazılığı var idisə, birbaşa mənə telefonla zəng edərdi. Sosial şəbəkədə paylaşım etməklə brendimizə zərər vuran antireklam aparılıb, bu isə biznes və media nüfuzumuza mənfi təsir göstərib.
Xüsusilə qeyd edirəm ki, sözügedən ensiklopediya kitab şəklində hələ nəşr olunmayıb, sayt üzərində isə müvafiq məqalə mövcuddur. Sosial şəbəkə üzərindən tələb irəli sürmək qəbuledilməzdir. O şantaj yolunu tutub".
O əlavə edib ki, bu, alim və ictimai şəxs adına yaraşmayan davranışdır:
"Alim olmaq asandır, insan olmaq çətindir. Sizin vasitənizlə təklif edirəm ki, Adil Qeybulla etdiyi hərəkətə görə üzr istəməlidir. Hazırda mən Bakıdayam. Şəkiyə qayıtdıqdan sonra bir bəyanat da mən yazacam.
Peşəkar jurnalist fəaliyyətimə müdaxiləyə görə, brendimizə vurulan maddi və mənəvi zərərə görə, antireklam və nüfuzdan salma faktına görə məhkəməyə müraciət edəcəyəm, qanunvericilikdə nəzərdə tutulan inzibati və hüquqi məsuliyyətin tətbiqini, həmçinin kompensasiya ödənilməsini tələb edəcəyəm".









