Qısaca olaraq, qlobal vəziyyət və iqtisadiyyatdan başlayaq.
– 2026-cı ildə ABŞ, Rusiya, Ukraynaya əlavə olaraq adını tez-tez eşidəcəyimiz 3 ölkə olacaq: Venesuela, İran və Liviya. Somalinin adını da tez-tez eşidəcəyimiz ehtimalı yüksəkdir;
– 1944-cü ildə Bretton Vuds`u qəbul etməkdə tərəddüd edən Avropa Hitler və Sovet İttifaqı ilə qorxuduldu. İndi də Rusiya ilə qorxudularaq Yeni Düzəndəki yeri ilə razılaşmaq üçün təzyiqlər davam etdiriləcək. Britaniyanın ikibaşlı, riskli oyunlarının fəsadları isə artıq görünməkdədir. Rusiyanın isə tələsdiyi və önünün müəyyən müddətə açılacağı ilə bağlı bir neçə ay öncə status yazmışdım (hazırda cəbhədə irəliləməsi təsadüf deyil), səbəbləri ilə bağlı burada təkrara yol vermək istəmirəm;
-Rusiya, Türkiyə və Azərbaycanın post-pandemiya dövründə iqtisadi vəziyyətlərində oxşar mənfi cəhətlər formalaşmağa başlayıb. Bunun da səbəblərindən biri bizim gah Rusiyanın, gah da Türkiyənin iqtisadi siyasətlərində atdığı addımları, tətbiq etdikləri reseptləri copy-paste (kopyala yapışdır) prinsipi ilə tətbiq etməyimiz olub. Bu çox təhlükəlidir. Xüsusilə qardaş ölkə Türkiyənin iqtisadi modeli tamamilə fərqlidir və onlardan götürlmüş hər hansı reseptin kor-koranə tətbiqi ciddi fəsadlar verə bilər və verir də…
– Şərqi Avropa ölkələrində müəyyən gərginliklər olacaq (artıq ilkin əlamətlər var);
– Aparılan siyasət və oyunlar çox mürəkkəbdir. Rusiya qarşıdakı 3 ildən maksimum istifadə edəcəyini düşünür, lakin Trumpın 3 il gözləmək şansı və fikri yoxdur. Neftin qiymətini isə aşağı salmağa tələsir. Səbəb həm də ABŞ-də iyuldan indiyə qədər inflyasiyanın 2.8%-dən 3%-ə qədər artmasıdır. Bu göstərici isə faizləri istənilən səviyyəyə qədər və sürətlə aşağı salmağa imkan vermir. Brent markalı neftin qiyməti 61-62 dollar olduğu bir vaxtda Rusiya öz neftini 37 dollara satır. Brent markalı neftin 45-50 dollara düşməsi və Ural neftini əvəz edən Venesuela (o da ağır neftdir) neftinin leqal və güzəştli şərtlərlə Çinə və Hindistana satışı nəticələrini təsəvvür etmək mümkündür. Bu səbəbdən Rusiya Ukrayna məsələsində zamanla yarışır;
– 2026-cı ildə ABŞ-də ara seçkilər adlanan seçkilər (ABŞ Prezidentinin 4 illik dövrünün ortasında keçirildiyi üçün belə adlanır) keçiriləcək. Konqres və Senatda bu seçkilərdən sonra Respublikaçılar Partiyasının öz yerlərinin bir hissəsini itirəcəyi, Konqres və Senatdakı səs çoxluğundan məhrum olacağı ehtimalı yüksəldiyi üçün Trumpın həm iqtisadi məsələlərdə, həm də Rusiya-Ukrayna müharibəsində konkret nəticələr və irəliləyişə nail olmaq istəyi aybaay güclənəcək;
– Suriya məsələsində qardaş ölkə Türkiyə ABŞ-nin açıq dəstəyinə sahib olsa da, təkcə İsrail deyil, həm də Rusiya ilə mənafelərin toqquşması ehtimalı yüksəkdir;
– İsrail-Yunanıstan-Yunan Kipri birliyinin 1 addım irəli, 1 addım geri siyasətinin də əsas səbəbi ABŞ və Britaniyanın Türkiyəyə dəstəyidir. Lakin, hər iki dəstək uzunmüddətli və sabit deyil;
Məsələlər çox olsa da, ölkəmizə birbaşa təsir göstərən və göstərə biləcək məsələlərə toxunmağa çalışdım.
İndi isə ölkəmizlə bağlı gözləntilər:
– Bir neçə ay öncə də qeyd etdiyim kimi, monetar siyasət sahəsində rıçaqlar tükənib. Resurslarımız (valyuta ehtiyatları) güclüdür, lakin manevr imkanları məhduddur. Resursla və rıçaqlar başqa-başqa məsələlərdir;
– Dollar depozitlərinin ümumi depozitlərdəki payının 30%-in altına düşməsi de-dollarizasiya baxımından müsbətdir, lakin daha da aşağı düşməsi monetar siyasətin dayanıqlığı baxımından risklidir və məqsədəuyğun deyildir (geniş və spesifik iqtisadi məsələlər səbəbindən);
– Fiskal siyasətdən gözləntilər çoxdur, lakin bu gözləntilər fiskal siyasət istiqamətindən daha çox iqtisadiyyatdakı çağırışların da həlli istiqamətindədir. Fiskal siyasətin öz istiqamətləri, öz vəzifələri var. Fiskal siyasət bir sıra istiqamətlərdə öz vəzifələrini yerinə yetirməyə çalışacaq. Dövlət müəssisələrinin xalis mənfəətinin minimum 30%-nin dövlətə ödənilməsi, büdcə xərcləmələrinə nəzarət, post-faktum yoxlamalarla bərabər cari effektiv nəzarət mexanizmlərinin formalaşdırılması, dövlət müəssisələrində xərcləmələr istiqamətində (o cümlədən maaşlar) unifikasiya və sair. 2026-cı ildən etibarən isə şəxsən gözlədiyim məsələlər: büdcə geridönüşlərinin hesablanması, analizi, xərclərin səmərəliliyinin artırılması istiqamətində tədbirlər, dövlət satınalamlarına fundamental olaraq yeni yanaşmaların tətbiqidir. Bu addımlar vacibdir, genişdir. Lakin fiskal siyasət iqtisadiyyatda bütün çağırışları təkbaşına həll etmək iqtidarında deyil. Bu addımların öz vəzifələri və fəlsəfəsi var. Ən böyük risk isə fiskal siyasət sahəsində atılan addımlara iqtisadiyyatın adekvat cavab verib verməyəcəyidir. 2015-ci il devalvasiyalarına iqtisadiyyat qısa müddətə müəyyən (yarımçıq) cavablar verdi, lakin uzun müddətdə gözlənilən səmərə əldə olunmadı. Eyni riskin fiskal siyasətlə bağlı olması iqtisadiyyat üçün iki, üç, beş qat artıq risk formalaşdırar. Çünki, hazırda atılan fraqmental addımlar (xüsusilə vergi və qiymət artımları) növbəti illər üçün ciddi çağırış, boşluq və atılmalı zəruri addımlar formalaşdırır. Həmin addımların atılması üçün iqtisadiyyat tərəfindən baza formalaşmasa, geridönüşü olmayan burulğan formalaşar. Qeyd edim ki, monetar siyasətdə atılan addımlara adekvat cavabın olmamasının kompensasiyasını artan neft və qaz qiymətləri ödəyə bilmişdi. Növbəti illər üçün bu şans ehtimalı çox aşağıdır. Çünki, məsələ təkcə qiymətdə deyil, həm də ilbəil azalan neft hasilatındadır;
– Kəmərsıxma siyasətinin özünün spesifik xüsusiyyətləri var. Bu siyasətin əsas fəlsəfəsi sıxılan kəmərlərin növbəti illərdə boşaldılması üçün fundamental bazaların formalaşdırılmasıdır. Lakin, tətbiq olunan reseptlər bu istiqamətdə də ciddi çağırışlar formalaşdıra bilər. Bu çox geniş, dərin və spesifik mövzuya burada yer ayırmaq mümkün olmaz. Qısaca deyim ki, reseptin birtərəfli tətbiqi çox acı fəsadlar verə bilər və bu mənfi nəticələri biz 2026-da deyil, 2027-2028-ci illərdə daha kəskin görərik;
– ən böyük risklərdən biri dövlət müəssisələrinin, publik hüquqi şəxslərin müxtəlif bəhanələrlə (iqtisadi əsaslandırmadan söhbət gedə bilməz və təəssüf ki, qiymət artımlarında bu istiqamətdə ciddi çatışmazlıqlar var) qiymət artımları edərək (Tarif Şurasında təsdiqlədərək) inflyasiyaya və büdcə xərcləmələrinə təzyiqlər formalaşdıraraq bu istiqamətlərdə atılan addımların səmərəliliyini minimuma endirməkdir. 2026-cı ildə əsassız bəhanələrlə qiymət artımları istiqamətində atılan hər bir addım təkcə millətin cibinə girmək deyil, həm də dövlətçiliyə, dövlətin makroiqtisadi siyasətinə qarşı atılmış addım ola bilər. Büdcəyə qiymət artımları ilə qazandıracağınız 5 manat növbəti ildə büdcədən 10-15 manat xərc olaraq çıxacaq. Xüsusilə, internet və digər mal və xidmət qiymətləri daxil olmaqla inflyasiya tətikləyici qiymət artımları ən böyük və hərtərəfli zərbə olar. Xüsusilə, dizelin 2024-cü ildəki qiymət artımının kənd təsərrüfatı sahəsində hansı qiymət artımlarına, ölkədə becərilən məhsulların maya dəyərinə necə təsir etdiyi düzgün ölçülsəydi, bu gün 10 qəpiklik artım yenə baş verməzdi. Və yaxud, bir sıra ölkələrlə müqayisədə qiymətlər aşağıdır fikrinin altında həmin ölkələrdəki minimum və orta maaşlar, neft idxal, yoxsa ixrac edən ölkələr olduqlarını əks etdirən müqayisəli cədvəl də əlavə olunardı;
– Prezident İlham Əliyevin 17 noyabr 2025-ci il tarixli Fərmanı ilə təsdiqlənən yeni Nümunəvi Əsasnamənin formal deyil, səmərəli tətbiqi çox vacibdir. Bu Fərman Nazirlik, Agentlik, Xidmət və dövlət qurumlarında fəaliyyətlərin səmərəli, şəffaf təşkili və riskyönümlü idarəetmə baxımından çox vacibdir, lakin icrası istiqamətində hansı qurumlarda hansı addımların atılması ilə bağlı hələlik sakitlikdir;
– istər bank, istər turizm, istər istehsal və emal, istərsə də kənd təsərrüfatı sahələrində formalaşmaqda olan (bəzi yeni qəbul edilən qərarların da təsirləri ehtimalı yüksəkdir) ciddi risklər var. Onların hər bir sektor və ümumi makroiqtisadi yanaşmalarla ölçülməsi, analizi vacibdir! Adətən verdiyim mesajları həmişə açmasam da, bu ümumi fikir təsiri bağışlayan cümləni açmaq istədim. Biz 2025 və öncəki illərdə buraxdığımız səhvləri buraxmalı deyilik. Ən əsas da, ilin əvvəlində ilin sonunu, növbəti ili, növbəti illəri təhlil etmək, görə bilmək, vizyonu daha da artırmaq çox vacibdir. 2024-cü ilin son aylarında və 2025-ci ilin əvvəllərində əslində 2025-ci ilin sonları və 2026-cı il açıq-aydın görünməkdə idi. Ayrı-ayrı bəzi nazirlik və qurumlar vəziyyəti hiss etməyə və tədbirlər görməyə başlasalar da, gözlənilən nəticə əlbəttə əldə olunmadı və olunmazdı. Arayış: nəyi nəzərdə tutursunuz sualına cavabım, “əslində çox məsələni. Amma birini deyəcəm, hamı razılaşacaq. İqtisadi böyümə ilə bağlı Dövlət Başçısına və xalqa verilən proqnozu, vədi.” Səbəb isə sadədir. İqtisadiyyat ayrı-ayrı iqtisadi siyasətlər bir-birlərini tamamladıqda, vizyonlar eyni nöqtəyə fokuslandıqda güclü və qüdrətli olur.
Müəllif:
Elman Sadıqov,
iqtisadçı-ekspert - "DİA-AZ"









