Çinin Cənubi Qafqaz ölkələrində birbaşa xarici investisiya portfeli son on il ərzində 2,5 dəfə artıb və 2025-ci ilin birinci yarısında 690 milyon ABŞ dollarına çatıb. Bu barədə Avrasiya İnkişaf Bankının (EDB) hesabatında qeyd olunur.
Hesabata əsasən, Cənubi Qafqazda Çin investisiyalarının əsas hissəsi Azərbaycan və Gürcüstan arasında bölüşdürülüb. Portfeldə Azərbaycanın üstün mövqeyi qorunur və ölkə regionda Çin kapitalı üçün əsas istiqamət kimi qalır. Azərbaycan regiona yönələn Çin birbaşa investisiyalarının 60 faizini, Gürcüstan isə 40 faizini cəlb edib.
EDB-nin qiymətləndirməsinə görə, Çin investisiyalarının sektor bölgüsündə emal sənayesi və energetika prioritet sahələr olaraq önə çıxır. Bu struktur Çinin Cənubi Qafqazda hasilatyönümlü investisiya modelindən mərhələli şəkildə uzaqlaşdığını göstərir.
EDB-nin məlumatına görə, 2024-cü ildə qlobal birbaşa xarici investisiya axınları 11faiz azaldığı halda, Çin investisiyaları Avrasiya regionunda artmaqda davam edib. Son 18 ay ərzində Çin kapitalı region üzrə 7,4 milyard ABŞ dolları artaraq 66 milyard ABŞ dollarını ötüb.
Bu fonda Cənubi Qafqaz həcminə görə Mərkəzi Asiya və Avrasiya İqtisadi İttifaqı ölkələri ilə müqayisədə daha kiçik paya malik olsa da, sabit və struktur baxımından keyfiyyətli investisiya portfeli ilə seçilir.
Xatırladaq ki, Çinin Avrasiya regionundakı ümumi birbaşa investisiya portfeli 2025-ci ilin ortalarına 66,1 milyard ABŞ dollarına çatıb ki, bu da son on ildə 80 faiz artım deməkdir. Əvvəllər Çin əsasən hasilat sənayesi layihələrinə sərmayə yatırırdısa, hazırda emal sənayesi və energetika yeni artım drayverlərinə çevrilir.
Qeyd edək ki, Azərbaycanın Çinlə investisiya əməkdaşlığı hasilat sənayesindən kənar sahələrdə son iki ildə sürətli inkişaf yoluna çıxıb. Rəsmi məlumata əsasən, Azərbaycanda hazırda 370-dən çox Çin şirkəti fəaliyyət göstərir. Çinin Azərbaycana yatırdığı investisiyaların ümumi həcmi 950 milyon ABŞ dollarını ötüb. Ölkələr arasında əməkdaşlıq sahələri arasında ticarət, nəqliyyat, enerji, kənd təsərrüfatı kimi ənənəvi istiqamətlərlə yanaşı, tərəflər rəqəmsal iqtisadiyyat, yaşıl enerji və süni intellekt kimi sahələr üstünlük təşkil edir. İki ölkə arasında rəqəmsal iqtisadiyyat sahəsində investisiya, ağıllı logistika, “əşyaların interneti”, sənaye rəqəmsallaşması, texnoloji innovasiya və kadr mübadiləsi üzrə bir sıra anlaşma memorandumları imzalanıb.
İşğaldan azad olunmuş ərazilərdə ağıllı iqtisadiyyatın qurulması sahəsində Çin şirkətləri, xüsusilə də "Huawey" şirkəti ilə əməkdaşlıq həyata keçirilir. Bir ay əvvəl Çinin alternativ enerji sahəsində ən böyük şirkətlərindən biri olan “China Datang Corporation Ltd.”nin böyük nümayəndə heyəti Azərbaycana gəlib. Şirkətin Direktorlar Şurasının sədri Lü Cünün başçılıq etdiyi nümayəndə heyətini Prezident İlham Əliyev, iqtisadiyyat naziri Mikayıl Cabbarov qəbul edib. Nazirin verdiyi məlumata görə, əsas müzakirə mövzusu Çin şirkəti ilə birlikdə yaşıl enerji parkının yaradılması olub.
Eyni vaxtda "China Export & Credit Insurance Corporation" (Sinosure) və “Sinosteel Equipment & Engineering Co., Ltd” (Sinosteel) şirkətinin nümayəndələri Azərbaycandadır. Onlar “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, “Daşkəsən Dəmir Filiz” (DDF) MMC-nin Baş direktoru Ceyhun Əliyev və “Azerbaijan Metal Company” MMC-nin rəhbər heyəti ilə görüşüblər.
Qeyd edək ki, “Sinosure” Çin Xalq Respublikasının ixrac-sığorta agentliyi, “Sinosteel” isə mədənçilik, emal və metallurgiya texnologiyaları sahəsində ixtisaslaşmış Çin dövlətinə məxsus aparıcı “Sinosteel Group Corporation Limited” sənaye korporasiyasının əsas törəmə şirkətlərindən biridir. Görüş zamanı Şəmkir rayonu ərazisində tikiləcək isti briketlənmiş dəmir (İBD) zavodunun inşasının icrası üçün texniki-iqtisadi əsaslandırma (TİƏ) sənədi hazırlanması istiqamətində ilkin müzakirələr aparıb. Müzakirələr zamanı layihənin texniki detalları ilə yanaşı, maliyyələşmə mexanizmlərinin müəyyənləşdirilməsi və bu məqsədlə əsas kredit vəsaitlərinin Çin bazarından cəlb edilməsi məsələlərinə də toxunulub. “Sinosure” şirkətinin nümayəndələri təklif olunan maliyyə mexanizmini dəstəklədiklərini vurğulayıblar. Görüşdə tərəflər layihənin icrasına dair gələcək əməkdaşlıq istiqamətləri ətrafında da geniş fikir mübadiləsi aparıblar.
Xatırladaq ki, DDF MMC və Qazaxıstanın “Fonte GreenMet Investments Fund OEIC Limited” şirkəti tərəfindən təsis edilmiş “Azerbaijan Metal Company” MMC illik 2 milyon ton istehsal gücünə malik İBD zavodunun maliyyələşdirilməsi, layihələndirilməsi, qurulması və gələcək istismarına məsul olan birgə müəssisədir. Şəmkir rayonu ərazisində tikilməsi planlaşdırılan zavodun 2029-cu ilin ortalarında istismara verilməsi planlaşdırılır.
Bundan əlavə, sentyabrda Azərbaycan və Çin mərkəzi bankları arasında Əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Mərkəzi Bankının yaydığı məlumata görə, memorandum iki qurum arasında əməkdaşlığın hüquqi bazasının formalaşdırılması, əlaqələrin gücləndirilməsi, həmçinin qabaqcıl təcrübə istiqamətində məlumat mübadiləsinin aparılmasına töhfə verəcək. Bununla yanaşı, qurumlar monetar siyasət, maliyyə sektoru, ödəniş sistemləri, maliyyə texnologiyaları üzrə məsələləri müzakirə etmək üçün görüş, seminar və işgüzar səfərlərin keçirilməsi sahəsində qarşılıqlı fəaliyyət göstərəcəklər.
Prezident İlham Əliyevin 2025-ci ilin aprel ayında Çinə dövlət səfəri çərçivəsində ARDNF ilə Çin İnvestisiya Korporasiyası arasında Anlaşma Memorandumu imzalanıb.
Onu da bildirək ki, Dövlət Neft Fondunun da daxil olduğu Azərbaycan sərmayələrinin Çinə yatırılan ümumi həcmi təqribən 2.1 milyard ABŞ dollarına yüksəlib.
Azərbaycanda Çin sərmayəsi ilə icra olunan layihələrdən biri də elektrikli avtobus istehsalını əhatə edir. 2024-cü ilin iyul ayında Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Azərbaycan arasında Çərçivə sazişi imzalanıb. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşlaşdırılmasını nəzərdə tutub. Sənəddə eyni zamanda Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ildə elektrik mühərrikli avtobusların istehsalı zavodunun tikilməsini nəzərdə tutulurdu. İnvestisiya həcmi 34 milyon dollar olan layihə çərçivəsində ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması planlaşdırılır. Layihədə “Azərbaycan İnvestisiya Şirkəti” ASC payçı kimi iştirak edir. Layihə üzrə BYD şirkətinin Azərbaycandan olan tərəfdaşı “SARDA Group” şirkətinə məxsus “Electrify Azerbaijan”dır.
Zavodda daxili tələbat və ixrac imkanları nəzərə alınmaqla illik istehsal gücünün 300 ədəd olması gözlənilir. Zavodda may ayında yığılmağa başlayan ilk elektrobus sentyabrda istismara qəbul edilib. Avtobus BakıBus MMC-yə təhvil verilib. Bildirilib ki, ilk istehsal olunan 12 metrlik avtobus 82 sərnişin tutumuna malikdir və bir dəfə şarjla 350 km məsafə qət edə bilir.
Açıqlanan məlumata görə, BYD şirkəti ölkəmizdə əlavə dəyər zəncirinin inkişaf etdirilməsi məqsədilə yeni istehsal sahələrinə də investisiya qoymağı nəzərdə tutur. Şirkət gələcəkdə elektriklə işləyən yüngül yük maşınlarının, kommunal xidmətlər üçün elektrik maşınlarının və elektrikli minik avtomobillərinin istehsalı üzrə əməkdaşlıq etməyi hədəfləyir. Ümumilikdə, Azərbaycanda 2026-cı ildən etibarən illik 200-250 elektrik mühərrikli avtobusun istehsalı planlaşdırılır.
Bundan əlavə, Azərbaycan Xəzər dənizində yaşıl enerji istehsalı sahəsində nəzərdə tutulan çoxmilyardlıq layihələrdə Çin şirkətləri ilə işləməyə hazırlaşır. Bu istiqamətdə artıq bir sıra addımlar atılıb.
Ölkələr arasında ivestisiya əməkdaşlığı strateji sahələrə də müsbət təsirini göstərir. Belə ki, Azərbaycan Çin və Pakistanın birgə istehsalı olan "JF-17 Thunder” yüngül çoxməqsədli qırıcı təyyarələrin alışını sürətlə artırır. Ərəb mətbuatının yazdığına görə, Bakı belə təyyarələrin sayını 16-dan 40-a çatdırır. Bunun üçün Pakistanla 3,4 milyard dollarlıq müqavilə imzaladığı qeyd olunur. Aydın məsələdir ki, Çin texnologiyası əsasında istehsal olunan bu təyyarələri Pakistan Pekinin razılığı olmadan Azərbaycana sata bilməzdi.
“Yeni Müsavat”








