Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus Embraer 190 təyyarəsinin 2024-cü ilin dekabrında Aktau yaxınlığında qəzaya uğraması ilə bağlı cinayət işinin dayandırıldığını bildirib. Bu barədə mətbuat konfransında Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov məlumat verib.
“Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin AZAL-a məxsus təyyarənin qəzaya uğraması faktı üzrə cinayət işinin dayandırılması ilə bağlı göndərdiyi məktub bizdə ciddi təəccüb doğurdu”, – diplomat vurğulayıb.
Ceyhun Bayramov əlavə edib ki, Bakıda Rusiya İstintaq Komitəsi rəhbərinin məktubu ilə bağlı aydın və birmənalı mövqe formalaşdırılıb. Onun sözlərinə görə, istintaq Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında 9 oktyabrda Düşənbədə əldə olunmuş razılaşmalara uyğun şəkildə başa çatdırılacaq.
Eyni zamanda, Azərbaycan XİN rəhbəri Aleksandr Bastrıkinin məktubunun Bakıya nə vaxt daxil olduğunu açıqlamayıb.
Təbii ki, baş verənlər ciddi suallar doğurur. Ümumiyyətlə nə baş verir? Bu necə ola bilər? Putin oktyabr ayında İlham Əliyevə günahkarların cəzalandırılacağı ilə bağlı söz verir, indi isə Rusiyanın əsas “istintaqçısı” yazılı (!) şəkildə Bakıya bildirir ki, həmin cinayət işinə sadəcə olaraq xitam edilib. Bu, istehzanın hansısa formasıdır? Moskva axıra qədər heç kimə və heç nəyə görə hesabat vermək niyyətində olmadığını nümayiş etdirir? Bu, Putinin mesajıdır? Aydındır ki, Putinin xəbəri və iradəsi olmadan heç bir Bastrıkin Bakıya belə bir məktub göndərməyə cürət etməzdi. Bəs bundan sonra nə olacaq? Bu vəziyyət ölkələrimiz arasındakı münasibətlərə necə təsir göstərəcək? İndiyədək problem müşahidə olunmayan Rusiya–Azərbaycan iqtisadi əməkdaşlığında da soyuqluq yaranacaqmı?
Pressklub.az-ın suallarına xarici şərhçilər cavab verməyə razılaşıblar.
Ukraynalı analitik, siyasi elmlər doktoru, Taras Şevçenko adına Kiyev Milli Universitetinin müəllimi Petro Oleşuk bildirir ki, ümumilikdə bu cür davranış Rusiya üçün kifayət qədər tipikdir.
Düşünürəm ki, Tramp ilə son danışıqlardan sonra Putin özünə daha çox arxayın olmağa, gücünə inanmağa başlayıb və yenidən adət etdiyi imperiya tərbiyəsizliyinə qayıdıb. Məncə, onun davranışını başqa cür xarakterizə etmək çətindir. Bu, məhz imperiya tərbiyəsizliyidir və o, bu situasiyada bunu nümayiş etdirir. Hesab edirəm ki, bu davranış Tramp ilə danışıqlar kontekstində, Ukraynada müharibənin hipotetik başa çatması ilə bağlı proseslər fonunda izah edilə bilər: özünə inanıb və yenidən tərbiyəsiz üsluba qayıdıb”, – deyə politoloq vurğulayıb.
O əlavə edir ki, bu yaxınlarda dərc olunmuş maraqlı bir sənədi xatırlamaq kifayətdir: “Bu, ABŞ prezidenti Buş ilə Putinin danışıqlarının stenoqramlarıdır. Orada Ukrayna haqqında deyilir ki, bu, əsl dövlət deyil və ona görə də NATO üzvü olmamalıdır, əks halda ABŞ ilə Rusiya arasında münaqişə yaranar və s. Ümumilikdə düşünürəm ki, Ukraynaya münasibəti bütün postsovet respublikalarına da şamil etmək olar. Putin üçün onların heç biri “həqiqi” dövlətlər deyil. Taktiki baxımdan müəyyən müddət onlarla yaxşı münasibət görüntüsü yaratmaq olar, amma onun beynində həmişə belə bir düşüncə qalır ki, bu dövlətlər həqiqi deyil, uydurmadır və onlarla xüsusi davranışa ehtiyac yoxdur. Əksinə, imperiya gücü və imperiya qüdrəti nümayiş etdirmək lazımdır.
Yəni hesab edirəm ki, Putin indi vəziyyətin onun xeyrinə formalaşdığını düşünür və buna görə də hansısa pozitiv imitasiyalar aparmaqdan vaz keçərək, yenidən adət etdiyi tərbiyəsiz davranış tərzinə qayıdır”, – Oleşuk bildirib.
Hazırda Tbilisidə yaşayan rusiyalı siyasi ekspert Yeqor Kuroptev isə qeyd edib ki, Bakı ilə Moskva arasında münasibətlər AZAL-a məxsus təyyarənin qəzaya uğramasından xeyli əvvəl pisləşməyə başlayıb. Onun sözlərinə görə, Rusiyanın Ukraynaya qarşı müharibəsi və Qarabağ məsələsinin həlli fonunda güclənən müstəqil Azərbaycanın siyasəti Kremli nə əvvəllər qane edib, nə də indi qane edir.
Görünür, vəziyyət dəyişib və özünü yenidən güclü, təsirli hiss edən Putin Azərbaycan və ehtimal ki, digər bütün qonşulara qarşı açıq-aşkar təkəbbürlü və kobud davranışa qayıtmağa qərar verib. Şübhəsiz ki, ABŞ-ın zəif mövqeyini görən Moskva, bütün daxili böhranlara baxmayaraq “azğınlaşacaq”, təsir dairəsini bərpa etmək cəhdləri ilə əvvəlcə qonşularına, sonrakı mərhələdə isə Avropaya təzyiqi artıracaq.
Yenidən Kremlin girovları kimi yaşamaq istəməyənlərin qarşısında duran əsas sual budur: regionda əsas Qərb oyunçusunun faktiki olaraq geri çəkildiyi bir vaxtda Moskvanın təzyiqlərinə qarşı indidən birləşmək, yoxsa sonradan ayrı-ayrılıqda əzilmək?” – Kuroptev yekunlaşdırıb.








