Anonim Şuranın 13 üzvündən yalnız üçü bəllidir...
Yeni il qabağı Tarif Şurası yenə də xalqımızı qiymət artımı ilə sevindirdi. Bu Şuranın özünün də, fəaliyyətinin də qanunsuz olması barədə bu ilin əvvəlində ətraflı yazmışdım:
O cümlədən yazmışdım ki, bu amorf, hətta böyük hissədə anonim bir qurumdur. Sadəcə kollektiv qərar təsəvvürü yaratmaq üçündür ki, heç kəsin fərdi məsuliyyəti olmasın (məsələn, güllələməni niyə kollektiv icra edirlər? elə məhz ona görə ki, heç kəs özünü qatil kimi hiss etməsin! əvvəllər isə cəllad üzünü örtürdü). Heç bəlkə də əyani iclasları da keçirilmir. Sadəcə lazım olan qərarları imzlayırlar, vəssalam.
Tarif Şurası haqqında Əsasnamənin 4.1-ci bəndində yazılıb ki, tərkibi Prezident tərəfindən müəyyən edilir. Amma Prezidentin kimisə ora üzv təyin etməsi haqda heç bir sərəncamını tapa bilmədim. Sadəcə Əsasnamənin əlavəsində Tarif Şurasının üzvləri olan vəzifəlilər göstərilib (cəmi 13 nəfər). Məsələn, filan nazirin müavini. Amma, MaşAllah, nazirlərimiz bir neçə müavini var. Filan nazirin hansı müavini Tarif Şurasının üzvüdür?
Əsasnamənin 4.5-ci bəndində yazılıb ki, Tarif Şurasının sədri dövlət orqanlarının (qurumlarının) nümayəndələrindən ibarət tərkibini təsdiq edir. Bu da o deməkdir ki, təcrübədə “filan nazirin müavini” olan üzvü elə həmin “filan nazir” özü müəyyən edir və Tarif Şurasının sədrinə bu barədə məlumat verir.
Tarif Şurasının üzvü olan qurum nümayəndələrini müəyyən etmək üçün həmin qurumların saytlarına baxdım. Məlum olduğu kimi, həmin saytlarda rəhbərlər və onun müavinləri haqda məlumat var. Lakin heç biri haqda məlumatda Tarif Şurasının üzvü olması haqda qeyd yoxdur.
Niyə ictimaiyyətdən tərkib gizlədirilir? Tarif Şurasının üzvü olmaq ayıbdır, yoxsa dövlət sirridir?
Bu boşluğu qismən aradan qaldırmaq üçün Tarif Şurasının üzvləri haqda açıq məlumatlardan qaynaqlanaraq xalqa bilgi verirəm.
Deməli, Tarif Şurasının yalnız üç üzvü dəqiq məlumdur: Şuranın sədri – iqtisadiyyat naziri Mikayıl Cabbarov, iki üzvü – energetika nazirinin yeganə müavini Samir Vəliyev və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Zaur Əliyev.
Digər 10 üzv isə qurum rəhbərlərinin müavinləridir (qeyd etdiyim kimi, konkret hansı müavini – məlum deyil, mötərizələrdə mövcud müavinlərin sayını göstərmişəm: bəlkə hansısa utancaqlığa son qoyub bəyan etdi ki, “bəli, mən, Tarif Şurasının üzvüyəm”): maliyyə nazirinin müavini (4), ədliyyə nazirinin müavini (5), rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini (5), kənd təsərrüfatı nazirinin müavini (3), səhiyyə nazirinin müavini (3), elm və təhsil nazirinin müavini (4), əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini (4), Dövlət Gömrük Komitəsi sədrinin müavini (4), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini (3), Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini (3).
Başqa sözlə, bu 38 nəfərdən 10-u qalan üzvlərdir...
Əkrəm Həsənov - "DİA-AZ"









