Hələ çar Rusiyası dövründən ermənilərdən “maşa” kimi istifadə edən Moskva Qarabağ əldən çıxdıqdan sonra da bəd niyyətindən qalmır. Şimal qonşumuz Qarabağdan könüllü köç edib Ermənistana yerləşmiş və orada yaşayan erməniləri əlində saxlamaq üçün davamlı şəkildə onlara “qayğı” göstərməkdə davam edir.
Belə ki, Avrasiya Beynəlxalq Təşkilatı tərəfindən Rusiya Humanitar Missiyası ilə birgə və “Rossotrudniçestvo”nun dəstəyi ilə “Rusiya sizinlədir” adlı Qarabağdan köçmüş ermənilərə növbəti humanitar yardım göndərilib (Tribuna.az). Rusiyanın bu addımı, əlbəttə ki, məqsədlidir. Hədəf Qarabağdan köçmüş ermənilərin “könlünü almaq” və onları ovcunda saxlamaqdır. Səbəb isə bir neçədir: birincisi, Rusiya onlardan Ermənistanda hakimiyyəti dəyişmək üçün maşa kimi istifadə etməyi planlaşdırır. Çünki Köçəryan hakimiyyətə gələn zaman da analoji imkandan istifadə etmişdi. İndi də dişlərində “şirə” qalıb.
İkinci məqsəd isə Azərbaycana qarşı onlardan yararlanmaqdır. Yəni gələcəkdə Rusiya öz bəd ənənəsinə sadiq olaraq, bu kontingenti Bakıya qarşı qaldırmağa çalışa bilər. Məqsəd Bakıya təzyiq edib onları yenidən geri qaytarmağa, separatçılıq üçün zəmin yaratmağa nail olmaqdır.
Bu qəbil planlar nə dərəcədə Azərbaycana problem yarada, Ermənistana təsir edə, yaxud Rusiyanın istəklərinin yerinə yetirilməsi üçün təsirli ola bilər?
Siyasi şərhçi Azər Həsrət “Yeni Müsavat”a bildirdi ki, qeyd olunan hadisə Rusiyanın əməllərindən əl çəkmək niyyətində olmadığının növbəti təsdiqidir: “Rusiya yenə də Azərbaycanla Ermənistan arasında uçurum yaratmağa, qarşıdurma, düşmənçilik mühitini yenidən qabartmaq istiqamətində ən müxtəlif formalarda iş aparır. Erməni xalqını yenidən fəlakətə sürükləyib Azərbaycana qarşı qaldırmaq istəyirlər. Ona görə də mən düşünürəm ki, Rusiyanı bu məsələlərdə bir kənara qoyuruq, əsas da Ermənistan ictimaiyyəti, Ermənistan hakimiyyəti Rusiyanın əlini-ayağını yığışdırmalıdır. Yəni açıq şəkildə Ermənistan Rusiyaya deməlidir ki, sizin ”yardımlarınız" 10 illərdir erməni xalqının əziyyət çəkməsinə, Ermənistanın dalan dövlətə çevrilməsinə gətirib çıxarıb. Erməniləri qızışıdırıb bizim üstümüzə salan, sonra onlarla birlikdə Azərbaycan torpaqlarını işğal edən Rusiyanın özü deyildimi? Bunu ermənilər görmürmü, anlamırmı? Görürlər və anlayırlar. Ona görə də artıq burada Rusiyanın deyil, Ermənistanın üzərinə getmək lazımdır və onlara izah edilməlidir ki, sizin nicatınız Rusiyanın ara-sıra görüntü üçün payladığı və təbliğat vasitəsinə çevirdiyi “humanitar yardımlarla” deyil, sizin nicatınız Azərbaycanla, Türkiyə ilə yaxşı qonşuluq münasibətlərindən asılıdır. Əgər Ermənistan bu iki dövlətlə tam sülhə nail olsa və məsələ birdəfəlik qapadılsa, artıq ermənilərin Rusiyanın süfrəsinin qırıntılarına ehtiyacı qalmayacaq. Bunu ermənilərə izah etmək lazımdır".
Siyasi ekspert vurğuladı ki, Rusiyaya nə qədər desək də köhnə siyasətlərindən, əməllərindən əl çəkəsi deyil. Rusiya Azərbaycanla Ermənistan arasında münaqişəli vəziyyətin qalmasında həmişə maraqlı olub, bu gün maraqlıdır və bundan sonra da maraqlı olacaq: “Xalqları bir-birinə qarşı qoymaq siyasəti onların həmin xalqların yaşadığı ölkələri və bölgələri təsir altında saxlamaq üçün Rusiyanın siyasətində həmişə tətbiq olunan alət olub. Bundan sonra da bu çirkin alətdən istifadə etməyə çalışacaqlar. Problemi özləri yaradırlar, sonra isə müdaxilə edib guya həll etməyə çalışdıqları görüntüsü yaradırlar. Əslində isə yaratdıqları problemləri heç zaman həll etməyiblər. Yaratdıqları problemləri qara yara kimi xalqların yaxasına keçirib əbədi olaraq onları idarə etməyə çalışıblar. Daim də bunu etməyə çalışacaqlar. Buna görə də artıq Ermənistan tərəfi Rusiyaya deməlidir ki, sənin saxta dostluğun, humanitar yardımların başına dəysin, bizim buna ehtiyacımız yoxdur. Çünki ”humanitar yardım" adı altında aksiya əslində ermənilərin Azərbaycana qarşı aqressiyasını ayaqda tutmağa hesablanıb. O aqressiyanın da sonda ermənilərin başına nə oyun gətirdiyini bütün dünya gördü. Ermənilər bir daha bənzər aqressiyalarının qurbanı olmaq istəyirlər? Yəqin ki, istəməzlər. Ona görə də bu şeylər onlara izah edilməlidir. Ağlı başında olan millət Rusiyadan gələn “yardımı” qəbul etməməlidir".








