Aktau şəhəri yaxınlığında Bakı–Qroznı reysini yerinə yetirən AZAL-a məxsus təyyarənin qəzaya uğramasından bir il ötür. 2024-cü il dekabrın 25-də təyyarə Qazaxıstanın Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb. Qəza zamanı təyyarənin göyərtəsində 67 nəfər (62 sərnişin, 5 ekipaj üzvü) olub. Onlardan 42-si Azərbaycan (37 sərnişin, 5 ekipaj üzvü), 16-sı Rusiya, 6-sı Qazaxıstan, 3-ü isə Qırğızıstan vətəndaşı olub. Qəza nəticəsində 38 nəfər ölüb, 29 nəfər yaralanıb.
Rusiyanın dövlət başçısı Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı başsağlığı versə də, qonşu ölkənin dövlət qurumları ilk gündən hər vəchlə məsuliyyəti öz üzərlərindən atmağa çalışdılar. Rusiya mediası və təbliğat maşını diqqəti hadisənin əsl səbəblərindən yayındırmağa cəhd göstərdi. Lakin qəzanın sağ qalan şahidləri danışdı və sənədli sübutlar ortaya çıxdı. Bütün bunlardan sonra Moskva müəyyən sığorta ödənişlərini həyata keçirməklə işini bitmiş hesab etdi və bu da Bakıda haqlı narazılıq doğurdu. Halbuki, Azərbaycan analoji hadisə ilə üzləşəndə Rusiyaya qarşı tam fərqli davranmışdı. Söhbət 2020-ci ildə Ermənistanla müharibənin getdiyi bir şəraitdə bu ölkədən Azərbaycana doğru irəliləyən Rusiya hərbi helikopterinin vurulmasından gedir. Həmin vaxt Azərbaycan bütün qaydalara uyğun həm üzr istəmiş, həm lazımi kompensasiyaları ödəmişdi.
Ötən il AZAL təyyarəsinin vurulmasından sonra Rusiyadan gözlənilən də adekvat münasibət idi. Lakin bunun əksi baş verdi. Bakının beynəlxalq qaydalara söykənən tələblərinə Rusiyanın güc strukturları Azərbaycan diasporasına təzyiqlər, o cümlədən ölümlərlə nəticələnən hücumlarla cavab verməyə başladılar. Baş verənlər ikitərəfli münasibətlərin ona qədər mövcud olan ruhuna və Bakının göstərdiyi dost münasibətə son dərəcə zidd yanaşma idi.
Azərbaycan Prezidenti isə təyyarənin vurulmasında sonra onunla təmasa keçən rusiyalı həmkarına təşəkkür edib: "Xatırlayırsınızsa, bu faciəli gündə mən Sankt-Peterburqda görüşə uçurdum və mənə məlumat verildikdə təyyarədən dərhal Sizə zəng etdim və bir-birimizə başsağlığı verdik. Həmçinin Sizdən MDB-nin qeyri-rəsmi sammitində iştirak edən həmkarlarımıza da obyektiv səbəblərdən bu tədbirdə iştirak edə bilməyəcəyimi çatdırmağınızı xahiş etdim. Eyni zamanda, bu vəziyyəti nəzarətdə saxladığınıza görə Sizə təşəkkür etmək istərdim. Sizinlə dəfələrlə fikir mübadiləsi aparmışıq, həmçinin komandalarımızın üzvləri daim təmasdadırlar. Siz şəxsən istintaqın gedişinə nəzarət edirsiniz və bizim heç bir şübhəmiz olmayıb ki, o, bütün məsələləri obyektiv araşdıracaq. Ona görə də bizim görüşümüzdə məhz bu məsələyə aydınlıq gətirməyi zəruri hesab etdiyiniz üçün Sizə bir daha minnətdarlığımı ifadə etmək istərdim".
Təəssüf ki, Rusiya liderinin məlum bəyanatının üstündən iki aydan çox vaxt keçsə də, ortada praktiki nəticə yoxdur.
Ardınca da Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun bəyanatı yayıldı. Kreml rəsmisi bildirdi ki, Azərbaycan Prezidentinin Rusiyanın "şimal paytaxtı"na gələ bilməməsini anlayışla qarşılayırlar. "Həqiqətən də, dövlət başçılarının çox sıx qrafikləri var, xüsusən də dekabr ayında, Yeni il ərəfəsində",-deyə D.Peskov bildirib.
Göründüyü kimi, rəsmi Moskvanın Azərbaycan Prezidentinin qərarına münasibəti kifayət qədər korrektdir. Lakin bundan sonra Rusiya mediası və ictimai rəydə yaradılan ajiotaj başadüşülən deyil. Qonşu ölkənin təbliğat kanallarında İlham Əliyevin Sankt-Pederburqa getməməsi Bakının təyyarə qəzası ilə bağlı tələblərini yerinə yetirməyən Moskvaya qarşı demarş kimi qiymətləndirilir və az qala düşmənçilik kimi qələmə verilir.
Əlbəttə, mümkündür ki, Prezident İlham Əliyev məhz Düşənbədə ona verilmiş vədlər yerinə yetirilmədiyi üçün sammitə qatılmağı uyğun bilməyib. Lakin bu, kifayət qədər təbii və məntiqlidir. İkitərəfli münasibətlərdə böhrana səbəb olan faktorlar aradan qaldırılmayana qədər sarsılmış qarşılıqlı etimadın bərpası mümkün deyil. Bu baxımdan Kremlin "anlayışlı" reaksiyası fonunda Rusiya mediasının qaldırdığı hay-küyün təsadüfi olmaması göz önündədir.
Bütün bunlar təbliğatın vahid mərkəzdən idarə olunmasından xəbər verir. Səslənən çağırışlar həm də onu təsdiqləyir ki, ötən il ərzində Rusiyada azərbaycanlı iş adamları, diaspora nümayəndələrinin təqiblərə məruz qalması hüquqi deyil, siyasi motivlidir.
Azərbaycanın Ermənistanla Rusiyanın iştirakı olmadan əldə etdikləri razılaşmalar və bütün bunların Moskvada deyil Vaşinqtonda baş tutması, üstəlik AZALa məxsis mülki təyyarənin vurulması ilə bağlı rəsmi Bakının prinsipiallıq nümayiş etdirməsi şimal qonşumuzu narazı salmış ola bilər. Lakin dövlət maraqlarının həmişə üst-üstə düşməməsi nə qədər normal sayılırsa, bir dövlətin verdiyi vədlərə əməl etməməsi və onlarla insanın ölümü ilə nəticələnmiş cinayətə görə məsuliyyətdən israrla yayınmağa çalışması da bir o qədər anormaldır.
REPORT.az








