SOCAR tərəfindən istehsal edilmiş Aİ-95 markalı 22 vaqon benzin Ermənistanda revanşistlərə “od vurub”. Qeyd edək ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı sırf kommersiya xarakterlidir və benzin beynəlxalq bazar qiymətlərinə uyğundur.
Bu məsələ ətrafında isə Ermənistanda müzakirələr davam edir. Erməni müxalifəti bu ticarət əlaqələrinə qarşı çıxır, hətta bunu “faciə” kimi qəbul edənlər də var. Ən gülməli məsələ isə Azərbaycanın satdığı benzinin üçüncü ölkədən alınması ilə bağlı iddialardır. Ermənistanın keçmiş baş naziri Hrant Baqratyan bildirib ki, Ermənistan Azərbaycandan yanacaq almaqla guya bizim büdcəmizi doldurur. “Axı ödənilən pul həmin ölkənin büdcəsinə gedəcək və sonra ordumuza qarşı silah olacaq”.
Revanşist düşərgə bildirir ki, guya Azərbaycan üçüncü ölkədən aldığı benzini Ermənistana göndərib. O da iddia edilib ki, Azərbaycan mallarının istehlakı Ermənistan ictimaiyyəti üzərində psixoloji dominantlığa doğru addımdır.
Aydındır ki, Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi dividentləri konsepsiyasını əks etdirir, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətində mühüm addımdır. Bu, həm də regionda iqtisadi-ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.
Ermənilərin ordu ilə bağlı təlaşına gəlincə, Azərbaycan 2026-cı ildə müdafiə və təhlükəsizlik xərclərini 8 milyard 714,8 milyon manata çatdırıb. Yəni Azərbaycanın erməni revanşistlərin sərsəmləməsi kimi, drama (Ermənistanda pul vahidi) ehtiyacı yoxdur. Azərbaycan artıq illərdir ki, müasir ordu quruculuğunu prioritet seçib. Qarabağ müharibəsindən sonra qazanılan təcrübə, Ukrayna savaşının dərsləri, dronların və yüksək texnologiyaların həlledici rolu bir daha sübut edir ki, bu istiqamətdə dayanıqlı və davamlı siyasət labüddür.
Bu barədə hərbi ekspert Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, bu kimi iddialar absurddur: "Azərbaycan öz yanacağını digər dövlətlərə satır və silah almağımız üçün kifayət qədər büdcəmiz var. Azərbaycan Ermənistana ona görə benzin satır ki, sülh prosesinə töhfə versin, iki ölkə və iki ölkənin xalqları arasında etimad mühitinin formalaşmasına təkan versin. Bu, Azərbaycan tərəfdən bir jestdir. Ancaq görürük ki, revanşist hisslərlə yaşayan ermənilər hətta bu jesti də düşməncəsinə fərqli istiqamətə yozurlar. Çox təəssüf ki, Ermənistanda bu cür qüvvələr var. Onlar hələ də anlamırlar ki, Azərbaycan 1990-cı illərin Azərbaycanı deyil. Azərbaycan dünənə qədər Ermənistana benzin satmırdı, məgər onda silah-sursat ala bilmirdi?! Baqratyan kimi faşist təfəkkürlü ermənilər görün nə qədər absurda gedirlər. Bunlarda zərrə qədər utanmaq, özlərinə, sözlərinə hörmət yoxdur. Azərbaycanın orduya gələn üçün ayırdığı büdcə 9 milyarda yaxındır. Ermənistana satılan benzinin pulu bu vəsaitin yanında dəryada damla kimidir. Bu qədər böyük məbləğ Azərbaycanın öz Ordusunun silah arsenalını daha da müasirləşdirməsinə, zənginləşdirməsinə imkan verir".
Hərbi ekspert qeyd etdi ki, Qrant Baqratyan kimi şəxslər qəsdən o cür açıqlamalar verməklə Ermənistan cəmiyyətinin sülhə meyllənməsi prosesinin qarşısını almaq, düşmənçiliyi davam etdirmək, Azərbaycana nifrət əhval-ruhiyyəsi yaratmaq istəyirlər: “Bu cür revanşist qüvvələr həm də mesaj verirlər ki, hakimiyyətə gələcəkləri halda Azərbaycanla müharibə edəcəklər. Ermənistan hakimiyyəti həmin revanşistlərin səsini kəsməlidir. Çünki onlar nifaq toxumu səpirlər və əslində Ermənistanın gələcəyini təhlükə altına salacaq mövqedədirlər, sülhün qarşısında bir əngəldirlər”.
İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, Ermənistanın baş naziri olmuş Baqdasaryanın söylədiyi tezis savadsız, mənasız və gülüncdür: “Bu cür savadsız, mənasız fikrə cavab verməyin özü adama gülməli gəlir. Yəni söhbət Ermənistana göndərilən benzinin dəyəri cəmi bir neçə yüz min dollardan gedir. Həmin yanacağın maya dəyərini çıxsaq Ermənistana satılan benzinin büdcəmizə təsiri bəlkə də bir neçə min manatdır. Baş nazir olmuş şəxs bunu bilmirsə, bir ayıb, bilə-bilə o cür danışırsa daha betər...Bu, Ermənistandakı revanşistlərin sülh prosesinə vurmaq istədikləri zərbədən başqa bir şey deyil”.








