“Müqavilə üzrə qızğın iş gedirdi. Artıq axşam saatları idi. Yekunlaşma üzrə işlər gedirdi. Səhərdən başlayaraq çoxsaylı təmaslarda idik. Prezident İlham Əliyev zəng edir, müxtəlif təlimatlar verir, biz mətn üzərində çalışır və Rusiya XİN-lə əlaqə yaradaraq göndərirdik”.
Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov İTV-də yayımlanan “Təmas xətti” verilişində Vətən müharibəsi dövründə Rusiya helikopterinin vurulması xəbərini almasından danışarkən deyib.
“Axşam saatlarında hökumət telefonuna zəng gəldi. Götürdüm, bizim hava qüvvələrinin komandanı Ramiz Tahirov zəng edirdi. Dedi ki, nazir Zakir Həsənovun xəbəri var. Ancaq başa düşürəm ki, onun da həmin məqamda çoxsaylı tapşırıqları var. Çünki artıq 9-dan 10-na keçən gecə idi. Bunu elan etmək yox, bunu təşkil etmək lazım idi. Hərbi əməliyyatlar gedirdi, bunu dayandırmaq sözdə asandır, amma bunu təşkil etmək tamam fərqli idi. Müdafiə naziri də bu işlərin üzərində durmuşdu.
Dedi ki, nazirin xəbəri var, onun tapşırığına əsasən zəng edirəm. Hadisə baş verib. Naxçıvan istiqamətində uçan bir helikopter tərəfimizdən vurulub. Məlumat daxil olanda başa düşdüm ki, yaxşı xəbər deyil. Ancaq müharibə gedir, mümkündür. Dedi, sərhədimizə yaxın ərazidir, Ermənistan üzərində baş verib. Yenə də bu məlumat tam təsəvvür yaratmadı, çünki bilirik ki, Ermənistan ərazisində bizə təhdid yaradan S-300 də vurulmuşdu.
Yavaş-yavaş məlumatlar daxil olmağa başladı. Məlum oldu ki, bu, Rusiya helikopteridir. Pilotlar da Rusiya vətəndaşlarıdır. Təbii ki, bu, problem idi, ciddi məsələ idi. Dərhal Prezidentlə telefon danışığı istədik. Bu mövzu ilə bağlı 7 dəqiqə danışdıq”, - nazir qeyd edib.
O vurğulayıb ki, Prezidentlə əlaqəyə çıxanda artıq onun məsələdən xəbəri vardı:
“Burada Prezidentin reaksiyasını demək istəyirəm. Prezident bu məlumatı, ola bilsin ki, 1-2 dəqiqə əldə etmişdi. Müxtəlif potensial fikirlər də ola bilərdi ki, bunu araşdıraq, tələsməyək. Prezident dedi ki, bəli, xəbərim var. Bununla bağlı açıqlama hazırlayın. Həmin açıqlama 30-40 dəqiqə sonra çıxdı.
Açıqlamada olan tezislərin ardıcıllığı da Prezident tərəfindən deyilən ardıcıllığa uyğun idi. Hadisəyə gətirən səbəblər, hərbi əməliyyatların davam etməsi, həmin marşrutla heç vaxt helikopter hərəkət etməməsi, faciəvi təsadüf, üzrxahlıq, kompensasiya və s.
Biz bunu verəndə Rusiya tərəfinə hələ heç bir məlumat getməmişdi. Helikopterin vurulmasından xəbərləri yox idi. Rusiya mediasında heç nə çıxmamışdı.
Azərbaycan XİN Azərbaycan dövləti adından artıq bununla bağlı heç bir vaxt uzatmadan, əlavə oyun oynamadan məsələni izah etdi, üzrxahlıq etdi, başsağlığı diləklərini çatdırdı, kompensasiya hazırlığını elan etdi”.








