Sosial şəbəkələrdə və mediada bir barışıq havası var. Bəziləri artıq Ermənistana səfir gedir. Bəziləri Nikol Paşinyanı qonaq çağırır. Xatirələrini danışan kimi, erməni turistlərlə Qız Qalasının üstündə selfi arzulayan kim...
Bəylər və xanımlar, niyə tələsirik? Hara tələsirik?! Hələ sülh sazişi imzalanmayıb. Hələ bunun imzadan sonra ratifikasiyası var. Hələ bu sənədlərin rəsmi mübadiləsi var. Yəni hələ çox iş var. Sanki hər şey həll olunubmuş, hər şey bitibmiş kimi bir hava yaratmayın. Hər sözü öz vaxtında demək lazımdır.
Düzdür, sülh sazişi paraflanıb. Bununla bağlı Vaşinqtonda bəyannamə imzalanıb. Bunlar tarixi hadisələrdir. Bu tarixi hadisələrə, əlbəttə, sevinmək olar. Amma bir də var, tarixin hadisələri. Biz sülh istəyirik, bu, ayrı. Ancaq müharibənin dəhşətlərini də unutmuruq. Biz 1987-ci ilin dekabrından bu günə qədər baş vermiş heç nəyi unutmamalıyıq. Onda bu torpaq üçün qurban gedənlərin ruhunu, qazilərin və bütövlükdə müharibə qurbanlarının hisslərini incitmiş olarıq. Sülh olsun deyə, müharibəni unutmamalıyıq, müharibə olmasın deyə müharibəni xatırlamalıyıq. Bizim nələrdən keçdiyimizi, kimin günahından nələr itirdiyimizi qonaq çağırdığınız ermənilər də unutmasın deyə, onlara üslubunca xatırlatmalı olacaqsınız. Bu, keçmişin kölgəsində yaşamaq deyil, yox, gələcəyi kölgələyəcək unutqanlığa yuvarlanmamaqdır.
Xalqlar, bəli, bir-biri ilə barışa bilər. Ancaq bu xalqları bir-biri ilə düşmən edənlərlə, bir xalqın o birinə qarşı düşmənçiliyi ilə barışmaq mümkünsüzdür. "Qalib xalq" dediyiniz öz keçmişinə də, gələcəyinə də eyni anda sahib çıxar. Bizə yaraşan budur, hələ sülh sazişi belə imzalanmadan qollarımızı açıb, qonşularımızın üstünə yüyürmək yox.
Bir az ağır olun, nolar!
Hamıya aid deyil, əlbəttə. Kimə aiddirsə, lütfən öz sözünü götürsün...