Rusiyada tanınmış diaspor rəhbərlərindən biri olan Şahin Şıxlinski Rusiyanın paytaxtı Moskvada könüllü şəkildə hüquq-mühafizə orqanlarına təslim olub.
Axar.az xəbər verir ki, bu barədə məlumatı Rusiya xüsusi xidmətlərinə yaxınlığı ilə tanınan “ВЧК-ОГПУ” adlı Telegram kanalı yayıb.
Eyni zamanda, Rusiyanın 66.ru saytının hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yaydığı məlumata görə, Şıxlinskinin barəsində iki ayrı cinayət işi açılıb. Həmin ittihamlar qətl və hakimiyyət nümayəndəsinə qarşı zorakılıq tətbiq edilməsi maddələri üzrədir.
Musavat.com saytında isə Rusiya İstintaq Komitəsinin sədr müavini, ədliyyə general-polkovniki E.V. Kaburneev tərəfindın imzalanan ittiham aktı var. Rusiya İstintaq Komitəsinin Svedlovsk vilayəti üzrə şöbəsi tərəfindən yayımlanan sənədlərə əsasən, Azərbaycanın Ural bölgəsindəki diaspor rəhbəri Şahin Şıxlinski və oğlu Mütəvəli Şıxlinski barəsində Rusiya Cinayət Məcəlləsinin 318.1-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.
"DİA-AZ" xatırladır ki, son bir neçə gün isə Şahin Şıxlinski Azərbaycanın Rusiyadakı səfirliyinin qonaq evində qalırmış. Bu barədə xəbər yayan AYNA qəzeti həbsindən öncə Şıxlinskinin Prezident İlham Əliyevə müraciət etdiyini, kömək istədiyini də açıqlamışdı.