Azərbaycan və Ermənistan liderlərinin Əbu-Dabidə vasitəçi olmadan konstruktiv formatda keçirdiyi görüşdən sonra Rusiya tərəfində narahatlıq müşahidə olunur. Moskvanın Cənubi Qafqazda geosiyasi nüfuzunu itirdiyi bir vaxtda tərəflərin birbaşa dialoq yolu ilə irəliləməsi Kremldə neqativ qarşılanıb. Məhz bu kontekstdə Rusiya Dövlət Dumasının deputatı Vitali Milonovun səsləndirdiyi açıqlama Ermənistanda siyasi təşvişə səbəb olub
Milonov Əbu-Dabi danışıqlarının Ermənistan üçün ərazi itkiləri ilə nəticələnə biləcəyini iddia edib. Onun sözlərinə görə, xüsusilə Sünik bölgəsinin (Zəngəzur-red.) Azərbaycana qaytarılması ehtimalını istisna olunmur. Rusiyalı deputatın fikirləri Kremlin açıq mesajı kimi dəyərləndirilir və bu, İrəvandakı revanşist qüvvələr arasında xaotik ritorikanın yenidən güclənməsinə yol açıb.
Analitiklərin fikrincə, Rusiya bu tip bəyanatlarla Ermənistan cəmiyyətində xaos və narahatlıq yaratmağa, eyni zamanda baş nazir Nikol Paşinyan hökumətinə təzyiqi artırmağa çalışır.
Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Əbu-Dabidə keçirdiyi görüş sülh prosesində tarixi hadisə hesab oluna bilər:
“44 günlük Qarabağ müharibəsindən sonra Ermənistan və Azərbaycan arasında dialoq davam etdi, müxtəlif formatda görüşlər keçirildi. Lakin bu görüşlər keçmiş ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə baş tutan danışıqlardan mahiyyətcə fərqlənmirdi. Brüssel, Vaşinqton və Moskva formatında aparılan danışıqlarda konkret nəticə əldə edilmədi. Görünən odur ki, ABŞ, Fransa və Rusiyanın iştirakı ilə baş tutan görüşlər prosesi həll etmək əvəzinə, status-kvonu saxlayırdı.
Adı çəkilən hər üç ölkə onsuz da Minsk qrupunun həmsədrləridir. Onların müxtəlif təşəbbüsləri nəticəsiz, səmərəsiz oldu. Bu da prosesə yeni məzmun qatmırdı. Azərbaycan isə situasiyanı dəyişdi. Xüsusilə antiterror əməliyyatları nəticəsində münaqişə faktiki olaraq bitirildi”.
Politoloq vurğulayıb ki, hazırda sülh sazişinin 17 maddəlik mətninin razılaşdırıldığı bildirilsə də, Azərbaycanın prinsipial şərtləri var:
“Bunlar ATƏT-in Minsk qrupunun formal olaraq ləğvi və Ermənistan Konstitusiyasının dəyişdirilməsidir. Hələlik həmin məsələlər icra edilməyib. Amma bu kimi məqamların müzakirəsi üçün kənar müdaxilələr olmamalıdır.
Əbu-Dabidə keçirilən görüşdə biz kənar müdaxilələrin şahidi olmadıq. Ümumiyyətlə, BƏƏ-nin ev sahibi olması indiki mərhələdə çox mühüm hadisədir. Bu platforma növbəti görüşlər üçün də faydalı ola bilər. Görüşün 5 saatdan artıq davam etməsi də onun məhsuldarlığının göstəricisidir.
Rusiya son zamanlar Cənubi Qafqazla bağlı məsələlərdə yenidən aktivləşməyə çalışır. Moskva anlayır ki, əgər münaqişə tam həll olunar və Rusiya bu prosesdə iştirak etməzsə, bu, onun üçün ciddi nüfuz itkisi deməkdir. Çünki Rusiya münaqişənin ilk günlərindən bu prosesin içində olub. Əbu-Dabidə sülhün imzalanması və Rusiyanın prosesdən kənarda qalmas onun üçün strateji fəlakət olar. Elə açıqlamaların səbəbi də məhz budur”.