Son günlər Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda ictimai müzakirələrdə Şuşa Bəyannaməsinin imkanlarından praktik müstəvidə istifadə olunması barədə fikirlər səslənməyə başlayıb. Konkret desək, Azərbaycanın ərazisində Türkiyə Respublikasının daimi hərbi bazasının yaradılması məsələsinin həllinə başlamağın zəruriliyi qeyd olunur.
Artıq iki azərbaycanlı ekspert Azərbaycanda Türkiyə hərbi bazasının yaradılması zamanının çatdığını bildirib.
Məsələn, tanınmış politoloq Ramiz Yunus Facebook səhifəsində belə yazıb:
“Rusiyanın postsovet məkanındakı bütün qonşularına qarşı yürütdüyü aqressiv siyasəti, 2008-ci ilin avqustunda Gürcüstana, 2014-cü ildən başlayaraq bu günədək davam edən Ukraynaya qarşı təcavüzü göstərir ki, müasir dünya cəngəllik qaydaları ilə yaşayır. Kreml göstərişi ilə Rusiyada başlanan anti-Azərbaycan isteriyası və bununla paralel qonşu İranda da ölkəmizə qarşı eyni təbliğat kampaniyasının aparılması göstərir ki, rəsmi Bakının Azərbaycanda Türkiyənin güclü hərbi bazasının yaradılması barədə siyasi qərar qəbul etməsinin vaxtı çatıb. Beləliklə, Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsi real siyasi-hərbi müstəviyə keçə bilər. Əminəm ki, bu qərar dərhal həm Moskvada, həm də Tehranda Azərbaycan düşmənlərini özlərinə gətirəcək. Bununla yanaşı, Azərbaycanda Pakistan Hərbi-Hava Bazasının yaradılması imkanını da nəzərdən keçirmək pis olmazdı. Böyük Çin strateqi və mütəfəkkiri Sun Tszının dediyi kimi: “Düşməni vuruşmadan məğlub etmək – hərb sənətin zirvəsidir”.
Daha bir tanınmış analitik Eldar Namazov isə Rusiyadan mühacirət etmiş jurnalist Yevgeni Kiselyovla müsahibəsində belə deyib:
“Bu prosesi Moskva heç bir təzyiqlə, qorxutma ilə dayandıra bilməyəcək. Əksinə, biz siyasətimizi daha da sərtləşdirəcəyik və lazım gələrsə, ərazimizdə Türkiyə hərbi bazası yaradacağıq. Rusiya da bununla barışmalı olacaq”.
Maraqlıdır, bu ideyanın bugünkü şəraitdə reallaşdırılması nə dərəcədə mümkündür? Belə bir addım zaman-zaman münasibətləri pisləşdirməyə meylli bəzi qonşuları ayılda bilərmi? Ümumiyyətlə, bu yenilik Azərbaycanın və Cənubi Qafqazın təhlükəsizlik məsələlərinə necə təsir göstərəcək?
Pressklub.az-ın suallarına tanınmış hərbi ekspert, Azərbaycanın Müdafiə Nazirliyinin informasiya-analitik idarəsinin sabiq əməkdaşı Azad İsazadə cavab verib.
“Birinci suala gəldikdə – bəli, bu mümkündür. Azərbaycan öz ərazisində Türkiyə Silahlı Qüvvələrinin bazasını rahatlıqla yerləşdirə bilər. Amma gəlin görək, bu nə dərəcədə məqsədəuyğundur. Hər hası bir dövlətin digər dövlətin ərazisində yerləşdirdiyi hərbi baza sırf hərbi obyekt deyil, daha çox hərbi-siyasi addım, hərbi-siyasi obyektdir. Yəni bu, başqa bir dövlətin burada mövcudluğu, öz maraqlarının nümayişi və ərazisində bu obyekti yerləşdirən dövlət üçün təhlükəsizlik təminatıdır.
Sırf hərbi baxımdan isə indiki dövrdə hərbi bazaların yerləşdirilməsinə o qədər də ehtiyac yoxdur. Çünki kommunikasiya imkanlarının genişlənməsi, hərbi texnika və canlı qüvvənin daşınması və transfer müddətinin azalması ilə bu obyektlərin əhəmiyyəti nisbətən azalır. Əvvəllər uzaq ərazilərdə hərbi bazalar ona görə yerləşdirilirdi ki, lazım gələndə ordunu cəmləyib müstəqil döyüş apara bilsin. Hərbi baza, müharibə başlayan anda, əsas qüvvələr gələnə qədər döyüş əməliyyatlarını aparan ekspedisiya korpusu rolunu oynayırdı. Bu səbəbdən dünyada ən çox hərbi bazası olan dövlətlər SSRİ və ABŞ idi, çünki planet üzrə qarşıdurma xətti bu iki dövlət arasında idi.
Hərbi bazaların da növləri var. Məsələn, Hərbi-Hava Bazaları bu gün də aktualdır. Çünki aviasiyanın daşınması, infrastrukturun qurulması, ehtiyat hissələrinin, sursatların təminatı və s. üçün zaman lazımdır və bu, döyüş zamanı təşəbbüs itkisinə gətirə bilər. Elə bu səbəbdəndir ki, ABŞ-ın dünyada 20-dən çox Hərbi-Hava Bazası var, lakin quru qoşunlarının və dəniz piyadalarının, səhv etmirəmsə, cəmi 10-12 bazası mövcuddur. Hərbi-dəniz bazalarının sayı isə səkkizdir. Çünki ABŞ bu funksiyanı aviasiya daşıyıcı qrupları vasitəsilə həyata keçirir. Bu qrupların mərkəzində aviasiya daşıyıcısı və onu müşayiət edən çoxsaylı döyüş gəmiləri olur. ABŞ bu qrupları müxtəlif okeanlarda ehtiyac yaranan nöqtəyə göndərir.
Son nümunə – İsrail və İran arasındakı müharibə. Döyüşlər başlamamışdan əvvəl ABŞ-ın iki aviasiya daşıyıcı qrupu hadisə yerinə göndərilmişdi. Üçüncü qrup yaxınlaşanda artıq hamıya aydın oldu ki, ABŞ münaqişəyə qoşulacaq. Çünki həm hərbi bazaların, həm də aviasiya daşıyıcı qruplarının saxlanması baha başa gəlir. Pul xərclənirsə, deməli, konkret məqsəd üçün xərclənir”,– ekspert bildirib.
İsazadənin sözlərinə görə, Azərbaycanda hərbi bazanın yaradılması məsələsinin zərurətliyi baxımından isə başa düşmək lazımdır ki, belə obyekt dərhal düşmən üçün bir nömrəli hədəf olur. “Həmin obyekt peyk, hava və yerüstü kəşfiyyat vasitələri ilə nəzarətdə saxlanılır. Oraya diversiyalar təşkil oluna bilər. Baza öz anbarlarına malik olmalıdır və yerləşdiyi region üçün müəyyən risklər yaradır.
Hesab edirəm ki, hərbi baxımdan Türkiyədən 1-2 briqadanın Azərbaycana göndərilməsi elə də böyük problem deyil. Və bunu hərbi baza adlandırmaq da şərt deyil.Hazırda Türkiyə Silahlı Qüvvələri Suriyada, Liviyada və digər ərazilərdə yerləşib. Bəzən Türkiyə hərbçiləri Azərbaycanda da olub. Amma buna heç vaxt hərbi baza statusu verilməyib. Çünki burada siyasi məqamlar önəmlidir. Yəni, biz bu ərazilərə iddia etmirik, sadəcə yerli orduya dəstək təmin edirik.
Azərbaycana dəstəyin real olub-olmadığını nümayiş etdirməyin yollarına gəldikdə, nümunə ortadadır.İkinci Qarabağ müharibəsində cəmi bir neçə F-16 təyyarəsinin Gəncədə yerləşməsi kifayət etmişdi ki, hava məkanı Azərbaycan Ordusunun tam nəzarətində olsun. Yəni, nə Rusiya, nə də Ermənistan hərbi təyyarələri Azərbaycan üzərində görünmədi”, – hərbi şərhçi xatırladır.
İsazadə qeyd edir ki, ABŞ-ın istifadə etdiyi praktika mövcuddur və hansısa dərəcədə SSRİ də bundan istifadə edib. Sovet ordusunda buna “kadrlaşdırılmış polk” deyilirmiş.“ABŞ müəyyən ərazidə gücləndirilmiş batalyon yerləşdirir. Onun texnikası, sursatı və s. ehtiyatları olur. Zərurət yarananda bu batalyon çox qısa müddətdə briqadaya, briqada isə korpusa çevrilə bilir.
Sözsüz ki, Türkiyə və ya Pakistan kimi dövlətlərin hərbi qüvvəsinin Azərbaycanda peyda olması həm ölkəmizin təhlükəsizliyini möhkəmləndirərdi, həm də ümumiyyətlə Cənubi Qafqazın təhlükəsizliyinə təsir edərdi.Çünki Azərbaycan öz ordusu və müttəfiqləri hesabına regionun üç dövləti arasında hazırda ən təhlükəsiz vəziyyətdədir. Ermənistanda vəziyyət olduqca gərgindir, çünki Rusiya orada aqressiv hibrid müharibə aparır. Gürcüstanda da işğal olunmuş ərazilər və daxili siyasi qeyri-sabitlik mövcuddur. Buna görə də, Türkiyə və Pakistan ordusunun Cənubi Qafqazdakı mövcudluğu bizim üçün təhlükəsizlik təminatı olacaq.
Amma bunu hərbi baza adlandırmaq vacib deyil, çünki hərbi-siyasi baxımdan “hərbi baza” anlayışının tam hüquqi tərifi belə yoxdur. Bəzən “hərbi baza” dedikdə, əslində sadəcə növbətçilik xidməti aparan kiçik hərbi kontingentlər nəzərdə tutulur. Bəzən isə müəyyən texniki bölmələrə də “hərbi baza” adı verilir.
Yəni, belə hərbi mövcudiyyəti müsbət sayıram və hesab edirəm ki, biz bunu edə bilərik. Sadəcə, bunu hərbi baza deyil, dost dövlətin hərbi kontingentinin yerləşdirilməsi adlandırmaq kifayət edər”,– İsazadə təklif edib.