“Etniklərə və miqrantlara qarşı zorakılıq Rusiyaya yaxşı heç nə vəd etmir”.
Bunu Moderator.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib. Ekspert qeyd edib ki, Rusiyada bəzi qüvvələr imperiya ab-havasını yenidən canlandırmağa çalışır ki, bu da Rusiyaya, eləcə də onun digər ölkələrlə münasibətinə yaxşı heç nə vəd etmir:
“Rusiyada azərbaycanlılara, eləcə də digər etniklərə qarşı zorakı münasibət təəssüf doğurur və heç bir halda normal hesab edilə bilməz. Görünən odur ki, Rusiyada bəzi qüvvələr imperiya əhval-ruhiyyəsini, imperiya ideyalarını yenidən dirçəltməyə çalışırlar. Düşünürəm ki, miqrantlara, etniklərə sərt münasibət bununla bağlıdır. Lakin bu siyasət Rusiyaya, eləcə də onun digər ölkələrlə münasibətinə yaxşı heç nə vəd etmir. Bu kimi hallar Rusiya cəmiyyətində də dərin izlər buraxır, cəmiyyətə, onun inkişafına təsirsiz ötüşmür.
Buna görə hesab edirəm ki, Rusiya məlum tendensiyanın qarşısını almalı, vəziyyəti daha da mürəkkəbləşdirən addımlar atmaqdan çəkinməlidir”.