Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Tikilməkdə olan Müəssisələrinin Müdiriyyəti tərəfindən aparılan satınalma prosesləri yekunlaşıb.
"DİA-AZ" xəbər verir ki, sözügedən satınalmalar çərçivəsində Kəlbəcər və Laçın rayonlarında tikiləcək mərkəzi xəstəxanaların layihə-smeta sənədlərinin hazırlanması üzrə iki tenderə yekun vurulub. Hər iki tenderin qalibi isə “İba Group” MMC (VÖEN-i 1502528921) olub.
İlk tender Kəlbəcər Rayon Mərkəzi Xəstəxanasının layihə-smeta sənədlərinin hazırlanması ilə bağlıdır. Bu işlərin görülməsi üçün ayrılmış vəsaitin məbləği 597.200 manat təşkil edir.
İkinci tender isə Laçın Rayon Mərkəzi Xəstəxanasının layihə-smeta sənədlərinin hazırlanması məqsədilə keçirilib. Bu layihə üzrə ayrılmış vəsait 594.300 manat olub. Laçında da bənzər şəkildə yeni xəstəxana binasının tikintisinə başlanması üçün ilkin layihələndirmə işlərinin görülməsi planlaşdırılır.
Hər iki tenderin ümumi məbləği 1.191.500 manat təşkil edir.
“İba Group” MMC 2014-cü ildə yaradılıb, nizamnamə kapitalı 50 AZN təşkil edir. Şirkətin qanuni təmsilçisi İlqar Bəylərov Xıdır oğludur. Hüquqi ünvanı AZ1029, Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 95 ünvanında yerləşir.