“Səməddən sonra başa düşdüm ki, bu sənət çox pis sənətdir. Bir-biri ilə dost olurlar sonra bir-birinin arxasınca danışırlar. Vallah, Səməd kimi insan hələ bu sahəyə gəlməyib. Hamını yola verirdi, heç kimlə dava etmirdi. Hətta Əli Mirəliyevlə də heç vaxt dava etməyib. Əli ilə dostluq edirdi. Əlini mən gör neçənci ildən tanıyıram. O bizim evimizə gəlib, oturub, yeyib-içib, qalıb. Onlar sadəcə zarafat edirdilər. İndi baxıram ki, bu sahədə heç belə adam yoxdur”
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Səməd Səmədovun həyat yoldaşı İradə Qasımova bildirib. O daha sonra əlavə edib:
“Səmədin dostları, sənət yoldaşları bu gün tez-tez mənə zəng vururlar, ziyarət edirlər. Faytonçu Nazim, Kamran Həsənli, prodüseri Rövşən, Yeganə, Habil, Sevda Əliqızı və s. dostları zəng edir, yanıma gəlirlər. Mən onlardan çox razıyam. Təəssüf ki, Səməd nə mənim, nə də oğlumun yuxularına gəlir. Təkcə qızımın yuxularına gəlir” deyə sənətkarın xanımı bildirib.
İradə xanım deyir ki, həyat yoldaşı dünyasını dəyişəndə o Türkiyədə olub:
“Qızım Səmədin yanında idi. Bacımın oğlu məni Türkiyəyə aparmışdı. O biri bacım orada qalır. Hətta Səmədə də dedim ki, gəl gedək. O vaxt pandemiya olsa da, artıq toylara icazə vermişdilər. Səməd dedi ki, sən get istirahət et, mən bir az işləyim. Hətta bizi yola da saldı. Koronavirus onu bizdən aldı. Həmişə deyirdi ki, ömrümün sonuna qədər işləyəcəm. Ən böyük arzusu işləmək idi. Deyirdi ki, mən Mirzə Babayev kimi 90 yaşına qədər oxuyacam. Aramızda çox böyük sevgi, hörmət olub. Təsəvvür edin ki, mənim üçün indi necə çətindir? Oğlum xaricdə yaşayır, qızımın öz ailəsi var. Nə mən onunla qala bilərəm, nə də o mənimlə. Hər kəsin öz evi, ailəsi var. Ona görə də evdə oturub şəkillərlə danışıram. Ondan geriyə qalan şəkillər, videolar, mahnılardır. Cavid İmamverdiyev onun haqda bir film çəkdi. Həmin kinonu Murad Dadaşov sağ olsun 3 dəfə Xəzər tv-də nümayiş etdirib. Artıq təsəllim budur. Kaş Səməd həmişə yanımda qalardı. Təəssüf” deyə sənətkarın ömür-gün yoldaşı bildirib.