Xəbər verdiyimiz kimi, bu gün Xaçmaz rayonu, Qobuqıraq kənd ümumi orta məktəbində siniflərdən birinin döşəməsi çöküb. Məlumata görə, hadisədən sonra təhlükəsizlik tədbirləri görülüb, təlim-tədrisin fasiləsizliyinin təmin edilməsi üçün şagirdlər başqa sinfə köçürülüblər.
Quba-Xaçmaz Regional Təhsil İdarəsindən təhsil müəssisəsinin mövcud vəziyyətinin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görüldüyü bildirilib.
Sitat.info olaraq Qobuqıraq kənd orta məktəbinin fotosunu əldə etdik. Fotodan da göründüyü kimi kənd məktəbi SSRİ dövründən qalma qəzalı vəziyyətdə olan birmərtəbəli tikilidir. Məktəbin dam örütüyü köhnəlib, pilləkənləri aralanıb, divarlarında çatlar meydana gəlib.
Diqqət çəkən məqamlardan biri də odur ki, son illərdə məktəbə bir neçə sinif otağı tikilərək əlavə olunub və o da standartlardan kənar, gecəqondunu xatırladır. Pəncərələrin yararsız hala düşdüyü diqqət çəkir. Tüstü bacalarından da göründüyü kimi məktəb qışda odun sobası ilə qızdırılır və hər hansı istilik sistemindən söhbət gedə bilməz.
Sinif otaqlarında tavana vurulan köhnə diktlər qoparaq sallanır. Eyni materialdan olan döşəmələrin də sıradan çıxdığını görmək olar. Tavandan sallanan elektrik xətləri isə hər an yanğın təhlükəsinin qapıda olduğunu göstərir. Divarlardakı çatlar binanın nəinki zəlzələ zamanı, güclü külək əsəndə belə uçub töküləcəyindən, hər an bədbəxt hadisələrin baş verə biləcəyindən xəbər verir.
Görünən odur ki, Sovet dövründən bu yana məktəb təmir üzü görməyib. Azərbaycanın rayon və kəndlərində bu vəziyyətdə olan məktəblər az deyil. Lakin yerli təhsil idarələrinin əməkdaşları təmirli kabinetlərini tərk edib bu millətin gələcəyi olan uşaqlarımızın hansı şəraitdə təhsil alması ilə maraqlanmır, məktəbin ümumi vəziyyəti haqqında hesabat hazırlamağı özünə borc bilmir. Məktəblərin yenidən tikilməsini bir kənara qoyaq, cari təmir işləri üçün ayrılan vəsait belə ünvana çatmadan "yeyilir". Əks halda ən azırdan köhnə məktəbin tavanı, döşəməsi, pəncərələri yenilənmiş olardı...