Qarşıdan 26 iyun – Silahlı Qüvvələr Günü gəlir.
Silahlı Qüvvələrimizin gücünün, peşəkarlığının qorunub saxlanılması və inkişafə sadəcə ölkəmizdə deyil, bütün regionda sülhün və təhlükəsizliyin qorunub saxlanılması baxımından nə dərəcə önəmlidir?
Moderator.az-a açıqlama verən politoloq Azər Qasımov güclü ordu faktorunun çağdaş dünyamızda mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb:
“Müasir texnologiyalara əsaslanan ordu quruculuğunun hər bir dövlətin təhlükəsizliyi üçün böyük əhəmiyyət daşıdığı qənaətinin hasil olduğu bir dövrdə illər öncəsindən öz ordusunu müasirləşdirmək qərarı alması və NATO standartlarına uyğun ordu quruculuğuna başlaması Azərbaycan dövlətinin strateji uğuru idi. Azərbaycan dövləti bunu öncədən gördü və ordunun NATO standartlarına keçməsini təmin etdi. Nəticədə ərazilərimizin işğaldan azad olunmasını təmin etdi. Bu ordu relyefinə görə hərb elmində ən çətin maneələrdən olan dağlıq ərazilərdə döyüş aparmaq qabiliyyətinə sahib oldu. Eyni zamanda hərb elmində yeniliklər etməklə sıldırım qayalar üzərində yerləşən Şuşanın alınmasını təmin etdi, yalançı hədəflərə düşmən hava hücumundan müdafiə sistemlərinin yerini müəyyən etdi və s.
Artıq Azərbaycan Ordusu elə bir duruma gəlmişdi ki, erməni hərbi birləşmələri kimi cılız hərbi birliklər onun üçün hansı mövqedə yerləşməsindən asılı olmayaraq, sadəcə bir hədəf idi. Nəticədən göründüyü kimi, deyilənlər həqiqət idi. Bunu düşmən özü belə etiraf edirdi, hansı ki, ərazidə yerləşən erməni ordusunun on mini işini yaxşı başa düşüb fərarilik etmişdi. Bu, erməni tərəfinin rəsmiləri tərəfindən səsləndirilən real rəqəm idi.
Azərbaycan Ordusu bütün dünya ordularına özünü ən güclü tərəfindən tanıtmışdı. ABŞ və NATO orduları əsgərləri belə Azərbaycan ordusunun döyüş apardığı ərazilərə tədqiqatlar üçün gəlmiş və həqiqətən də Azərbaycan əsgərinin şücaətini və hazırlığını yüksək qiymətləndirmiş, deyilənləri yerində görmüşdü. Azərbaycan Ordusu artıq regional kontekstdən çıxıb yaxın regionlar üçün də örnək ordu konsepti olmuşdur. Ordumuzun gücü regional səviyyədə təhlükəsizlik üçün qarant rolu oynayır. Məsələ ondadır ki, ətraf qonşularımızın şovinist dairələrinin qorxulu yuxusuna çevrilmiş Azərbaycan Ordusu onların istək və xəyallarını puç etmişdir.
Azərbaycan Ordusunun gücü yaxın dost və qardaş ölkələr üçün də həm qürur mənbəyi, həm də arxalanacaq dayaq nöqtəsidir. Təsadüfü deyil ki, Azərbaycan və Türkiyə dövlətləri qarşılıqlı hərbi yardım barəsində "Şuşa bəyannaməsi" imzalayıblar. Pakistanla eyni məzmunlu "Bakı bəyannaməsi" imzalanıb. Bu, bir-birinə kənar hərbi müdaxilə durumunda dəstəklə yanaşı, Azərbaycan Ordusunun gücünə əminlik əlaməti deməkdir. Hesab edirəm ki, Azərbaycan Ordusu dosta güvən, yada qorxu verən ordu kimi peşəkarlıq baxımından özünün ən yüksək səviyyəsinə çatmışdır və bundan sonra da öz inkişafını sürdürəcək”.