Ermənistanın keçmiş prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyanı korrupsiyada və ölkəni səmərəsiz idarəçilikdə ittiham edib və təkid edib ki, əgər yenidən hakimiyyətə qayıtsa, Ermənistanın ciddi təhlükəsizlik problemlərini həll edə bilər.
"Mənim əsaslı şübhəm var ki, Nikol Paşinyan Ermənistandakı ən varlı adamdır", – ana müxalifətin "Hayastan" blokunun lideri mayın 19-da dərc olunan müsahibəsində deyib.
Koçaryan iddia edib ki, Paşinyanın 7 illik hakimiyyəti dövründə dövlət vəsaitlərinin mənimsənilməsi və israfçılığı geniş vüsət alıb.
Koçaryan xüsusilə keçən il ləğv edilmiş bir hökumət fonduna dair dayandırılmış cinayət araşdırmasına diqqət çəkib. Onun sözlərinə görə, sözügedən fond dörd il ərzində Ermənistan üçün xarici sərmayə cəlb edə bilməmiş, buna baxmayaraq, vergiödəyicilərə azı 10.7 milyard drama (təxminən 27.3 milyon dollar) başa gəlib. Koçaryan bildirib ki, təkcə bu fakt Paşinyanı "korrupsiyanın Eynşteyni" kimi xarakterizə etməyə yetərlidir.
Koçaryanın özü də 1998–2008-ci illərdə prezidentliyi dövründə və sonrakı illərdə korrupsiya ittihamları ilə üzləşib. Parlamentin sədri və Paşinyanın əsas müttəfiqlərindən biri olan Alen Simonyan isə 70 yaşlı keçmiş prezidentə cavab verərkən bu ittihamları inkaredilməz fakt kimi təqdim edib.
"Məncə, əgər o belə bəyanatlar verirsə, həkimə müraciət etməlidir", –parlament sədri Simonyan jurnalistlərə bildirib. "Daha yaxşı olardı ki, o desin ki, 200 milyon dolları Qarabağdanmı gətirib, babasındanmı miras qalıb, yoxsa başqa yerdən əldə edib?".
Ermənistan prokurorluğu R.Koçaryanın və onun geniş ailə üzvlərinin qanunsuz yolla əldə etdiyi iddia olunan əmlak siyahısını müsadirə etməyə çalışır. Keçmiş prezident bu prosesi "siyasi motivli" adlandıraraq rədd edir.
Ötən həftə hakim partiyanın deputatları bu əmlakların müsadirə prosesinə istinad edərək müxalifətin son vaxtlar Paşinyanın siyasi komandası üzvlərinin, onların ailələrinin və yaxınlarının qanunsuz zənginləşməsi ilə bağlı artan ittihamlarına cavab veriblər.
N.Paşinyan isə mayın əvvəlində bu ittihamlara sərt reaksiya göstərərək "Hayastan" blokunun deputatlarını həbsə atmaqla hədələyib.
Hakimiyyəti Sarkisyanla bölüşməyə hazırdır
Koçaryan etiraf edib ki, məqsədi təkcə Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq deyil, həm də növbəti ümumi seçkilər nəticəsində – onun fikrincə, 2026-cı ilin iyununda planlaşdırıldığı kimi keçiriləcək – yenidən hakimiyyətə gəlməkdir. O bildirib ki, keçmiş təcrübəsi və siyasi fəaliyyəti Ermənistanın üzləşdiyi təhlükəsizlik problemləri fonunda onu ölkəni idarə etmək üçün ən uyğun namizədə çevirir.
"Mən bu problemləri həll edə biləcək adamam. Əgər istəmirsiniz bu problemlər həll olunsun, gedin və istədiyiniz şəxsə səs verin. Amma əgər bu məsələlərin həllini istəyirsinizsə, onda Koçariyana səs verin", –o, ermənilərə müraciətində bildirib.
"Hayastan" bloku sonuncu, 2021-ci ildə keçirilmiş parlament seçkilərində cəmi 21 faiz səs toplayaraq ikinci yerə çıxıb.
Koçaryan bildirib ki, seçkilərdən sonra digər əsas müxalifət qüvvələri ilə, o cümlədən keçmiş prezident Serj Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası (HHK) ilə hakimiyyəti bölüşmək üçün əməkdaşlığa hazırdır. Lakin son aylarda Koçaryanın bloku ilə HHK arasında münasibətlər gərginləşib. İki keçmiş prezident köməkçiləri vasitəsilə bir-birini sərt şəkildə tənqid ediblər.
Bu gərginliyi daha da artıracaq bəyanatlarında Koçaryan Sarkisyanı xalq narazılığını doğru qiymətləndirməməkdə və onillik hakimiyyətini uzatmağa çalışmaqda ittiham edib. O xatırladıb ki, Ermənistanın parlament idarəetmə sisteminə keçidindən sonra Sarkisyanın yenidən baş nazir olmaq cəhdi 2018-ci ildə geniş xalq etirazlarına səbəb olub və nəticədə Paşinyan hakimiyyətə gəlib.