![QHT və media sahəsi aysberqin görünən tərəfidir QHT və media sahəsi aysberqin görünən tərəfidir](https://dia-az.info/uploads/posts/2025-02/thumbs/1739740401_7xlzxnw5aibmy06zesfy.jpeg)
ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) ləğv ediləcəyinin proqnozunu Azərbaycan Prezidenti ötən ilin sonunda vermişdi. Rusiya KİV-nə müsahibəsində dövlət başçımız bildirmişdi ki, Tramp USAİD-i qadağan edə bilər.
Ötən həftədən etibarən isə artıq Tramp administrasiyası bu təşkilatın fəaliyyətini dayandırmaq üçün əməli addımlara başlayıb.
ABŞ Prezidenti Donald Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyində (USAİD) korrupsiyanın görünməmiş həddə çatdığını bildirib: “USAİD radikal solçuları dəli edir. Və pulun böyük hissəsi saxtakarlıqla, tamamilə anlaşılmaz şəkildə xərcləndiyinə görə bu barədə heç nə edə bilmirlər. Korrupsiya əvvəllər heç vaxt görülməmiş səviyyəyə çatıb. Onu bağlayın”.
Hətta amerikalı sahibkar İlon Mask USAİD-i çoxsaylı cinayət əməllərində, həmçinin Çin laboratoriyasını maliyyələşdirməkdə, yəni koronavirusu yaymaqda ittiham edir. Təşkilatdan amerikalı vergi ödəyiciləri qarşısında hesabat vermək tələb olunur.
USAİD-in Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi verməsi, xarici hökumətləri devirmək üçün Latın Amerikasında QİÇS-in qarşısının alınması üzrə saxta seminarlar təşkil etməsinə dair faktlar da bu təşkilatın iç üzünü açır.
Əslində, USAİD ABŞ-nin dünyada xaos yayan, hakimiyyət çevrilişləri həyata keçirən, vətəndaş qarşıdurması yaradan mexanizmidir. USAİD illərlə dünyanın müxtəlif bölgələrində müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışaraq, inqilablara sponsorluq edirdi. Bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlərə qarşı qarayaxma kampaniyaları təşkil edib.
Təşkilat vaxtı ilə ələ keçirdiyi mediaları saxlamaq və genişləndirmək üçün hər il milyardlarla pul xərcləyirdi.
Cənubi Qafqazda da müxtəlif yollarla ənənəvi dəyərləri dağıdaraq, üzdəniraq ideyaları təbliğ edən də USAİD idi. Qonşu Gürcüstanda inqilab cəhdi də USAİD-in məkrli planının tərkib hissəsi idi. 2020-ci ildə bu ölkədə keçirilən seçkilərin nəticələri ilə bağlı saxta hesabatlar hazırlandı, seçkilərin saxtalaşdırıldığı iddia edildi. Sonradan bu saxta iddiaların hamısı ifşa olundu.
USAİD-in rəhbərliyində Samanta Pouer kimi qatı anti-Azərbaycan mövqeli şəxsin təmsil olunması da təsadüfi deyildi. Ermənipərəst Samanta Pauer və USAİD faktiki Azərbaycanın ərazi bütövlüyünə qarşı fəaliyyət göstərirdi. İşğal dövründə Qarabağ separatçılarını dəstəkləyərək, minatəmizləmə fəaliyyətinə maliyyə yardımı göstərərək öz xislətlərini açmış olurdular.
Sosial layihələr adı altında Azərbaycanın dövlət orqanlarına və cəmiyyətin müxtəlif təbəqələrinə soxularaq, öz məkrli planlarını reallaşdırmağa can atırdılar.
Amma təbii ki, ölkəmizə qarşı həyata keçirilən hibrid təhdidlər və beynəlxalq dezinformasiya kampaniyaları nəticə vermədi. Bu gün bu təşkilat cinayətkar struktur kimi ifşa olunur.
Politoloq Yeganə Hacıyeva “Sherg.az"a açıqlamasında qeyd edb ki, USAİD-in bağlanmasından sonra ABŞ dövlət aparatında gizlənmiş gizli USAİD hücrələrinin demontajına başlayıb:
“Bir sıra Avropa ölkələri də eyni prosesə fərqli təşəbbüslər adı altında start veriblər. Dövlətlərin icraedici və qanunverici orqanlarını əhatə edən USAİD gizli hücrələri demək olar ki, bütün ölkələrdə eyni ssenari ilə “hörülüb”.
USAİD haqqında ən çox QHT və media sahəsindəki şəbəkələri qabardılsa da, onlar aysberqin görünən tərəfidir. Daha geniş və təhlükəli şəbəkələr isə dövlət aparatı və onun üst qatına yeridilmiş şəbəkələrdir.
Bu antimilli şəbəkələrin işləmə mexanizmi ilə bağlı açıq mənbələrdən kifayət qədər geniş məlumatlar əldə etmək olur. Bu məlumatların təhlili və nəticənin bizim ölkə ilə sinxronluğunu apardıqda çox şey mənim üçün yenilik olmasa da, etiraf edim ki, öyrəndiklərim məni şoka salır”.
USAİD-in əməllərinin məhz yarandığı ölkə tərəfindən ifşa edildiyini xatırladan politoloq qeyd edib ki, bu təşkilatın onlarla ölkədə “Rəngli inqilablara” sponsorluq etməsi, bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verməsi və beynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi, ermənipərəst mövqeyi artıq təsdiqini tapmış faktlardır:
“Bu təşkilat Azərbaycanla da bağlı qərəzi ilə seçilib, dəfələrlə ölkəmizə qarşı dezinformasiya xarakterli araşdırmalar yayması, Qarabağda “etnik təmizləmələr” barədə “araşdırmaları” ilə seçilib. Bu faktlar belə bir təşkilatın fəaliyyətinə və yardımlarına ehtiyacın olmadığını təsdiqləyir.
Qeyd edim ki, hələ 2024-cü ildə Azərbaycan 2000-ci ildən qüvvədə olan USAİD müqaviləsini uzatmamağa qərar verdi. Bu, agentliyin fəaliyyətinin dövlətin maraqlarına uyğun olmaması ilə bağlıdır. 2025-ci ilin əvvəlində Bakı ABŞ rəhbərliyinə USAİD-in ölkə ərazisində fəaliyyətinin tam dayandırılması barədə məlumat verdi. 2023-cü maliyyə ilində USAİD-in Azərbaycanda rəsmən öz adından həyata keçirdiyi proqramlar üzrə sərbəst izlənilə bilən vəsaitin məbləği 22 milyon ABŞ dollarıdır.
USAİD eyni ildə 9 beynəlxalq təşkilatın adından birbaşa, 4 beynəlxalq təşkilatla partner əsasda ümumilikdə 30-dan çox proqram həyata keçirib.
Bu statistika 2023-cü ilin 9 ayını əhatə edir.
USAİD-in Azərbaycanda gizli həyata keçirdiyi proqramlar üzrə vəsaitin məbləği sərbəst izlənilə bilən vəsaitdən 10-13 dəfə çoxdur”.