
Rusiya Avrasiya məkanında qitənin bütün ölkələrini birləşdirəcək təşkilatın yaradılması konsepsiyasını irəli sürəcək.
Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov Dövlət Dumasında hökumət saatında deyib:
“Afrikada bütün Afrika ölkələrini birləşdirən Afrika Birliyi var. Latın Amerikasında Latın Amerikası və Karib hövzəsi Dövlətləri Birliyi var ki, bu da ümumkontinental təşkilatdır. Amma Avrasiyada belə bir təşkilat yoxdur".
Lavrovun sözlərinə görə, “Avroatlantik konsepsiya əsasında qurulmuş” ATƏT var, həmçinin Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) və Körfəz Əməkdaşlıq Şurası da daxil olmaqla “çoxsaylı subregional strukturlar” mövcuddur.
"Lakin elə bir forum yoxdur ki, orada təbii olaraq bir-birinə qonşu olan qitənin bütün dövlətləri təmsil olunsun. Ona görə də biz Rusiya prezidentinin dediyi konsepsiyanı irəli sürəcəyik. Biz artıq bu işə başlamışıq. Biz qonşularımızla yeni sazişlər bağlayır və onların assosiasiyaları ilə əlaqələri inkişaf etdiririk", - Rusiya XİN rəhbəri bildirib.
Lavrov vurğulayıb ki, Rusiya bütün qitələrdə Aİİ, KTMT, MDB ölkələri və digər tərəfdaşları ilə intensiv siyasi dialoq aparır.