
“Rusiyada kifayət qədər çox sayda qanunsuz miqrantın yaşaması barədə müxtəlif mənbələrdə müxtəlif rəqəmlər səsləndirilir. Rusiya hökuməti qanunsuz miqrantların ölkə ərazisində yaşaması üçün heç bir əsası olmayan "ölkə ərazisindən çıxarılması" rejimini işə salır. Bu da müəyyən prosedurlardan keçməyi tələb edən müəyyən mərhələlərlə həyata keçiriləcək bir prosesdir”.
Bu barədə Bizimyol.info xəbər portalına Milli Məclisin deputatı Azər Allahverənov danışıb. Deputat qeyd edib ki, 5 fevral tarixindən etibarən, ölkədə yaşayıb və bunun üçün heç bir qanuni əsası olmayan şəxslər barədə məlumat bir qayda olaraq Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi tərəfindən idarə olunan xüsusi reyestrə daxil ediləcək. Eyni zamanda, həmin reyestrə daxil edilən şəxslərin yaşadığı ünvan barədə məlumatın da bir qayda olaraq, hüquq-mühafizə orqanlarına təqdim olunması tələbi qoyulacaq. Bu da o deməkdir ki, artıq istənilən halda hüquq-mühafizə orqanlarının icazəsi olmadan həmin şəxslər yaşadığı ünvanı dəyişə bilməyəcəklər və onlarla bağlı, mövcud vəziyyət onların ölkə ərazisindən çıxarılması rejiminin iş tələbindən irəli gələrək, prosedurlar üzərindən nəzarətdə saxlanılacaqdır.
Deputatın fikrincə, şəxsin ölkə ərazisindən çıxarılması baş verə bilər və bunun üçün də məhkəmənin qərarına artıq ehtiyac olmayacaq.
“Bir qayda olaraq, əgər ölkədən çıxarılma haqqında qərar verilməlidirsə, bunu hüquq-mühafizə orqanları məhkəmənin qərarı olmadan bunu həyata keçirə bilərlər. Burada önəmli məqam ondan ibarətdir ki, bu günə qədər ölkə ərazisində yaşaması üçün hər hansı bir qanuni əsası olmayan şəxslər, bir qayda olaraq digər mülki əqdlər də bağlaya bilərdi. Müxtəlif, mülki proseslərdə də iştirak edə bilərdilər. Artıq fevralın 5-dən etibarən ölkə ərazisində qanuni əsasları olmayan və bu səbəbdən reyestrə daxil edilməyən əcnəbilər Rusiya ərazisində ev və ya maşın ala bilməzlər, kredit götürə bilməzlər, nikah bağlaya bilməzlər, ölkə ərazisində sərbəst hərəkət edə bilməzlər”-deyə Azər Allahverənov bildirib.
Azər Allahverənov qeyd edib ki, xüsusi rejim altında olan şəxslər üzərində konkret nəzarət var və bu nəzarətdən kənara çıxan hər hansı bir hərəkətlər olarsa, şəxs bir qayda olaraq deportasiya oluna bilər.
Deputatın sözlərinə görə, burada bir vacib məqam da ona bağlıdır ki, qanuni əsasları olmayan miqrantların reyestrə daxil edilməsi barədə qanun 2024-cü ilin avqust ayında Rusiya Federasiyasının prezidenti tərəfindən imzalanmışdır.
“Çox maraqlıdır ki, bu da həm də ölkə ərazisində təhlükəsizliyin artırılması üçün tətbiq olunan tədbir kimi də göstərilir. Yəni ən azından burada bir şəxsin, əgər ölkə ərazisində qanunsuz əsaslarının yaşaması faktı aşkarlanırsa, bu da təhlükəsizliklə bağlı olan məsələ sayılır. Bu səbəbdən də həmin şəxslə bağlı konkret rejimin işə salınması, təhlükəsizliyin artırılması ilə bağlı olan bir yanaşmadır. Bu qanun da fevral ayının beşindən etibarən qüvvəyə minib”-deyə Azər Allahverənov əlavə edib.